Məhkəmə qərarları › İş №2-1(112)-8954/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8954/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8954/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya təyin olunması üçün məlumat vərəqəsinin tərtib olunaraq DSMF-yə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 11-ci (ştatlar ixtisar edildikdə) bəndinə əsasən iddiaçının Azərbaycan Respublikası Daxili İşləri Nazirliyinin xətti ilə pensiya təyin edilməsi üçün onun məlumat vərəqəsi tərtib olunaraq pensiya təyin olunması üçün DSMF (XŞTMF) göndərilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2024-cü il tarixdə ona məktub ünvanlayaraq imtina vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraza əsasən, İddiaçı xx.xx.1972-ci ildə anadan olmuş, orta ixtisas təhsillidir, xx.xx.1991 xx.xx.1992-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2001-ci ildən xx.xx.2017-cı il tarixədək daxili işlər orqanlarında xidmət etmiş, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edərkən həmin idarənin müvafiq əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə) xidmətdən xaric olunmuşdur. İddiaçı xidmətdən xaric olunduğu günə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, imtiyazlı hesablama ilə 23 il, 11 ay, 19 gün təşkil etmişdir. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Həmin Əsasnamənin 145-ci maddəsinə əsasən daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5-ci maddəsinə əsasən (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada) aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: (9.5.1.) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (9.5.2.) hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; (9.5.3.) hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. Göstərilənlərə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmuş zəruri xidmət stajı (20 təqvim ili) olmadığından, ona daxili işlər orqanlarının xüsusi rütbəli əməkdaşı kimi xidmət illərinə görə pensiya təyin olunması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: H3 № ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək orduda xidmət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X1 və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 54 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı xx.xx.1989-cu il tarixində (Əmr № 40k) 5 №-li Texniki Peşə Məktəbinə təhsil müddəti 1 il olan “Elektro cihazlar üzrə elektrik montyoru” ixtisası üzrə (əyani) qəbul olmuş, 23.07 1990-cı ıl tarixində (Əmr № 47k) “Elektro cihazlar üzrə elektrik montyoru” ixtisası üzrə 5 Ne-li Texniki Peşə Məktəbini bitirmişdir. BB-İİ № 013634 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 2000-2003 dövrlərdə Bakı Sənaye Pedaqoji Texnikumunda “Nəqliyyatda daşıma və idarəetmənin təşkili” ixtisası üzrə təhsil almışdır. ИТ ******* №-li əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1993-xx.xx.1999-cu il tarixlərdə fəhlə işləmiş, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər oqranlarında xidmətə qəbul edilmiş və xx.xx.2017-ci il tarixdə xidmətdən xaric edilmiş, xx.xx.2020-ci il tarixdə “Retro” Holding” MMC-nin İnsan Resursları və Təhlükəsizlik Departamentinin nəzarətçi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli, 3-13-27/2-V-229xx/xx/2024 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, DİN-in Baş Kadrlar İdarəsindən daxil olan məlumata əsasən Siz Sabunçu RPİ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsindən xx.xx.2017-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) xaric edilərkən daxili işlər orqanlarında xidmət illəri təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, imtiyazlı hesablama ilə 23 il, 11 ay, 19 gün təşkil etmişdir. Xidmətdən tərxis olunduğu vaxtda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinə əsasən, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların, eyni zamanda hərbi qulluqçu kimi əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, təqvimi xidmət illəri qanunla nəzərdə tutulduğundan (20 il) az olduğu üçün ona hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2017-ci il tarixədək DİN-ə bilavasitə tabe olan X2 Alayının polis nəfəri, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifələrində xidmət etmiş və xx.xx.2017-ci il tarixində “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarı ilə müəyyən edilmiş hesablama qaydasına və İddiaçı arxiv şəxsi işinə əsasən onun təqvimi xidmət müddətinə xx.xx.2001-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (16 il, 04 ay, 14 gün) daxili işlər orqanlarında xidmət müddəti və xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixdək (11 ay, 02 gün) müddətli həqiqi hərbi xidməti daxildir. İmtiyazlı xidmət müddətinə isə xx.xx.2004-cü ildən xx.xx.2017-ci il tarixədək Daxili İşlər Nazirliyinin X2 Alayında (06 il, 04 ay, 21 gün) güzəştli xidməti (1 günü gün yarım hesabı ilə) daxildir. İddiaçı hazırda daxili işlər orqanlarının əməkdaşı kimi ona pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin verilməsini xahiş edir. İddiaçının xidmətdən tərxis olunduğu tarixə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. 145-ci maddəsinə əsasən daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün əməkdaşın azı 20 təqvim ilinin olması əsaslı şərtdir. Lakin iş materiallarından isə iddiaçının xidmətdən tərxis olunanadək xidmət illərinin 20 təqvim ilindən az olduğu müəyyən edilmişdir. Bundan əlavə, iddiaçının 12 il 6 ayından artıq xidmət müddəti olsa da, o, hərbi xidmətdən yaşa görə deyil, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən(daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə xaric edilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar