Məhkəmə qərarları › İş №2-1(112)-8961/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8961/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8961/2022 16.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X9 və X10) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 və X4 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 28 mart 2014-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili almışdır. Müqavilə bağlanarkən həmin mənzildə X6, X7, azyaşlı övladları X9 və X10 qeydiyyatda olmuşlar. Şifahi razılaşmaya əsasən onlar qeydiyyatdan çıxacaqlarını bildirsələr də, əsassız olaraq pasport qeydiyyatından çıxmamışlar ki, bu da onun hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Bundan sonra iddiaçı cavabdehlər X2 və X1 “istifadə hüququna xitam verilməsi” tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4391/2019 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmiş, qətnamənin cavabdehlər X2 və X1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 3-cü korpus, 170 saylı evdən pasport qeydiyyatından çıxarılması üçün əsas olması qət edilmişdir. Lakin bu günə kimi X2 və X1 azyaşlı övladları X9 və X10 həmin ünvanda qeydiyyatda qalmışlar. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdeh isə ərizəni təmin etməyərək məsələ ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin zəruri olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli ilkin müqavilədən görünür ki, X7 Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 3, 170 saylı evə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alındıqdan, həmçinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və digər sənədlər aldıqdan sonra 2 il ərzində iddiaçının mülkiyyətinə verilməsi barədə əsas müqavilə bağlamağı öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 3-cü korpus, 170 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-15744-1222 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında xx.xx.1999-cu il təvəllüdlü X11 xx.xx.2014-cü il tarixdən, xx.xx.2006-cı il təvəllüdlü X10 xx.xx.2015-ci il tarixdən, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdən, xx.xx.1970-ci il təvəllüdlü X8 xx.xx.2014-cü il tarixdən, xx.xx.2005-ci il təvəllüdlü X9 xx.xx.2015-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4391/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6 və X1 Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 3, 170 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iddianı təmin etməmiş və həmin qətnamənin X6 və X1 Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 3, 170 saylı evdən pasport qeydiyyatından çıxarılması üçün əsas olduğunu qət etmişdir. Məhkəmə həmin qətnaməsində qeyd etmişdir ki, “...mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır, mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin həmin mənzilə dair hər-hansı hüquq müəyyən edici sənədləri olmamışdır. Mübahisəli ev faktiki olaraq özbaşına tikilidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli evə istifadə hüquqları yaranmamışdır. Beləliklə, məhkəmə o qənaətə gəlir ki, yaranmayan hüquqa xitam verilməsi mümkün olmadığından iddia rədd edilməlidir. Bundan başqa işin faktiki halları ilə müəyyən edilir ki, cavabdehlər həmin evdə halhazırda yaşamırlar, onlar daimi əsaslarla həmin mənzildən çıxıb getmişlər, lakin həmin şəxslərin mübahisəli evdə qeydiyyatları qalır. ... Məhkəmə eyni zamanda, qeyd edir ki, cavabdehlərin həmin evdə pasport qeydiyyatında qalması iddiaçıya sahiblik hüququnun tam həyata keçirilməsinə mane olur, o cümlədən əlavə kommunal xərclər çəkməsinə səbəb olur . Bu səbəbdən cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçının hüquqlarının həyata keçirilməsi baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onların həmin mənzildən istifadə hüququnun olmaması pasport qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır.” “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, yetkinlik yaşına çatmayan üçüncü şəxslərin valideynləri X6 və X3r. Beləliklə, istinad olunanlardan görünür ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olsa da, faktiki olaraq iddiaçı və onun ailəsinin sahibliyində olmuş, iddiaçının müraciətinə əsasən məhkəmə qərarı ilə üçüncü şəxslərin valideynləri həmin mənzildən qeydiyyatdan çıxarılmışdır. İddiaçı həmin şəxslərin azyaşlı övladlarının da qeydiyyatdan çıxarılması üçün hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Həmin Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məcəllənin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 35.6-cı madəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər yetkinlik yaşına çatmayan şəxslər olduğundan onların yaşayış yeri valideynlərinin yaşayış yeridir. Valideynlər isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə mübahisəli ünvandan qeydiyyatdan çıxarıldığından məhkəmə hesab edir ki, üçüncü şəxslərin mübahisəli ünvanda qeydiyyatda qalmaları üçün əsas aradan qalxmışdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 3-cü korpus ünvanında yerləşən 170 saylı fərdi yaşayış evi üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar