Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8954/2022 05.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1994-cü il tarixdən 2015-ci il tarixədək almadığı dövr üzrə (müharibə veteranı təqaüdünün) prezident təqaüdünün ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, müharibə veteranı vəsiqəsi ona 2018-ci ildə verilsə də, onun müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət almaq hüququ məhz 1994-cü ildən yaranır. Cavabdehin nümayəndəsi iddiaya münasibətdə etiraz edir və etirazı onunla əsaslandırır ki, İddiaçı məhkəmə qərarına və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1.6-cı maddəsinə əsasən xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində 45 manat, xx.xx.2016-xx.xx.2018-ci illər aralığıbda isə 50 manat məbləğində ödəmə edilmişdir. Bununla belə İddiaçı iddia ərizəsində ona 1994-cü il tarixdən 1995-ci il tarixədək olan dövrlər üzrə sosial müavinət ödənilməsini tələb edirki bu da qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən iddiaçının tələbi əsassız hesab olunmalı və iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən ona müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi, yəni 1994-cü ildən – 02 fevral 2015-ci il tarixləri arasındaki fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Qeyd olunmalıdır ki, hazırkı işlə üzrə mövcud inzibati praktika onun göstərir ki, şəxs xx.xx.2019-cu il tarixdən, yəni “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvəyə mindiyi vaxtdan əvvəl müharibə veteranı statusu almışdırsa ona müavinət son üç il nəzərə alınmaqla ödənilir. Şəxs həmin tarixdən sonra veteran statusu qazanırdısa, ona ümumiyyətlə son 3 il üçün olan ödənişlər həyata keçirilmirdi. Göründüyü kimi iddianın təmin və ya rədd edilməsi əsası şəxsə veteran statusunun xx.xx.2019-cu il tarixdən əvvəl və ya sonra verilməsindən asılı olaraq müəyyən edilir. Hazırkı işin faktiki halları isə fərqlidir. Belə ki, hazırkı işin faktiki hallarına əsasən analoji işlərdən fərqli olaraq iddiaçı xx.xx.2019-cu il tarixdən əvvəl, yəni xx.xx.2018-ci il tarixdə veteran statusu qazanmışdır. Bundan sonra, iddiaçının müraciəti əsasında onun barəsinə məhkəmə qərarı (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-409/2019 saylı) qəbul edilmiş, müharibə veteranı adının və vəsiqəsinin verildiyi tarixdən üç il əvvəlki – 36 aylıq dövr üzrə ödənilməmiş müavinətin ödənilməsi DSMF –nin Yasamal rayon Şöbəsinə həvalə edilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar olaraq iddiaçıya xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində 45 manat, xx.xx.2016xx.xx.2018-ci illər aralığıbda isə 50 manat məbləğində ödəmə həyata keçirilmişdir (işin mübahisələndirilməyən halı). İddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi onun 1994-cü ildən 2015-ci ilədək sosial müavinətin cavabdeh tərəfindən ödənilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin mahiyyəti üzrə əsaslı olub-olmamasına münasibət bildirilməsi üçün əvvəlki dövrlər üzrə sosial müavinətlərin hansı əsaslar ilə ödənilməsi müəyyən edilməlidir ki, bu hissədə qiymətləndirilmənin aparılması aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirilir. “Sosial müavinətlər haqqında” Qanun: Maddə 1.0.1. Sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Qanunun: Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. 1-ci hissə 2-ci bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi, veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Fərmanın 2.1.1-ci yarımbəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Fərmanın 2.1.2-ci yarımbəndinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Yenə həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçıya buna səlahiyyətli olan dövlət orqanı tərəfindən veteran statusunun və vəsiqəsinin vaxtında verilməməsi iddiaçının veteranlar haqqında qanunvericilikdən irəli gələn hüquqlarına təsir etməli deyil. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci abzasına uyğun olaraq müharibə veteranıdır. Lakin müharibə veteranı statusundan irəli gələn hüquqlarını (o cümlədən, sosial təminat hüququnu) həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, o, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu (onun iradəsindən asılı olmayaraq) müraciət edilməzdən əvvəlki üç il üçün müavinətin ödənilməsini tələb edə bilər. Hazırki işin hallarından isə aydın olur ki, iddiaçı müharibə veteranı adı və vəsiqəsini xx.xx.2019-cu il tarixdən əvvəl, yəni xx.xx.2018-ci il tarixdə aldığından onun müharibə veteranları üçün nəzərdə tutulan müavinətlərin əvvəlki üç ilə görə almaq hüququ yaranmışdır ki, iddiaçı bu hüquqdan istifadə etmiş və məhkəmə qərarı ilə müharibə veteranı vəsiqəsinin aldığı gündən geriyə üç il olmaqla müavinətləri almışdır. Məhkəmə hesab edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericilik müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin müharibə veteranı vəsiqənin alındığı gündən təyin edilməsini və yalnız əvvəlki üç il üçün ödəmələrin aparılmasını şərtləndirdiyindən, iddiaçıya 1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək sosial müavinətin ödənilməsi mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-719/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçıya buna səlahiyyətli olan dövlət orqanı tərəfindən veteran statusunun və vəsiqəsinin vaxtında verilməməsi iddiaçının veteranlar haqqında qanunvericilikdən irəli gələn hüquqlarına təsir etməli deyil. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci abzasına uyğun olaraq müharibə veteranıdır. Lakin müharibə veteranı statusundan irəli gələn hüquqlarını (o cümlədən, sosial təminat hüququnu) həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, o, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu (onun iradəsindən asılı olmayaraq) müraciət edilməzdən əvvəlki üç il üçün müavinətin ödənilməsini tələb edə bilər.” Kassasiya instansiya məhkəməsinin oxşar mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-741/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında; 2-1(102)-1280/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında; 2-1(102)- 1140/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında; 2-1(102)-632/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında nümayiş etdirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8954/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8954/2022
05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver