Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8952/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs X6) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə üçüncü şəxs X4 onun mülkiyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinin pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 25.1 1.2023 cü il tarixli , 1 ********* qeydiyyat No li çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzil əvvəl mərhum atasının mülkiyyətində olmuş və vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. İlqar Seyfəl oğlu onun qardaşıdır. X6 yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin ona düşən miras payını, 18 saylı notariat ofisində xx.xx.2022 ci il tarixdə bağlanmış 4 Ə-621 No li reyestrlə qeydə alınmış bağışlama müqaviləsinə əsasən, iddiaçıya bağışlamışdır. X6 10 ildən artıq müddəidir ki, mülkiyyətində olan ünvan 2 ünvanında yaşamır. Belə ki, X6 10 ildən artıq müddətdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yerləşən, özünün fərdi yaşayış evində yaşayır. Sadəcə olaraq həmin evin mülkiyyət sənədi olmadığından yaşadıqları evə qeydiyyata düşə bilmirlər. X4 ünvan 2 ünvanında yerləşən mənzildə olan 1/5 hissə payını xx.xx.2022 ci il tarixdə ona bağışladıqdan sonra, o, qarşılıqlı razılıq əsasında, qardaşı İlqarın ailə üzvləri (yoldaşı və oğlunun) onun mülkiyyətində olan həmin mənzildən qeydiyyatdan çıxmaları üçün qardaşı İlqara 20.000 manat məbləğində kompensasiya vermişdir. Bu faktı məhkəmədə şahidlər də təsdiq edə bilərlər. Bundan sonra İlqar Əlizadənin həyat yoldaşı və oğlu onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxaraq başqa ünvana qeydiyyata düşmüşlər. İlqar Əlizadə isə onun mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaqdadır. İlqar Əlizadənin onun mülkiyyətində olan mənzilində qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8952/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1977-ci il təvəllüdlü X11 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A ünvanında yerləşən sahəsi 81.92 kv.m olan 70 saylı mənzil (yeni qaydalarda: ünvan 61, M3, m1) xüsusi mülkiyyət hüququ ilə adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 90 saylı Mənzil Kommunal İstismar sahəsinin 162 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də ünvan 1 ünvanında qeydiyyatdadır. X2 yuxarıda göstərilən ünvanda qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə uzun müddətdir yaşamır. Məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********79 nömrəli məktubuna əlavə olunan hüquqmüəyyənedici sənədlərin surətindən görünür ki: - xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş-X3 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2020 - Asan 4, FİN:xxxxxxx, d/t xx.xx.1970) ünvan 1 ünvanında qeydiyyatda olan X7 (AA4112031, xx.xx.2022 - Asan 6, FİN:0Z6DCXJ, d/t xx.xx.1972) ünvan 1 ünvanında qeydiyyatda olan X5 (AZE********. 01.0.,2018 - Asan4 FİN13766N5S. d/t:xx.xx.1967) və onların hər biri miras əmlakdan 1/5 irs almalıdır. - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən “hədiyyə verən” X6 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81.92 kv.m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 1/5 hissəni “hədiyyə alan” İddiaçı mülkiyyətinə verir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2- 14932/24 nömrəli məktubunda bildirilmişdir ki, X6 xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 13-55/2-Ə-10277 nömrəli məktubda bildirilmişdir ki, X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmisiniz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1 Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən: 2 Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; 3 Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 4 Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyiniz halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsaəsn əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “...mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X1 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A ünvanında yerləşən 70 saylı mənzil (yeni qaydalarda: ünvan 61, M3, m1) ilkin olaraq X3 mülkiyyətində omuş, sonuncunun vəfatından sonra mənzilə mülkiyyət hüququ vərəsələr arasında paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmış, daha sonra vərəsələr, o cümlədən X6 həmin mənzilə mülkiyyət üzrə ona məxsus hissəsindən 1/5 hissəni xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə İddiaçı bağışlamış və məzilə tam xüsusi mükiyyət hüququ xx.xx.2023-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Beləliklə, iş üzrə mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənədlərdə iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxsin hər hansı əmlak hüquqlarının mövcud olduğu (qeydiyyat sənədləri, istifadə hüququnun olmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və s.) hazırkı məhkəmə icraatında müəyyən olunmamışdır. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 90 saylı Mənzil Kommunal İstismar sahəsinin 162 nömrəli arayışına əsasən X6 həmin mənzildə faktiki olaraq yaşamır. Yuxarıda qeyd edilən normaların və Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun olaraq məhkəmə bu nəticəyə gəlir ki, üçüncü şəxs iddiaçı ilə birlikdə yaşamayan, ona məxsus mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlak hüququ olmayan şəxs olduğundan, mənzilin mülkiyyətçisi üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X4 ünvan 1 (yeni qaydalarda: ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı: İddia tələbi təmin edilsin. X4 ünvan 1 (yeni qaydalarda: ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova