Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8962/2023 25.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “avtomobil qeydiyyatına götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) müraciət edərək, avtomobil qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Katinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.5.2-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər tibbi göstəriş olduğu halda növbəlilik qaydasında dövlət büdcəsi vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər. Müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2010-cu il tarixdən etibarən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 2-ci dərəcə əlilliyi olan şəxs statusuna malikdir. Müraciəti nəzərə alınaraq, minik avtomobilinə tibbi göstərişin verilməsi ilə əlaqədar tibbi ekspertiza sənədlərinə baxılacaq və zərurət olarsa o, növbəlilik əsasında Agentliyə qəbula dəvət ediləcəkdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyi olan şəxs kimi minik avtomobili ilə təmin edilməsi barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1959-cu ildə Bərdə rayonunda anadan olmuşdur. 1986-cı ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən, X7 stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün hərbi toplanışa çağrılmış və faciə zonasına ezam olunmuşdur. Qəzanın nəticələrinin aradan qaldırılması zamanı aldığı şüalanma normadan artıq olduğuna görə ona 1991-ci ildən müddətsiz olaraq, 18 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. 2015-ci il tarixində Akademik Topçubaşov adına X4 ürəyindən açıq əməliyyat olmuşdur. Diaqnoz: “Toksiki ensefalopatiya, tez-tez vegetativ damar krizləri, Astenonevrotik sindrom, Toksiki Zob İV dərəcə “Ürəyin işemik xəstəliyi, Gərginlik stenokardiyası İİİ-İV, Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət (xx.xx.2015) Qan dövranı çatışmazlığı İİ FS”. Bu müddət ərzində X7 Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən imtiyazlı şəxs kimi, avtomobillə təmin olunması barədə dəfələrlə cavabdehə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Eyni zamanda AR Prezidentinin 18 mart 2019-cu il tarixli Fərmanının 1-ci bəndində qeyd edilir ki, Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş AR Prezidentinin ehtiyat Fondundan AR ƏƏSMN-nə 5 000 000 manat vəsait ayrılsın. Bu fərmandan sonra yenidən ƏƏSMN-nə müraciət etsə də, hər dəfə bir bəhanə ilə müraciətinə müsbət cavab verilməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yenidən ərizə ilə avtomobil qeydiyyatına alınması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədrinə müraciət etmiş, bu müraciətinə də cavab verilməmişdir. xx.xx.2023-cü il tarixdə ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində olmağına baxmayaraq nə rəhbərlikdən, nə də ki, həkim komissiyasından heç kim onu qəbul etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Toksiki ensefalopatiya, tez-tez vegetativ damar krizləri və asteno-nevrotik sindromla; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçının “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2019-cu il tarixli göndəriş əsasında baxılmış və “Diaqnozun mətni: G92 Toksiki ensefalopatiya Radiasiyadan sonrakı ensefalopatiya. Vegetativ damar krtizləri asteno-nevrotik sindrom; Tsekin əlavə diaqnozu: Toksiki ensefalopatiya, Radiasiyadan sonrakı ensefalopatiya. Vegetativ damar krtizləri asteno-nevrotik sindrom; 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş” səbəbi ilə imtina verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2019-cu il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2019-cu il tarixdə verilən imtina barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2023-cü ildə, yəni təxminən 3 il sonra avtomobil və motorlu araba ilə təmin edilməkdən imtina qərarından məhkəməyə şikayət etmişdir. İddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçının hazırkı tələbi onun əlilliyi olan şəxs kimi reabilitasiya vasitəsi olan minik avtomobili ilə təmin edilməsi ilə bağlıdır. Bu mübahisə İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən həmin Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir. İstinad olunan normalardan görünür ki, şəxsin minik avtomobili ilə təmin edilməsi Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında həyata keçirilir və şəxsin adı həmin qərara əsasən növbəlilik siyahısına daxil edilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İstinad olunan normaların tələblərini nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iddia məcburetmə haqqında iddia növünə uyğun iddiadır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İşdən görünür ki, məcburetmə haqqında iddia növünə uyğun gələn hazırkı iddia üzrə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdeh müraciəti cavablandırmadığından qanunvericiliklə nəzərdə tutulmuş qaydada hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazından görünür ki, o hazırkı iddianın mümkün sayılmamasını xahiş etmiş, bu zaman ona istinad etmişdir ki, iddiaçının müvafiq müraciətinə xx.xx.2019-cu il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2019-cu il tarixdə verilən imtina barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2023-cü ildə, yəni təxminən 3 il sonra avtomobil və motorlu araba ilə təmin edilməkdən imtina qərarından məhkəməyə şikayət etmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, doğrudur, işdən görünür ki, iddiaçının müraciətinə əsasən xx.xx.2019-cu il tarixdə onun avtomobil və motorlu araba ilə təmin edilməsindən imtina edilsə də, iddiaçı xx.xx.2023-cü il tarixdə həmin tələblə yenidən müraciət etmiş, cavabdeh isə bu müraciəti təkrar müraciət kimi qiymətləndirib baxılmamış saxlanılma haqqında qərar qəbul etməmiş, mahiyyəti üzrə cavablandırmışdır (iddiaçı məhkəməyə müraciət etdikdən sonra). Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1991-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və səbəbi: Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar olmaqla, “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Toksiki ensefalopatiya, tez-tez vegetativ damar krizləri və asteno-nevrotik sindromla” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. İşdən görünür ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1994-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymələndirilərək ona Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbi ilə “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Toksiki ensefalopatiya, tez-tez vegetativ damar krizləri və asteno-nevrotik sindromla” diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında iddiaçının əlilliyinin səbəbi “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar”a dəyişdirilməklə “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Toksiki ensefalopatiya, tez-tez vegetativ damar krizləri və asteno-nevrotik sindromla; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..” diaqnozu ilə onun ikinci dərəcə müddətsiz əlilliyi saxlanılmışdır. İddiaçı hazırda Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əilliyi müəyyən edilən şəxs kimi onun reabilitasiya vasitəsi olan minik avtomobili ilə təmin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cü maddəsinə əsasən: 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş yuxarıda istinad olunan “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən: -bənd 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. - bənd 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X3 tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -bənd 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X2 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. -bənd 2.4. Şəxs reabilitasiya vasitələri ilə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş sayda, həmçinin tibbi göstərişlər, əks göstərişlər nəzərə alınmaqla hazırlanma, dəyişdirilmə və ya təmir müddətləri çərçivəsində təmin edilir. -bənd 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. İstinad olunan normalardan görünür ki, şəxsin minik avtomobilli ilə təmin edilməsi üçün iki şərtin olması zəruridir:
1. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxs olması;
2. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilən tibbi göstəriş olması. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə iddiaçının 2010-cu ilə qədər Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxs, xx.xx.2010-cu il tarixdən sonra isə xüsusi səbəblə, yəni Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxs olması tam təsdiq olunur. Deməli, iddiaçı birinci şərti ödəyir. İkinci şərtə gəldikdə, yuxarıda sadalanan göndərişlərdən aydın olur ki, iddiaçıya əlillik “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Toksiki ensefalopatiya, tez-tez vegetativ damar krizləri və asteno-nevrotik sindromla” diaqnozuna görə təyin edilmişdir, hansı ki, bu hal “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə nəzərdə tutulan tibbi göstərişlər arasında mövcud deyil. Belə ki, həmin əlavədən görünür ki, xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxsə minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:
1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;
2. ağciyər çatışmazlığı, İİ dərəcəli;
3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;
4. hemiplegiya, nəzərəçarpan hemiparez;
5. nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom;
6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;
7. hər iki aşağı ətrafın fillik xəstəliyi;
8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;
9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;
10. hər iki bud-çanaq oynağının ankilozu;
11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr;
12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə);
13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;
14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;
15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. Göstərilən tibbi göstərişlərdən hər hansı birinin iddiaçıda olması müəyyən edilmədiyindən, aydın olur ki, iddiaçı əlilliyi olan şəxs kimi minik avtmobili ilə təmin edilməsi üçün qanunvericiliklə tələb olunan ikinci şərti ödəmir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkəti ilə iddiaçının hüquqlarının pozulması müəyyən edilmədiyindən iddiaçının tələbi təmin edilə və cavabdehin üzərinə onun minik avtomobili ilə təmin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova