Məhkəmə qərarları › İş №2-1(112)-8965/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8965/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8965/2021 15.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Mövlüddün qızının, Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Mövlüddün qızının cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı “işıq sayğacının quraşdırılması öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində, 37 yerləşən k/s-11,1 kv.m, y/s-10,8 kv.m olan 1 otaqlı fərdi yaşayış evinə işıq sayğacının quraşdırılması və 3000 manat maddi və mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-il tarixində Bakı şəhəri 14 saylı notariat ofisində X3 ev alıb (Reyestrdə 4Ə-287 N-li, daşınmaz əmlakın alqı-satqı müqaviləsi AN- İ№0924108, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 37, ümumi sahəsi 145,8 kv.m, yaşayış sahəsi 104,8 kv.m, yardımçı sahəsi 41 kv.m olan 8 otaqlı fərdi yaşayış evində k/s-11,1 kv.m, y/s-10,8 kv.m, ümumi sahə - 21,9 kv.m paylı mülkiyyət alıb). 17 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib və mülkiyyət hüququnu təsdiqləyən sənədi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alıb. Çıxarış aldıqdan sonra, xx.xx.2021-il tarixində 2 saylı Bakı "ASAN Kommunal" mərkəzinə Qaz, Su və İşıq şöbələrinə müraciət edib ərizələr yazıb ki, abunə kodunun açılmasında köməklik göstərilsin və bütün dövlət rüsümlarının ödənilməsinə hazır olduğunu bildirib. Yaşayış məntəqələrinin yoxlanılması üçün müvafiq prosedurlar həyata keçirildikdən sonra qaz və su strukturların nümayəndələri sayğacları quraşdırdı və ona abunəçi kodları veriblər (Qaz - kod **********00051, Su - kod **********004). "xxxx" ASCnin əlavə tələbinə uyğun Çıxarışda olan iki payçı (X7, X8) şəxsən 2 saylı Bakı "ASAN Kommunal" mərkəzinə qəlib ərizə yazıb ki, onlar onun müstəqil abunə kodunun açılmasına etiraz etmirlər və ATS **********1929 Bildiriş alıb. Buna baxmayaraq, “Azərişıq" ASC-nin nümayəndələri baxış keçirərkən ona bildirdilər ki, ondan əvvəl eyni ünvanda X1 adına abunə kodu **********70002 qeyd olunub və 863,77 manat borc var. Borcun yaranma tarixləri xx.xx.2001-ci ildən xx.xx.2012-ci ilədəkdir və bu borc ödənilməsə, ona işiq verilməyəcək. X4 xx.xx.2009-cu ildə vəfat edib. Ona aid olmayan, o tanımayan insanın borcunun ödənilməsini "xxxx" ASC ondan tələb edir. Abunə haqqında yazılıb ki, bu borc S.Əskərova 37, mənzil 2-yə aiddir, onun heç bir sənədində 2 nömrəli mənzil göstərilməyib, bu borcun onunla heç bir əlaqəsi yoxdur. Onun müraciətinə "xxxx" ASC rəsmi cavab (xx.xx.2021-ci il tarixindən 01/11/Y-050/3625-N-İİ məktub) yazıb ki, yalnız 863,77 manat ödənildikdən sonra o, həmin kodu öz adına keçirmək üçün ASAN Xidmətə müraciət edə bilər. O, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı filialına bu məsələ ilə bağlı müraciət etdi və onların nümayəndələri onun müraciətilə bağlı gəlib akt tərtib etmişdirlər ki, həmin ünvanda 6 ailə yaşayır və hər birinin ayrı kodu və sayğacı var. Rəy veriblər ki, onun da sayğacı qoyulsun. "xxxx" ASC xx.xx.2021-ci il tarixli AERA-20- 2390/21 №li cavab məktubunda bildirib ki, bölgü sxemi təqdim edəndən sonra bu mümkün olacaq. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən cavab gəlib ki, bir damın altında olan evlərə bölgə sxemi verilmir. Bu borcla və bu kodla bağlı heç bir müqaviləsi və ya hüquqi münasibətləri yoxdur. Hazırda evində işiq yoxdur, 5 aydır evi alıb, lakin ondan istifadə edə bilmir.

3. İddiaçının müraciətinə cavabdeh tərəfindən yazılı imtina verilərək bildirilmişdir ki, ATS**********1929 saylı xx.xx.2021-ci il tarixli müraciət əsasında fərdi yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilən zaman evin enerji təchizatı şəbəkəsinə qoşulu olduğu müəyyənləşmişdir. Mənzil "Azərişıq” ASC-nin məlumat bazasında **********70002 nömrəli abonent kodu altında qeydiyyatdadır və istehlakçının elektrik enerjisinin sərfinə görə 863,77 manat borcu vardır. Borc ödənildikdən sonra o, abonent kodunun addanada keçirilməsi üçün “ASAN Xidmət” Mərkəzinə mülkiyyət sənədlərini təqdim etməklə müraciət etməlidir.

4. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən bildirilmişdir ki, Agentliyin Bakı filialının müfəttişləri tərəfindən xx.xx.2021-ci il tarixində Yasamal RETSlnin nümayəndəsinin və iddiaçının iştirakı ilə göstərilən ünvana baxış keçirilən zaman sözügedən evin yerləşdiyi həyətdə olan evlərdən 6 ədədinin hər biri üçün fərdi qaydada kodun açıldığı, elektrik sayğacının quraşdırıldığı, həmçinin həmin kodlar üzrə ödənişlərin aparıldığı, lakin ona məxsus evin isə elektrik enerjisi ilə təmin edilmədiyi müəyyən edilərək müvafiq akt tərtib edilmişdir. Məlum olmuşdur ki, sözügedən evin ETŞ-yə qoşulması üçün "ASAN Kommunal” mərkəzinə etdiyi xx.xx.2021-ci il tarixli ATS**********1929 nömrəli müraciətinizə cavab olaraq "xxxx" ASC-nin “ASAN Xidmət"lə İş və Elektron İdarəetmə Departamentinin 01/11/Y-050/3625 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda göstərilən evin ETŞ-yə qoşulu olduğu, evin “Azərişıq" ASC-nin kompüter məlumat bazasında **********70002 nömrəli abonent kodu ilə qeydiyyata alındığı, istehlakçının elektrik enerjisi sərfinə görə 863,77 manat olan borcu ödədikdən sonra abonent kodunun addan-ada keçirilməsi üçün mülkiyyət hüququnu təsdiq edən sənədlərlə “ASAN xidmət” mərkəzinə müraciət etməli olduğu bildirilmişdir. Lakin bildirilir ki, AN-İ ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin 1-ci bəndində göstərilir ki, X8 Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsində yerləşən ümumi sahəsi 145,8 m2 olan 8 otaqlı 37 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 7 otaq payından 1 otağını ona verir və qalan sahəni özündə saxlayır. Həmçinin bildirilir ki, ümumi sahəsi 21,9 m2 olan 1 otaqlı evin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəli qeydiyyat nömrəsi ilə onun adına qeydiyyata alınmışdır. Odur ki, ünvan 2 ünvanında yerləşən ona məxsus ev ilə X6 yaşadığı evin "Azərişıq” ASC-nin kompüter məlumat bazasında X1 adına qeydiyyata alınmış **********70002 nömrəli abonent kodu ilə heç bir əlaqəsi yoxdur. Bildirilir ki, məişət abonentinin ETŞ-yə qoşulması mövcud 0,4 kV-luq elektrik şəbəkə olduğu təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na (bundan sonra - Qaydalar) və 2018-ci il 24 iyul tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği"nə əsasən həyata keçirilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Yasamal rayonu, S.Əsgərova 37 ünvanında yerləşən fərdi yaşayış evinin ETŞ-yə qoşulması məsələsinə mövcud qaydalara uyğun baxılması üçün “Azərişıq" ASC-yə AERA-20-xx-xx-2103/21 nömrəli xx.xx.2021-ci il tarixli məktubla müraciət olunmuşdur. “Azərişıq" ASC-nin cavab məktubunda **********70002 nömrəli abonent kodu üzrə elektrik enerjisinə olan borc ödənildikdən sonra abonent kodunun addəyişməsi və elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması üçün vətəndaş tərəfindən "ASAN xidmət” və ya “ASAN Kommunal" mərkəzlərinə müraciət etməli olduğu bildirilmişdir. Lakin "xxxx" ASC-nin cavab məktubunun təhlili zamanı müraciətə aidiyyəti üzrə cavab verilmədiyi məlum olmuşdur. Belə ki, göndərilmiş sorğu məktubunda abonent kodunun addəyişməsinə deyil, ona məxsus evin ETŞ-yə qoşulmasına münasibət bildirilməsi qeyd edilmişdir. Məlum olmuşdur ki, Yasamal rayonu, S.Əsgərova 37 ünvanında yerləşən evin ona aid olması ilə bağlı bölgü sxemini “ASAN Kommunal" mərkəzinə təqdim etməmişdir. Bildirilmişdir ki, Qaydaların 2.8-ci bəndinə əsasən təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat dərhal sifarişçiyə bildirilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bu halda sifarişçi qoşulma haqqını sənədlərdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəyir. Qeyd edilənləri nəzərə alaraq, göstərilən evin ETŞ-yə qoşulması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin sahənin Sizə aid olması ilə bağlı bölgü sxemini aldıqdan sonra müvafiq sənədlərlə “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə yenidən müraciət etməyi tövsiyə olunur.

5. Məhkəmənın hazırlıq icraatı üzrə iclaslarında və baxış iclasında iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, tikintilərin mərtəbələr üzrə planına əsasən, İddiaçı Mövlüddün qızı ilə X8 arasında mənzillərin bölgüsünə dair notariat qaydasında təsdiq olunmuş bölgü sxemi var və həmin sxemə əsasən, İddiaçı Mövlüddün qızına məxsus ev müəyyənləşdirilmişdir.

6. Şifahi məhkəmə dinləmələri zamanı iddia tələbinin həcmi azaldılmış, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində, 37 yerləşən k/s-11,1 kv.m, y/s-10,8 kv.m olan 1 otaqlı fərdi yaşayış evinə işıq sayğacının quraşdırılması vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və baxış iclasında iştirakı edən cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etmədi və iddiaya etiraz edərək imtinanın məzmununa uyğun olaraq izahat verdi.

İİ. İddianın növü və mümkünlüyü

8. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarından: - 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. - 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

12. Məhkəmə müəyyən edir ki, tərəflər arasında mülki (öhdəlik) hüquq münasibətləri yoxdur və hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi ümumi (publik) hüquq sahəsindəki tənzimləməni həyata keçirmə vəzifəsinin icra edilməməsi, hərəkətsizliyindən irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növünə aid edilməlidir (öhdəliyin icrası haqqında iddia).

13. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

15. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

16. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

17. X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 8 otaqlı 37 saylı evin 1 otağı X8 tərəfindən İddiaçı Mövlüddün qızına satılmışdır.

18. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən mənzilin 1 otağı (y/s 19,2 kv.m., k/s 7,8 kv.m.) X5, 1 otağı (y/s 10,8 kv.m., k/s 11,1 kv.m.) İddiaçı, 6 otağı X6 xüsusi mülkiyyətindədir.

19. Tikintilərin mərtəbələr üzrə planına əsasən, İddiaçı Mövlüddün qızı ilə X8 arasında mənzillərin bölgüsünə dair notariat qaydasında təsdiq olunmuş bölgü sxemi var və həmin sxemə əsasən, İddiaçı Mövlüddün qızına məxsus ev müəyyənləşdirilmişdir.

20. Cavabdeh tərəfindən təqdim edilmiş ünvan 4 ünvanına dair abonent sayğaclarına əsasən həmin ünvanda 01, 02, 03, 04, 05, 06 saylı mənzillərə cəmi 6 sayğac quraşdırılmışdır.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən: - məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır; - 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. - 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. - 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yaz-maq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). - 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). - 8.22. Məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evİnin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. - 8.23. Məişət abonenti mənzildən köçdükdən sonra, yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır. - 8.26. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. - 8.27. Özünəxidmət üsulu tətbiq edildikdə xüsusi hesablaşma kitabçasında enerjitəchizatı müəssisəsinin göstərdiyi hesablaşma dövründə sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması məişət abonentinin özü tərəfindən aparılır (6 nömrəli əlavə). - 8.28. Məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir (7 nömrəli əlavə). Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər. - “Elektrik enerjisindən istifadə qaydaları”na 4 nömrəli əlavə “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi təsdiq edilmişdir; - “Elektrik enerjisindən istifadə qaydaları”na 6 nömrəli əlavə Məişət abonentinin (özünəxidmət üsulu tətbiq edildikdə) elektrik enerjisi sərfinə görə birtipli hesablaşma kitabçası (ödəniş sənədi) təsdiq edilmişdir; - “Elektrik enerjisindən istifadə qaydaları”na 7 nömrəli əlavə Enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən məişət abonentinə (özünəxidmət üsulu tətbiq olunmadıqda) təqdim edilən elektrik enerjisi sərfinə görə birtipli ödəniş sənədi təsdiq edilmişdir.

23. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh təbii inhisar subyekti olduğundan və iddiaçı və cavabdeh arasında müqavilə münasibətləri yoxdur və iddiaçının xüsusi mülkiyyətində olan yaşayış evinə sayğac quraşdırılmamışdır. Cavadehin imtinada göstərdiyi iradı iddiaçı müvafiq qaydada aradan qaldırmış və özünə məxsus evin yerləşmə cizgisini müəyyən edərək digər mülkiyyətçilərlə bölgü sxemini təsdiq etmişdir. Odur ki, cavabdehin sayğac quraşdırmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

24. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. Eyni zamanda məhkəmə qeyd edir ki, elektrik sayğacı üzrə hesablanmış borc və ödənilməsi istehlak münasibətlərindən irəli gəldiyindən mülki məhkəmə araşdırmasının predmetidir.

26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

28. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində, 37 yerləşən k/s-11,1 kv.m, y/s-10,8 kv.m olan 1 otaqlı fərdi yaşayış evinə işıq sayğacının quraşdırılması vəzifəsi cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin üzərinə qoyulmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı Mövlüddün qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində, 37 yerləşən k/s-11,1 kv.m, y/s-10,8 kv.m olan 1 otaqlı fərdi yaşayış evinə işıq sayğacının quraşdırılması vəzifəsi cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar