Məhkəmə qərarları › İş №2-1(112)-8959/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8959/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8959/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Solmaz Elçin qızı Əsədzadənin katibliyi, tərcüməçi X1, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 18.11.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə (bundan sonra mətndə DSMF Suraxanı rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TSEK-nın müayinə aktını əsas tutaraq düzəliş edilməsi və əmək zədəsinə görə aylıq sığorta ödənişinə yenidən baxılması, hesablanması və ödənilməsi, Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanını əsas tutaraq ona təyin edilmiş müavinətlə əlaqədar çıxarılan qərarların etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, DSMF Suraxanı rayon şöbəsinin aylıq müavinətin ödənilməsi barədə 28.08.2009-cu il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, DSMF Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası “X5” 07 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli Qanunun 12 və 22-ci maddələrinə əsasən çıxarılmış qərarların və Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanına əsasən müavinətlə əlaqədar çıxarılan qərarların əsassız hesab olunmaqla etibarsız sayılaraq, Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 999 – İİİ Q №li Qanunun 16-cı maddəsinə əsasən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, DSMF Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası “X5” Qanunun 12-ci maddəsinə əsasən 01.03.1993-cü il tarixdə çıxarılmış qərarın və Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanına əsasən müavinətlə əlaqədar çıxarılan qərarların əsassız hesab olunmaqla etibarsız sayılması və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, 01.03.1993-cü il tarixdən hazırki vaxtadək onun pozulmuş hüquqlarının bərpa edilməsi barədə qərar çıxarlmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası “X5” Qanunun 11.1-ci maddəsinə əsasən DSMF Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası “X5” 54-İİİQ nömrəli Qanunun 12-ci maddəsinə əsasən 01.03.1993-cü il tarixdə çıxartdığı qərarın əsassız və etibarsız sayılması, 01.03.1993-cü il tarixdən hazırki vaxtadək pozulmuş hüquqularının bərpa edilməsi, Azərbaycan Respublikasının Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanına əsasən DSMF Suraxanı rayon şöbəsi tərəfindən müavinətlə əlaqədar çıxarılan qərarın əsassız və etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 29.04.1987-ci il tarixli 63/K saylı əmrə əsasən Bakı Avtomobil zavodunda nəqliyyat sexinə yükləyici vəzifəsinə təyin olunmuşdur. 19.01.1988-ci il tarixində istehsalatda əmək xəsarəti almışdır (20.01.1988-ci il AKT №2). O, TSEK-nin 13 iyun 1988-ci il tarixli, 512 saylı müayinə aktına əsasən əmək xəsarətinə görə İİİ dərəcəli əlil kimi 60% Peşə əmək qabiliyyəti itirilmiş, TSEK-nin 29.03.1990-cı il tarixli 85 saylı müayinə aktına əsasən əmək xasərətinə görə İİ dərəcəli əlil kimi 80% əmək qabiliyyəti itirilmiş, TSEK-nin 03.02.1992-ci il tarixli № 096223 müayinə aktından 89 saylı çıxarışa əsasən əmək xəsarətinə görə İİ dərəcəli əlil 80% əmək qabiliyyəti itirilmiş, TSEKnin 12.02.1993-cü il tarixli № 075960 müayinə aktından 187 saylı çıxarışa əsasən istehsalatda əmək xəsarətinə görə İİ dərəcəli əlil 80% əmək qabiliyyətini itirmiş, TSEK-nin 12.06.1997-ci il tarixli 047236 saylı müayinə aktından 746 saylı çıxarışa əsasən əmək xəsarətinə görə İİ dərəcəli əlil 80% əmək qabiliyyətini itirmiş (müddət ömürlük) hesab edilmişdir. O, 15.07.2019-cu il tarixli qeydiyyat nömrəsi 10 olan ərizə ilə müraciət edərək, pensiyasının yenidən hesablanmasını xahiş etmiş və 22.07.2019-cu il tarixli ********* saylı məktubla cavab almışdır. 01.01.2006-cı ildə Həkim Ekspert Komissiyasının qərarı ilə İİ qrup ömürlük əlillik təyin edilmişdir və buna əsaslanaraq, əmək pensiyası təyin edilmiş və ödənilmişdir. 28.10.2019-cu il tarixli **********8 saylı, 05.11.2019-cu il tarixli **********8 saylı ərizələrlə müraciət edərək, DSMF-nin Suraxanı rayon şöbəsindən əmək zədəsinə görə ödənilən aylıq sığorta ödənişinə yenidən baxılmasını və hesablanmasını xahiş etmiş və 07.11.2019-cu il tarixli **********9 saylı məktubla cavab almışdır. 12.06.1997-ci ildə əlilliyin müddəti ömürlük müəyyən olunmuşdur. Cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası “X5” Qanunun tələblərinə uyğun olaraq 9 il 6 ay 13 gün sığorta stajı ilə ona əmək pensiyası hesablanmış, təyin edilmiş və ödənilmişdir. 29.10.2019-cu il tarixində **********8 saylı ərizə ilə cavabdehə müraciət etmiş və cavabdehdən 01.11.2008-ci il tarixindən nə əsasla ona 60 manat müavinətin əmək xəsarətinə görə verildiyini soruşmuş və 31.10.2019-cu il tarixli **********00 saylı məktubla cavab almışdır. Məktubda 01.11.2008-ci il tarixindən əmək xəsarətinə görə 80% əmək qabiliyyətinin itirməsinə görə şöbə tərəfindən ona hal-hazıradək müavinatin o əsasla ödənildiyi bildirilmişdir ki, 28.08.2009-cu il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməyə verilməsi ilə əlaqədar olaraq ərizə ilə müraciət etmiş və ona Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il avqust tarixli 804 saylı Fərmanına uyğun ödənilir. Özəlləşdirilməsi başa çatmamış Dövlət müəssisəsinin siyahısında (sıra №-si 51) Bakı Avtomobil Sənayəsinin (№ 242) 27.11.2001-ci ildə adı qeyd edilmişdir. 22.10.2019-cu il tarixli qeydiyyat № ********** olan ərizə ilə müraciət etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı tarixin ona məlumat verilməsini xahiş etmiş, 01.11.2019-cu il tarixli qeydiyyat nömrəsi **********66 olan məktubla cavab almışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinin üzvlərinə güzəştli satışı ilə əlaqədar zəruri tədbirlər Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanına uyğun olaraq müəssisədə yaradılan özəlləşdirmə komissiyası tərəfindən həyata keçirilmişdir. 04.03.2002-ci il tarixli Sərəncam № 86 Bildiriş № 0022692. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1896/2020 №li iş üzrə qəbul etdiyi 26 noyabr 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı müraciətinə yenidən baxılması öhdəliyinin cavabdeh DSMF Suraxanı rayon şöbəsinə həvalə edilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi tərəfindən əsl olmayan cavabdeh DSMF Suraxanı rayon şöbəsi əsl cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunaraq, məhkəmənin 2- 1(103)-1197/2021 saylı 20 may 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1896/2020 №li iş üzrə qəbul etdiyi 26 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, məhkəmə tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməsi üçün bir necə dəfə məhkəmə iclası təxirə salınsa da, daha sonra iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilsə də, həmin ərizədə iddiaçının iddia tələbinin dəqiq nədən ibarət olması müəyyən edilməmişdir. İPM-nin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlərə əsasən işə yenidən birinci instansiya qaydasında baxılarkən məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya 30 iyul 2021-ci il tarixli məktub ünvanlanaraq, iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılmaqla, iddia tələbinin dəqiqləşdirilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə 29.09.2021-ci il və 22.10.2021-ci il tarixlərdə ərizələr təqdim edərək, DSMF Suraxanı rayon şöbəsi tərəfindən 1993-cü il tarixdən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aylıq sığorta ödənişinin ödənclərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi, DSMF Suraxanı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 04.08.2008-ci il tarixli 804 №li Fərmanı əsas tutulmaqla 03.09.2009-cu il tarixdə qəbul edilmiş 01.11.2008-ci il tarixdən aylıq müavinətin ödənişinə dair qərarının qanunsuz və əsassız hesab edilməklə, ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 20.10.2021-ci il tarixli **********9 №li etirazda göstərilmişdir ki, aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: Qeyd etmək lazımdır ki, iddiaçının işləmiş olduğu "xxxx" ASC 19.01.1988-ci il tarixdən etibarən istehsalat qəzası nəticəsində əmək zədəsi aldığı üçün ona aylıq ödəniş təyin etmişdir. Müəssisə 01.11.2008-ci il tarixədək vətəndaşa aylıq ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş müqaviləyə əsasən DSMF Suraxanı rayon şöbəsi tərəfindən 01.11.2008-ci il tarixdən etibarən İddiaçı 60 manat məbləğində müavinət təyin edilmişdir. 01.02.2016-cı il tarixdən edibarən ödənişin miqdarı 66 manat təşkil edir. Halhazırda ödəniş davam etdirilir. Digər ödəniş qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu o deməkdir ki, hazırki iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab vermir. Başqa sözlə iddiaçı cavabdehin imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi müavinətin təyin edilməsi və ya artıq buna qədər təyin edilmiş lakin ödənilməmiş hər hansı müavinətin ödənilməsi ilə nəticələnə bilsin. Odur ki, hazırkı məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia olunan illərin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya müavinət ödəmək öhdəliyi yaransın. Bu səbəblərdən də iddia tələbi mümkünsüz hesab edilməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələbləri onu ehtiva edir ki, inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyqun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi hüquq normalarıdır. Bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 26.09.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının“ 2-ci maddəsinə əsasən bu Qaydalar: "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Yuxarıda qeyd olunan fərmanın 5-ci bəndində qeyd edilir ki: 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş, Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasının 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Şöbələr bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödəncin verilməsini dayandırırlar. Müqavilə formasında qeyd edilən müddəaya əsasən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 05.03.2020-ci il tarixli məktubda qeyd edilir: "xxxx" ASC-nin ümumi səhmlərinin 0,77%-i güzəştli satışda satılmış, qalan 99,23%-i isə dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin 04.08.2008-ci il tarixli 804 nömrəli Fərmanında müəssisələrin özəlləşdirilməsi ilə bağlı məlumatın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edildiyi qeyd edilmişdir. Qeyd etmək lazimdır ki, hazırda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna daxil olan siyahıda "xxxx" ASC özəlləşməsi başa çatmamış müəssisələr sırasında qeyd edilmişdir. Həmin siyahı cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmişdir. Qaydaların adından da aydın olur ki, aylıq müavinəti almaq üçün əsas şərt şəxsin işlədiyi müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi və özəlləşdirilməsi başa çatmamış olmasıdır. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəməyə göndərdiyi cavab məktubunda sözügeden müəssisənin özəlləşdirilməsinin başa çatdığı qeyd edilir. Bu məlumatın inzibati orqana verilməməsi nəticəsində vətəndaşa aylıq müavinətləri verilməsi davam edir. Hesab edirik ki, qeyd edilən hallar məhkəmə tərəfindən tam və dəqiq şəkildə araşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qərarında "xxxx" ASC-nin müəssisənin özəlləşməsinin başa çatdığı qeyd edilir. 04.08.2008-ci il tarixli 804 nömrəli fərmana əsasən özəlləşməsi başa çatmış müəssisələrin yaranmış borcların Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməsi dayandırılır. Belə olan halda İddiaçı ödənilən aylıq müavinət cavabdeh orqan tərəfindən dayandırılmalı və müəssisəyə həvalə edilməlidir. Bu məsələnin məhkəmə tərəfindən aydınlaşdırılması zərurəti vardır. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsini (ərizəyə edilmiş əlavələrə) uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xaiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavələri və digər sənədləri nəzərdən keçirərək, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. - İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 29.04.1987-ci il tarixdən 01.02.1990-cı il tarixinədək Bakı İxtisaslaşdırılmış Avtomobil Zavodunda işləmişdir. - ƏƏSMN Suraxanı rayon HƏEK 12.06.1997-ci il tarixli 047236 nömrəli müayinə aktından çıxarışa əsasən İddiaçı əmək xəsarətinə görə İİ dərəcəli əlillik (ömürlük) müəyyən edilməklə 80% əmək qabiliyyətini itirməsi qeyd olunmuşdur. - Müavinət təyinatı üzrə ƏSM Mərkəzinin (Suraxanı rayon) 184 №li 03.09.2009-cu il tarixli qərarına əsasən İddiaçı əmək qabiliyyətini 80% itirməsinə görə 01.11.2008-ci il tarixdən aylıq 60 manat məbləğində ömürlük müavinət təyin edilmişdir. - Suraxanı rayon sosial təminat şöbəsinin 01.03.1993-cü il tarixli qərarına əsasən İddiaçı 01.03.1993-cü ildən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən pensiya təyin edilmişdir. - DSMF Suraxanı rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.12.2019-cu il tarixli və 24.01.2020-ci il tarixli məktublarda göstərilmişdir ki, vətəndaş İddiaçı 28.08.2009-cu il tarixdə "xxxx" ASC-nin özəlləşməyə verilməsilə bağlı şöbəyə ərizə ilə müraciət etmişdir. İddiaçı həmin müəssisədə 19.01.1988-ci il tarixdə istehsalat qəzası almış nəticədə əmək qabiliyyətinin 80%-ni itirmişdir. Müəssisə 01.11.2008-ci il tarixədək vətəndaşa aylıq ödəniş etmişdir. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarına uyğun olaraq vətəndaş İddiaçı 80%-lə 01.11.2008-ci il tarixdən 60 manat, 01.02.2016-cı il tarixdən isə 66 manat müavinət təyin edilmişdir. Hal-hazırda ödəniş davam etdirilir. Digər ödəniş Qanunvericilikdə nəzərdə tutulmamışdır. İddia tələbindən məlum olur ki, hazırda İddiaçı cavabdeh DSMF Suraxanı rayon şöbəsinin ona əmək qabiliyyətini 80% itirməsinə görə 01.11.2008-ci il tarixdən aylıq 60 manat məbləğində ömürlük müavinət təyin edilməsi barədə 184 №li 03.09.2009-cu il tarixli qərarın ləğvini məhkəmədən xahiş edir. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin olaraq, 18.11.2019-cu il tarixdə məhkəməyə təqdim olunmuş iddia ərizəsində ona təyin edilmiş müavinətlə əlaqədar çıxarılan qərarların etibarsız sayılması xahiş olunmuş, bundan sonra iddiaçı məhkəməyə bir neçə dəfə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və sonuncu dəfə 29.09.2021-ci il və 22.10.2021-ci il tarixlərdə məhkəməyə iddianıln dəyişdirilməsi barədə ərizələr təqdm edərəh, mübahisələndirilən qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı 03.09.2009-cu il tarixli 184 №li qərarın qəbul edildiyi vaxtdan ona ödənişlərin həyata keçirildiyini, lakin həmin qərarın rəsmi qaydada ona yalnız 2016-cı ildə təqdim olunduğunu bildirmişdir. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq olaraq qərarı aldığı müddətdən (bildirdiyinə görə 2016-cı ildə) 3 (üç) il, həmin qərarın qəbul olunduğu vaxtdan isə 10 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 03.09.2009-cu il tarixli 184 №li qərarının ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar