Məhkəmə qərarları › İş №2-1(112)-8964/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8964/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8964/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıya məxsus fərdi yaşayış evinin ünvan rekvizitlərinin bərpa edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıya məxsus fərdi yaşayış evinin ünvan rekvizitlərinin bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2- 482/1999 saylı iş üzrə 6 iyun 1999-cu il tarixli qətnaməsi ilə hazırkı iddiaçının tələbi təmin edilərək ünvan 3 ünvanına pasport qeydiyyatına alınması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilmişdir. İddiaçı və onun ailə üzvləri X5, X6 və X7 qətnamə əsasında qeyd edilən ünvana pasport qeydiyyatına alınmışlar. 2000-ci ilin mart ayında Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş və həmin sənəd 4 aprel 2000-ci il tarixdə reyestrdə 30/233 nömrə ilə qeydə alınmışdır. Bakı şəhəri Binəqədi RİH başçısının 349 nömrəli 3 iyul 2003-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin İİ mərtəbəsinin tikintisinə icazə verilmişdir. Lakin bu yaxın ərəfədə məlum olmuşdur ki, iddiaçı və ailə üzvləri həmin ünvandan pasport qeydiyyatından çıxarılmışlar. Belə ki, X1 iddiaçıya və qeyrilərinə qarşı «pasport qeydiyyatından çıxarılma» tələbi Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə təmin edilmişdir və həmin qərar əsasında iddiaçı və övladı X7 pasport qeydiyyatından çıxarılmışlar. Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Hacıbababəyov küçəsində yerləşən fərdi yaşayış evi 12A nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyatdan keçmişdir və həmin şəxsə məxsus fərdi yaşayış evinə iddiaçıya məxsus fərdi yaşayış evinə verilmiş 12A nömrə verilmişdir. Halbuki, iddiaçıya məxsus fərdi yaşayış evinə texniki pasport verilmişdir, texniki pasport reyestrdə qeydiyyata alınmış və həmin sənəddə evin nömrəsi 12A göstərilmişdir. Lakin digər şəxsə məxsus fərdi yaşayış evinə ünvan verilərkən araşdırma aparılmamış, artıq bu nömrə ilə fərdi yaşayış evinin olması halı nəzərə alınmamışdır. Ünvanın digər şəxsə məxsus evə verilməsi nəticəsində iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur, qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmışdır. Artıq eyni nömrə ilə fərdi yaşayış evinin mövcud olması nəzərə alınmamışdır. Halbuki, digər evə eyni ünvanın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilməsi əsassızdır, ünvan rekviziti mövcud olduğu halda başqa bir evə bu ünvan verilməsi qanuni deyil və buna düzəliş edilməlidir. İddiaçıya məxsus fərdi yaşayış evinə dair texniki pasport bu qurumda tərtib edilmişdir. Əfsuslar olsun kı, onun (iddiaçının) müraciətləri nəticəsiz qalmış və bu məsələ öz həllini tapmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 1.4, 3.2.2, 3.6-cı bəndlərinə, İPM-in 33, 39, 68ci maddələrinə əsaslanaraq, məhkəmədən faktiki olaraq iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşmiş fərdi yaşayış evinin ünvan rekvizitinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 22 fevral 2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti etmişdir. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, X11 qəsəbəsi, Qasım bəy Hacıbababəyov küçəsi, ev 12A ünvan rekviziti ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak obyekti barədə İdarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bununla bağlı iddiaçıya 29 mart 2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. İddia tələbində qeyd olunan Bakı şəhəri, ünvan 7 ünvan rekviziti daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak obyektləri kimi İdarənin arxiv və kadastr baza məlumatlarına əsasən təkrarlanır. Belə ki, sözügedən ünvan hal-hazırda **********08-10301 reyestr nömrəsi ilə Süleymanov Səhrab, **********91-10301 reyestr nömrəsi ilə X1 xüsusi mülkiyyətindədir. Sözügedən fərdi evin ünvan rekvizitinin dəyişdirilməsi ilə bağlı hüquq sahibi, onun tərəfindən vəkil edilmiş şəxs, hüquq sahibinin əmlakına qanun və ya vəziyyət əsasında vərəsəlik hüququ olan şəxs və ya şəxslər tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına müraciət ediləcəyi təqdirdə ünvanda düzəliş edilməsi məsələsinə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi qaydaları Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları» ilə tənzimlənir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1, 23-cü maddələrinə, İPM-in 35.1-ci maddəsinə, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizısində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasınl məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.1-ci bəndinə görə ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin adlandırılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Qaydaların 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə, (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə, (3.2.4) daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda, (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə, (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Göründüyü kimi, qanunvericilik («Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları») daşınmaz əmlak obyektinə yeni ünvan verilməsi və ya verilmiş ünvanın dəyişdirilməsinin hallarını müəyyən etmişdir. Lakin nəzərə alınmalıdır ki, hazırkı işin xüsusatları üzrə iddiaçının iddia etdiyi daşınmaz əmlak obyektinə ünvan verilməsi müəyyənləşdirilmiş həmin halların heç biri ilə uzlaşmır. İddiaçının tələbi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmamış daşınmaz əmlak obyektinə yeni ünvan verilməsindən ibarətdir. «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın müddəalarına görə isə, yeni quraşdırılmış daşınmaz əmlak obyekti və ayrılmış torpaq sahəsi istisna olmaqla, digər daşınmaz əmlak obyektlərinə ünvan verilməsi həmin əmlakın reyestrdə qeydiyyatı aparıldıqda mümkündür. Belə olan halda, iddiaçının ona məxsus olduğunu iddia etdiyi daşınmaz əmlak (ev) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmadığından, həmin əmlaka yeni ünvan verilməsi, yaxud verilmiş ünvanın dəyişdirilməsi və ya bərpa olunması mümkün deyil. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçı müvafiq sənədlərlə həmin ev üzərində hququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi təqdirdə, həmin inzibati icraat çərçivəsində evin ünvanının verilməsi, yaxud bərpa olunması məsələsi də həll oluna bilər. Məhkəmənin qənaətinə görə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. Odur ki, məhkəmə iddianı mümkün saymır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar