Məhkəmə qərarları › İş №2-1(112)-8965/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8965/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8965/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ümumi sığorta stajı (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1981-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək adına əmək haqqı hesablanan aylar da nəzərə alınmaqla) 14 il 2 ay 11 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 11 il 3 ay 11 gün sığorta stajına uyğun olaraq 10447,45 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 3799,11 manat olmaqla ümumilikdə 14246,56 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda müəssisənin 1990-cı ilə dair əmr kitabları və 1990-2000-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən adına əmək haqqı hesablanmayan dövrlərin və 1990-2000-ci illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajını qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi Gürcüstan Bolnisi rayonunda Faxralı kəndində yerləşən üzümçülük sovxozunda fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı ilə kimi Bakı Baş Tikinti İdarəsinin 304 saylı tikinti idarəsində suvaqçı, xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixə kimi Bakı Baş Tikinti İdarəsinin 4 saylı tikinti idarəsində suvaqçı işlədiyi müddətin ümumi iş stajına daxil etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi Gürcüstan Bolnisi rayonunda Faxralı kəndində yerləşən üzümçülük sovxozunda fəhlə işləmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixə kimi Gürcüstan Bolnisi rayonunda Faxralı kəndində yerləşən taxta sexində fəhlə, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi Gürcüstan Bolnisi rayonunda Təmir Tikinti idarəsində suvaqçı, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə kimi Sumqayıt təmir evində çilingər, xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı ilə kimi Bakı Baş Tikinti İdarəsinin 304 saylı tikinti idarəsində suvaqçı, xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci ilə kimi Bakı Baş Tikinti İdarəsinin 4 saylı tikinti idarəsində suvaqçı, 05.01. 2021-ci il tarixdən Bakı 5 saylı Yol İstismar İdarəsində fəhlə işləmişdir və hazırda da həmin idarədə işləyir. Onun hazırkı vaxta kimi 27 il iş stajı vardır və bu illərin hamısı əmək kitabçasında qeyd olunmuşdur. Cavabdehin imtinası tam əsassızdır. Belə ki, 1990-cı illərlə 2000-ci illərin sənədlərinin arxivə verilməməsində onun hər hansı günahı yoxdur. Cavabdeh ona imtina verməklə, onun sosial təminat və mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının mübahisəli sığorta stajı aşağıdakı kimidir: 1) İddiaçı ərizəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Gürcüstan Bolnisi rayonunda Faxralı kəndində yerləşən üzümçülük sovxozunda fəhlə işlədiyi dövrlərin sığorta stajına daxil edilməsini tələb etsə də, sözügedən dövrlər onun sığorta stajına inzibati icraat qaydasında hesablanmışdır. Məhkəməyə təqdim olunan inzibati icraat materiallarında sığorta stajının hesablanmasına dair cədvəldən də bu aydındır; 2) xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Bakı Baş Tikinti İdarəsinin 304 saylı tikinti idarəsində suvaqçı işlədiyi dövrlə bağlı Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli arxiv arayışından 1984-cü il üzrə 12 ay, 1985-ci il üzrə 12 ay, 1986-cı il üzrə 11 ay, 1987-ci il üzrə 11 ay, 1988-ci il üzrə 12 ay, 1989-cu il üzrə 11 ay əməkhaqqı hesablandığı aşkar edilmişdir. 1981-1983, 1990-cı illər üzrə əməkhaqqı cədvəlləri aşkar edilməmişdir. Həmçinin 1990-cı il üzrə əmr kitabları da arxivə təhvil verilməmişdir. Sözügedən əsaslarla əməkhaqqı ödənilməyən dövrlər onun sığorta stajına daxil edilməmişdir. 3) xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Baş Tikinti İdarəsinin 304 saylı tikinti idarəsində suvaqçı işlədiyi dövrlərə dair Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli arayışından 1990-2000-ci illər üzrə arxiv sənədlərinin, həmçinin həmin dövrlər üzrə əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi müəyyən olunmuşdur. Odur ki, qeyd olunan əsaslarla xx.xx.1990-xx.xx.2000-ci illər onun sığorta stajına daxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməsini yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Çünki qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi barədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İnzibati orqanla arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisədir. İddiaçının məhkəməyə müraciət etdiyi tarixə qüvvədə olan İPM-in 8.1-ci maddəsinə əsasən iddia ərizəsi cavabdehin olduğu yer üzrə düzgün olaraq Bakı İnzibati Məhkəməsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci maddəsinə əsasən 1 iyul 2023 - 30 iyun 2024-cü il üzrə kişilərə pensiya təyin edilməsi yaşı 65 yaşdır. Beləliklə, qeyd olunan normalardan görünür ki, xx.xx.2023-cü il tarixə kişilərə yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 65 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, onun 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. Göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi xx.xx.2023-cü ildə onun artıq 65 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərt, yəni yaş tələbi ödənilir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır və topladığı əmək stajının kapitala çevrilməsi nəticəsində əldə edilən pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. İşdə olan xx.xx.1977-ci il tarixli, ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı məxsus ******* nömrəli, xx.xx.1976-cı il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə Faxralı üzümçülük sovxozunda fəhlə, xx.xx.1979xx.xx.1980-ci illərdə Faxralı taxta sexində fəhlə, xx.xx.1980-xx.xx.1980-ci illərdə X1 rəngsaz-çuvaqçı, 15.07.190-xx.xx.1981-ci illərdə Sumqayıt ixtisaslaşdırılmış tikinti quraşdırma idarəsinə quraşdırıcı, xx.xx.1981-xx.xx.1990-cı illərdə 304 nömrəli Tikinti İdarəsində suvaqçı, xx.xx.1990-xx.xx.2000-ci illərdə 4 nömrəli Tikinti İdarəsində suvaqçı vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC İdarəsinə 4-cü dərəcəli fəhlə qəbul edilmişdir, hazırda həmin müəssisədə işləyir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan noramalar nəzərə alınamqla iddiaçının diplomunu və əmək kitabçasındakı qeydləri əsas götürdükdə aydın olur ki, onun xx.xx.2006-cı il tarixədək cəmi 24 il 5 gün ümumi sığorta stajına malik olmuşdur. xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdə olan iddiaçıya məxsus əmək kitabçasından və sığorta olunanın hesabından görünür ki, iddiaçı fevral 2021-ci ildən dekabr 2023-cü ilədək işləmiş və həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Belə olan halda, aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə 2 il 10 ay 20 gün sığorta stajı olmuşdur. Beləliklə, qeyd olunanlardan müəyyən edilir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə 25 ildən çox, cəmi 26 il 10 ay 25 gün iş stajı olmuş, bununla da iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan hər iki şərti ödəmişdir. Lakin işdən görünür ki, cavabdeh bu halı qəbul etməyərək, əməkhaqqı cədvəllərinin aşkar edilməməsi və əmr kitablarının arxivə təhvil verilməməsi əsası ilə iddiaçının 1981- 1983-cü illər, 1990-cı ildən xx.xx.2000-ci il tarixədək olan iş dövrünü sığorta stajına daxil etməmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə raılşmayaraq, qeyd edir ki, mübahisələndirilən dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrlər iddiaçının əmək kitabçasında öz əksini tapmışdır. Bundan əlavə, işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 304 saylı Tikinti idarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixli, 154/k saylı əmrlə xx.xx.1981-ci il tarixdən 3-cü dərəcəli "штукатур” kimi işə qəbul olunması və 1984, 1985, 1986, 1987, 1988, 1989-cu illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. BBTİ 304 saylı Tikinti İdarəsinin 1990-cı ilə dair əmr kitabları və 4 saylı Tikinti idarəsinin 1990-2000-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmçinin Oktyabr rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 004225 saylı xx.xx.1992-ci il tarixli orderdən görünür ki, Bakı şəhəri, 6-cı mikrorayonŞ 324750-ci məhəllə, 20 saylı evin 16 saylı mənzili 4 nömrəli Tikinti İdarəsində işləyən İddiaçı istifdəsinə verilmişdir. Göründüyü kimi, qeyd edilən sənədlər iddiaçının 304 və 4 nömrəli Tikinti idarələrində işləməsi faktını təsdiq edir. Həmin dövrlərə dair əmək haqqı cədvəllərinin saxlanılmamasına gəldikdə, məhkəmə qeyd edir ki, həmin dövrdəki arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bundan başqa, cavabdeh əmək kitabçasında qeyd edilən həmin dövrlərin mötəbər olmaması ilə bağlı hər hansı bir sübutu təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 1980- 2000-ci illərə aid sığorta stajını qəbul etməmiş, bununla iddiaçının hüquqlarını pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən onun bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, sadalananlara əsasən iddiaçının xx.xx.2023-cu il tarixdə 65 yaşı tamam olduğundan və onun həmin tarixə 25 ildən artıq ümumi sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cu il tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Deməli, onun hazırkı iddiası əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar