Məhkəmə qərarları › İş №2-1(112)-8953/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8953/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8953/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “məlumatların elektron sistemdən silinməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək faiz borclarının silinməsi və adının MKR -in qara siyahısından çıxardılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" QSC ilə bağlanmış xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən “Maqnit” mağazalar şəbəkəsindən 18 ay müddətinə qaytarılmaq şərtilə 2332 (iki min üç yüz otuz iki) manat məbləğində televizor almaq üçün kredit götürmüşdür. Lakin alınan məişət avadanlığı (televizor) qüsurlu (zavod qüsuru) çıxdığı üçün mağazaya etirazını bildirmiş, yenisi ilə dəyişdirilməsini tələb etmişdir. Lakin tələbi yerinə yetirilməmişdir. İddiaçı mağazaya bildirmişdir ki, yeni televizor ona təqdim edilməzsə, heç bir ödəniş etməyəcək. Qeyd edilir ki, mağazanın problemli kreditlər üzrə mütəxəssisinin sözlərinə görə, əsas borc bağlandıqdan sonra heç bir faiz borcunun ödənişinə ehtiyac olmadığı bildirilmişdir. Buna görə də, xx.xx.2014-cü ildə 2000 (iki min) manat məbləğində əsas borc üzrə ödəniş edərək borcu bağlamışdır. 2000 (iki min) manatdan əlavə iki ayın ödənişini etmişdir. Lakin Əmanətlərin Sığortalanması Fondunun kreditlərin idarə edilməsi departamenti tərəfindən xx.xx.2021-ci il tarixli, 2m200800476 saylı məktuba əsasən ləğv olunma prosesində olan "xxxx" QSC-yə 4 829 (dörd min səkkiz yüz iyirmi doqquz) manat məbləğində faiz borcu olduğu bildirilir. 2 332 (iki min üç yüz otuz iki) manat kredit məbləğinin (dörd min səkkiz yüz iyirmi doqquz) manat məbləğində faiz dərəcəsinə gəlməsi real bir şey deyil. Üstəlik, bu məbləğlə (2 332 manat) aldığı məişət avadanlığı (televizor) iddiaçıya təhvil verilməyib, yəni yenisi ilə əvəzlənməyib. Normalda vətəndaş kredit borcunu ödəmirsə, 3 ay sonra məhkəmə keçirilərək faiz borcu dondurulur. Üstəlik, faiz borclarının silinməsi ilə bağlı AR Prezidenti cənab İlham Əliyevin 28 fevral 2015-ci il tarixli Fərmanı da vardır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Mərkəzi banka ərizə ilə müraciət edilərək "xxxx" QSCnin ləğv edilməsinə görə oraya rəsmi müraciət edə bilmədi və buna görə ən qısa zamanda onun adının MKR-in qara siyahısından çıxardılması xahiş edilmişdir. X1 tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda müraciətinin Əmanətlərin Sığortalanması Fonduna göndərilməsi qeyd olunmuş və nəticəsi ilə bağlı ona və Mərkəzi Banka məlumat təqdim edilməsi bildirilmişdir. Belə ki, iddiaçı tərəfindən dəfələrlə edilmiş müraciətlərinin heç bir nəticəsi olmamış, faiz borcu bu günə qədər silinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra- İPM-in) 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın (Qayda) 3-cü hissəsinə görə məlumat təchizatçıları Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) məlumatları təqdim edir və onların dəqiqliyini təmin etməlidir. Qaydanın 3.10-cu bəndinə görə MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Qaydanın 2.1.2-ci yarımbəndinə görə məlumat təchizatçısı dedikdə - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı başa düşülür. Göründüyü kimi, məhkəmə qərarları istisna olmaqla, MKR-ə məlumatların təqdim edilməsi və ya sonradan həmin məlumatlara düzəlişlərin (dəqiqləşmələrin) aparılması yalnız kredit təşkilatı (və ya onun ləğvedicisi) tərəfindən həyata keçirilir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edilir ki, hazırki iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı iddia tələbi mümkün sayılmasın. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanmış 12 iyul 2023-cü il tarixli məktubun surətindən görünür ki, QSC "xxxx" KB ilə iddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** nömrəli Kredit müqaviləsi üzrə ona 18 (on səkkiz) ay müddətinə 2332 (iki min üç yüz otuz iki) manat məbləğində kredit verilmişdir. Bildirilir ki, iddiaçının ləğv prosesində olan QSC "xxxx" KB-yə xx.xx.2008-ci il tarixli ********** nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə, bank əməliyyat sistemində 4829.55 (dörd min səkkiz yüz iyirmi doqquz manat 55 qəpik) manat məbləğində faiz borc öhdəliyi mövcuddur. -Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiaçıya ünvanladığı xx.xx.2024cü il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciəti araşdırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə QSC “Bank Standard" KB- yə bank əməliyyatlarının aparılması üçün verilmiş xx.xx.1995-ci il tarixli, 236 nömrəli bank lisenziyası ləğv edilmişdir. 1 Saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1 (81)-4498/2016 saylı qərarı ilə QSC "xxxx" KB-nin müflis elan edilməsi və banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunması qərara alınmışdır. Odur ki, qeyd edilən məsələnin araşdırılması üçün iddiaçının müraciəti Fonda göndərilmişdir. Müraciətə baxılmasının nəticəsi ilə bağlı Fond tərəfindən iddiaçıya və Mərkəzi Banka məlumat təqdim ediləcəyi qeyd olunur. Məhkəmə, həm cavabdehə münasibətdə, həm də iddia tələbinin mahiyyəti baxımından iddianın mümkünlüyünün qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Belə ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İPM-in 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.5). Göründüyü kimi, tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Hazırkı iddiadan görünür ki, iddiaçının 2 tələbi mövcuddur: 1. Mərkəzləşdirilmiş kredit reyestrində borca dair məlumatların silinməsi. 2. "xxxx" QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə hesablanmış faiz borclarının silinməsi. İddiaçı bu tələblərlə bağlı həm ƏSF-yə, həm də Mərkəzi Banka müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilməmişdir. Bundan sonra iddiaçı müvafiq tələblə Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə birinci tələblə bağlı qeyd edir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanunu və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar” ilə tənzimlənir. “Kredit büroları haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən, mərkəzləşdirilmiş kredit reyestri - Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank) yaradılan mərkəzləşdirilmiş kredit reyestridir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 1616 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydasının 2.1.2-ci bəndinə əsasən məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatıdır. Həmin Qaydaların MKR-ə məlumatların təqdim edilməsi adlanan 3-cü hissəsindən: 3.2. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. 3.6. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. 3.9. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. 3.10. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. İstinad olunan normalardan göründüyü kimi, Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatların düzgün və vaxtında daxil edilməsi məlumat təchizatçıları, yəni müvafiq bankların (o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar) öhdəliyidir. Məhkəmə qeyd edir ki, inzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret göstərilmişdir. Hazırkı mübahisə üzrə məlumat təchizatçısı sayılan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Tələbin faiz borclarının silinməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edilir ki, bu tələb iddiaçı ilə "Bank Standard“ QSC arasında bağlanmış müqavilə öhdəliklərindən irəli gəldiyindən və mülki xarakterli olduğundan inzibati məhkəmə icraatının predmeti ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə (ləğvetmə prosesində olan bank tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə məlumatların daxil edilməsi və müqavilə üzrə faiz borclarının silinməsi) inzibati deyil, mülki xarakter daşıdığından, iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldildiyindən, iddiaya cavab verməli olan şəxs də inzibati orqan olmadığından işə inzibati qaydada baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin Plenum qərarındakı mövqeyə təkrar istinad edərək qeyd edir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7.). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17.). Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçı məqsədinə nail olmaq üçün Əmanətlərin Sığortalanması Fonduna qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar