Məhkəmə qərarları › İş №2-1(112)-8956/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8956/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8956/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin "xxxx"Firması (VÖEN **********) mülkiyyətində olan əmlakı üzərinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 aprel 2010-cü il tarixli, 2(82)- 652/2010 saylı qərardadı ilə qoyulmuş məhdudiyyətin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2015-cü il tarixli, 2(82)-513/2015 saylı qərardadına əsasən götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" firması 20 may 1994-cü il tarixində təsisçiləri X5 55 faiz, X8 25 faiz və Əhməd (Əhmədov) Çingizxan İsax oğlu 20 faiz nizamnamə kapitalında payları əmlak və puldan ibarət olmaqla 1 №li protokol ilə təsis edilmiş, 18 avqust 1994-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq 15145 saylı şəhadətnamə verilmişdir. Nizamnamə, təsis müqaviləsi və şəhadətnamə 1 saylı Bakı Ərazi İdarəsində saxlanılmaqdadır. Nizamnamənin 22-ci bəndində qeyd olunur ki, müəssisənin əmlakı təsisçinin əmlakıdır və tam təsərrüfat hüququ ilə müəssisəyə məxsusdur. İlkin olaraq xx.xx.1997-ci il trixində "xxxx"firmasına məxsus əmlaka dair Seriya MH 100613 №-li Qeydiyyat Vəsiqəsi verilmişdir. Bundan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-2672 2002 saylı qətnaməsi ilə iddia təmin edilərək 18 avqust 1994-cü il tarixdə 15145 № ilə dövlət qeydiyyatından keçmiş “Mayıllıfirmasının bütün əmlakının 25 faizi naturada ayrılaraq X6 verilməsi, Bakı şəhəri Tİ və MHQİ tərəfindən “Mayıllı firmasıma xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 25 faizinə ayrıca qeydiyyat vəsiqəsi vermək vəzifəsi həvalə olunması, “Mayıllıfirmasına məxsus bütün dəzgah və avadanlıqlar təyinatına zərər vurulmadan bütün kommunal və digər xidmətlərdən istifadə qaydaları ilə bərabər mütənasib şəkildə bölünərək 25 faizi X7 verilməsi qət edilmişdir. Qətnamə icra olunaraq QYM seriyalı, 001504 №-li, xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Belə ki, həmin qətnamədə əks olunmuşdur ki, "xxxx"firmasının nizamnaməsinin 3.1-ci bəndinə əsasən nizamnamə fondundakı payın 55%-X3, 25%-X4, 20%-İddiaçı mülkiyyətindədir...İddiaçı "xxxx" firmasının nizamnaməsinə əsasən 20% əmlakda payı vardır. Yuxarıdan göründüyü kimi digər təsisçi X4 25% payına uyğun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 21 aprel 2010-cü il tarixli, 2(82)-652/2010 saylı qərardadı ilə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh X4 mülkiyyətində olan 25%-nin üzərinə həbs qoyulmuşdur və bu səbəbdən də "xxxx" firmasının ümumi əmlakı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən nəzarətə götürülmüşdür. Tərəfimdən 06 mart 2015-ci il tarixində 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinə ərizə ilə müraciət olunaraq 21 aprel 2010-cü il tarixli, 2(82)-652/2010 saylı qərardadı ilə qoyulmuş həbsin ləğvinə dair qərardad çıxarılmaqla 1 saylı Bakı Ərazi İdarəsinə qanuna müvafiq qaydada rəsmi məlumat çatdırılmasının təmin olunması xahiş edilmiş, ərizə təmin olunmuşdur. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 16 mart 2015-cü il tarixli, 2(82)-513/2015 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 aprel 2010-cü il tarixli, 2(82)-652/2010 saylı qərardadı ilə iddianın təmin tədbiri kimi Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh X4 mülkiyyətində olan 25%-nin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. X1 varisi X9 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2015-cü il tarixli, 2(82)-513/2015 saylı qərardadının əslini 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edib həbsi götüzdürərək 06.5.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********42-06301 reyestr nömrəli çıxarış almışdır. Lakin 1 saylı Bakı Ərazi İdarəsi əməkdaşlarının səhlənkarlığı ucbatından "xxxx" firması əmlakının üzərindən nəzarət, qadağa götürülməmişdir və hal-hazıra kimi qalmaqdadır, baxmayaraq ki, 16 mart 2015-cü il tarixli, 2(82)-513/2015 saylı qərardadının əsli 1 saylı Bakı Ərazi İdarəsində saxlanılır və işin içindədir. Onu da bildirir ki, məhkəmə hökmünə əsasən X5 xx.xx.2015- ci il tarixindən "xxxx" firmasının prezidenti vəzifəsindən xaric edilmişdir və həmin tarixdən hal-hazıra kimi "xxxx" firmasının qanuni təmsilçisi yoxdur. Yuxarıda qeyd etdiklərimə uyğun məzmunlu ərizə ilə xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək "xxxx" Firmasına (VÖEN **********) məxsus olan əmlak üzərindən məhdudiyyətin götürülməsini xahiş etmişdim. Belə ki, "xxxx" firmasının nizamnaməsinə əsasən 20 faiz payıma uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən adıma çıxarışın verilməsi üçün xx.xx.2025-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edən zaman əməkdaş xanım sistemə baxaraq bildirmişdir ki, "xxxx" firmasının mülkiyyətində olan əmlak üzərində 2(82)- 652/2010 saylı işlə əlaqəli nəzarət var, həmin nəzarət götürülməyənə kimi müraciətiniz təmin olunmayacaq. Göründüyü kimi həmin qeyri-qanuni nəzarət onun mülkiyyət hüququnu pozur, 20 faiz payına uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın verilməsinə mane olur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı tərəflə iddianın mümkünlüyü ilə bağlı məsələlər müzakirə edildi. İddiaçı iddianın mümkün hesab edilərək mahiyyəti baxılıb iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbindən görünür ki, iddiaçı "xxxx" Firmasının mülkiyyətində olan əmlakın üzərinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 aprel 2010-cü il tarixli, 2(82)- 652/2010 saylı qərardadı ilə qoyulmuş məhdudiyyətin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2015-ci il tarixli, 2(82)-513/2015 saylı qərardadına əsasən götürülməsini öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, aşağıdakı əsaslara iddia mümkünlük şərtlərini ödəmir: 1) iddiaçı hüquqi şəxsin əmlakı ilə bağlı məhkəmədə öz adından iddia vermək üçün subyektiv hüquqa malik deyildir; 2) iddiaçı hüquq marağına çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən isitifadə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. İPM-in: 25.0. İnzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: 25.0.1. fiziki və ya hüquqi şəxslər; ... 26.2. Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. 31.1. İnzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. MPM-in: 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü tələb "xxxx" Firmasının və digər şəxslərin paylı mülkiyyətində olan əmlakla bağlıdır. İddiaçı isə, üzərindən məhdudiyyətin götürülməsini xahiş etdiyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi deyildir. Odur ki, iddiaçı mülkiyyətində olmayan əmlakla bağlı hər hansı tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, qeyd olunan iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ, hüquqi şəxs olan "xxxx" Firmasına aiddir. Digər tərəfdən ümumiyyətlə iddia tələbi üzrə düzgün hüququ müdafiə vasitəsindən də istifadə edilməmişdir. Belə ki, iş materriallarından müəyyən edilir ki, qeyd olunan daşınmaz əmlaka məhdudiyyət məhkəmə qərardadı ilə qoyulmuşdur. Odur ki, məhdudiyyətin götürülməsi üçün həmin məhdudiyyəti qoymuş məhkəməyə ərizə ilə müraciət edilməlidir. Qeyd edilən məsələ ayrıca iddia qaydasında həll edilə bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar