Məhkəmə qərarları › İş №2-1(112)-8958/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8958/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8958/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçılar İddiaçı1 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 116) və İddiaçı2 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 116) iştirakları ilə, iddiaçılar - İddiaçı1 və İddiaçı2 cavabdeh -Cavabdehnə qarşı “adın dəyişdirilməsinə icazə verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı X1 adının dəyişdirilərək “Daniel-Elmir” qoyulmasının qanunamüvafiq hesab edilməsi və doğum akt qeydində uşağın Daniel adının Daniel-Elmir adına dəyişdirilməklə Zeynalov Daniel-Elmir Fuad oğlunun adına yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin Yasamal rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5022/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 övladı 03 fevral 2020-ci il təvəllüdlü X1 adının Daniel-Elmir adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. (hakim M.Qarayeva) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1135/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5022/2020 nömrəli iş üzrə 30 noyabr 2020ci il tarixli qərarının ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş məhkəməyə daxil olduqdan sonra İPM-in 13-cü maddəsinə iddiaçılara əsasən hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi tövsiyə olunmuşdur. İPM 13-cü maddəsi əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçıların “övladları X1 adının Daniel-Elmir adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı1 03 fevral 2020-ci il tarixdə İddiaçı2 ilə birgə nikahlarından oğlan övladları dünyaya gəlmişdir. 13 fevral 2020-ci il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə alınmış və həmin şəhadətnamədə uşağın soyadı, adı və atasının adı müvafiq olaraq X2 qeyd edilmişdir. Bundan bir müddət sonra, onlar uşağın adının dəyişdirilməsi və uşağa Daniel-Elmir adının verilməsini qərarlaşdırmışlar. Bununla əlaqədar olaraq, Yasamal rayon Qeydiyyat Şöbəsinə ərizə təqdim etmişlər. Qeydiyyat Şöbəsinin 14 fevral 2020-ci il tarixli 05/76- 385/13 saylı məktubu ilə ərizələrinin icrası təmin edilməmiş və adın dəyişdirilməsi üçün müvafiq İcra Hakimiyyəti orqanına (burada yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına) müraciət etməli olduğunu bildirmişlər. O, və həyat yoldaşı ərizə ilə Cavabdehnə müraciət etmişlər. Cavabdeh başçısının müavini Təravət Muradovanın 03 mart 2020-ci il tarixli 2-14-164 saylı məktubu ilə Ailə Məcəlləsinin 189-cu maddəsinə istinad edilmiş və vətəndaşların öz adının və soyadının, atasının adının dəyişdirilməsinə 18 yaşa çatdıqdan sonra yol verilir məfhumu ilə əsassız bir cavab verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, AZ-İV № 370958 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2020-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 05/76 1440/15 saylı 05 avqust 2020-ci il tarixli məktubla göndərilmiş doğum akt qeydindən aydın olur ki, X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İddiaçı2, atası İddiaçı1 müəyyən olunaraq ona akt qeydi əsasında seriya AZ- İV № 370958 doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Cavabdeh iddiaçıların ərizəsini təmin etməkdən imtina edərək xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən “...vətəndaşların öz adının və soyadının, atasının adının dəyişdirilməsinə 18 yaşa çatdıqdan sonra yol verilir”. “Dövlət dili haqqında” Qanunun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir. Həmin Əsasnamənin 1.2-ci bəndinə görə komissiya ictimai əsaslarla fəaliyyət göstərir və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur. Həmin Əsasnamənin 2.1-ci bəndinə görə komissiyanın əsas vəzifələri aşağıdakılardır: 2.1.10. müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tariximənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi; 2.1.11. orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 32. Şəxsi toxunulmazlıq hüququ İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Maddə 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın ...32-ci... maddələrində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün ... məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.3 və 1.4-cü bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Ailə Məcəlləsi: Maddə 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Maddə 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Maddə 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya: Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mentzen Latviyaya qarşı” iş üzrə qərarındakı hüquqi mövqeyinə görə, "Mentzen" soyadının "Mencena" olaraq köçürülməsi zamanı Latviya orqanları bir tərəfdən soyadın yazılı formasını uyğunlaşdırmaq, digər tərəfdən isə adın tələffüzünü Latviya qrammatikasının xüsusiyyətlərinə uyğunlaşdırmaq məqsədi daşıyan xarici mənşəli soyadların və adların istifadəsini tənzimləyən qanuni və tənzimləyici müddəaları tətbiq etdilər. Nəticə etibarilə, Məhkəmə, iddianın adın məcburi dəyişdirilməsi deyil, adın istifadəsinin tənzimlənməsinə aid olduğunu düşünür. Məhkəmə qeyd edir ki, şəxs adlarının verilmə prinsiplərini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Oxşar işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hazırkı qərarın 29-cu bəndində göstərilən hüquqi mövqeyindən də görünür ki, ad və soyadın seçilməsi hər bir dövlətin özünəməxsus orfoqrafik qaydalarından asılı olduğundan, bu sahədə dövlət orqanlarına müvafiq ad və soyadın qoyulmasına razılıq verilib-verilməməsi istiqamətində geniş səlahiyyətlər verilmişdir. Bununla bağlı AİHM-nin qeyd etdiyi və hazırkı işin hallarına da uyğun olan əsas mövqeyi ondan ibarətdir ki, soyadların və adların verilməsi, tanınması və istifadəsi prosesi, milli xüsusiyyətlərin ən güclü olduğu və Razılığa gələn Dövlətlərin daxili qaydaları arasında praktik olaraq heç bir yaxınlaşma nöqtəsinin olmadığı bir sahədir. Bu sahə, Avropa Şurasına üzv dövlətlər arasındakı böyük müxtəlifliyi əks etdirir. Bu ölkələrin hər birində adların istifadəsi tarixi, dil, dini və mədəni mahiyyətli bir çox amildən təsirlənir ki, ortaq məxrəc tapmaq son dərəcə çətindir, hətta mümkün deyil. Nəticə etibarilə, dövlət orqanlarının bu sahədə istifadə etdikləri səlahiyyətlər həddi xüsusilə genişdir. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, adın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Ad və soyadın qoyulması və ya dəyişdirilməsi şəxsi və ailə həyatının toxunulmazlığı ilə əlaqədardır ki, bu hüquq da Konstitusiyanın 32-ci maddəsində təsbit olunmuşdur. Yuxaqrıdqa qeyd edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda göstərilən normaların məzmunundan isə görünür ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Məhkəmə belə nəticəyə gəlir ki, “Daniel-Elmir” adının qoyulması Azərbaycan dilinin milli köklərinin və orfoqrafik qaydalarının qorunmasına zidd olduğundan hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddiaçıların övladları X1 adının Daniel-Elmir adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia təmin edilməsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar