Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8966/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxslər X14, X19, X20, X18 və X22) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X5, X9, X10, X8 və X15 iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 807.50 ha torpaq sahəsində yerləşən 31 nömrəli fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Nərimanov Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə X18 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, X11 məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 807.50 ha torpaq sahəsində yerləşən 31 nömrəli fərdi yaşayış evinə Yasamal Rayon Məhkəməsinin 17 aprel 2015-ci il tarixli, 2(004)-355/2015 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair "xxxx" İKB ASC-nin mülkiyyət hüquqları 26 oktyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına RX seriyalı, ******* nömrəli çıxarış alınmışdır. “Elektron Notariat” X1 05 aprel 2021-ci il tarixli Çıxarışdan göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 807.50 ha torpaq sahəsində yerləşən 31 nömrəli fərdi yaşayış evində X14, X19, X20, X18 və X22 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın "xxxx" İKB ASCnin (İddiaçı ASC) mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. İddiaçı ASC-nin Nərimanov Rayon Polis İdarəsinə 06 aprel 2021-ci il tarixli, KBD-5279 №li X14, X19, X20, X18 və X15 Banka məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 807.50 ha torpaq sahəsində yerləşən 31 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaq barədə müraciətinə heç bir cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8966/2021 nömrəli, 03.08.2021-ci il tarixli qərardadı ilə X14, X19, X20, X18 və X22 İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı 18.09.2021-ci il tarixli, 078-24929 nömrəli və 18.11.2021-ci il tarixli, 078-31617-1221 nörməli məktublarında iddia tələbi ilə bağlı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxslərin məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 31 saylı fərdi yaşayış evi "xxxx" İKB ASC-nin adına xüsusi mülkiyyət hüququ ilə 26.10.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18.08.2021-ci il tarixli, 018-12537-1221 nömrəli məktubunda bildirilmişdir ki, 04.05.1962-ci il təvəllüdlü X18 22.09.2014-cü il tarixdə, 17.02.1989-cu il təvəllüdlü X22 27.11.2014-cü il tarixdə, 22.04.1987-ci il təvəllüdlü X20 14.06.2003-cü il tarixdə, 27.09.1985-ci il təvəllüdlü X19 27.11.2014-cü il tarixdə və 19.02.1963-cü il təvəllüdlü X14 26.11.2014-cü il tarixdə ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər. Həmçinin bildirilir ki, yuxarıda qeyd olunan vətəndaşlara məxsus şəxsiyyət vəsiqələrinin verilməsi üçün əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən sizə təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli, **********70 nömrəli məktubda bildirilmişdir ki, X5, X9, X10, X8 və X15 ünvan 1 ünvanına dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumat, ünvan 1 ünvanına dair "xxxx" İKB ASC-nin mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan sənədlərin təsdiq olunmuş surətinin təqdim edilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, X5, X9, X10, X8 və X15 ünvan 1 ünvanına dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq ünvan 1 ünvanına dair müvafiq sənədlərin surəti sizə təqdim edilir. Həmin sənədlərdən görünür ki: -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1234/2016 saylı, 19 aprel 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" İKB ilə X18 arasında bağlanılan 03 aprel 2012-ci il tarixli, 6- BİZ-1-0-51-12 saylı kredit müqaviləsindən yaranmış 1.497.999.19 manat əsas borc, 482880 manat faiz borcu və 12000 (on iki min) manat dəbbə pulu, ümumilikdə 1992879,19 manat kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqı və bildirişin qeydə alınması üçün 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh X6 iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması, cavabdeh X11 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 31 saylı fərdi yaşayış evinə tutma yönəldilərək açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsait hesabına 1.497.999.19 manat əsas borc, 482880 manat faiz borcu və həmin günə hesablanmış 12.000 (on iki min) manat dəbbə pulu, ümumilikdə 1992879,19 manat borc, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 20 (iyirmi) manat xidmət haqqı və bildirişin qeydə alınması üçün 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 60 manat məbləğində məhkəmə xərci tutularaq "xxxx" X4 ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda X18, X14, X22 və X19 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə həmin evdən çıxarılmaları, ipoteka predmeti olan cavabdeh X11 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 31 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin ******* manat məbləğində müəyyən edilməsi, qətnamənin dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması, iddiaçı "xxxx" İKB və cavabdeh X8 hər birindən 25 manat tutularaq dövlət büdcəsinə, həmçinin hər birindən 150 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. -26.02.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, “X13” MMC-nin direktoru Y.N.Əliyev şəxsində bir tərəfdən və "xxxx" İKB-nin (bundan sonra “Alıcı”) etibarnamə əsasında nümayəndəsi X16 şəxsində digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1234/2016 saylı, 19.04.2016-cı il tarixli icra vərəqəsinin və Yasamal Rayon İcra Şöbəsinin 17/72-9870/5-32684 saylı, 14.11.2017-ci il tarixli məktubunun və "xxxx" İKB-nin müvafiq məktubuna əsasən aşağıdakı məzmunda bu müqaviləni bağladılar:
1. “Sifarişçi” aşağıda qeyd olunan daşınmaz əmlakı “alıcının” tam mülkiyyətinə (təsdiq olunmuş hərracın yekun protokoluna əsasən) verməyi, “Alıcı” isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. 2.1. Daşınmaz əmlakın adı: X12 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 31 saylı fərdi yaşayış evi. 2.2. Fərdi yaşayış evinin əldə olunan qiyməti: 1 279 398 (bir milyon iki yüz yetmiş doqquz min üç yüz doxsan səkkiz) manat 75 qəpik. 2.3. Fərdi yaşayış evinin yerləşdiyi ünvan: ünvan 2c təşkilatının hərracın yekunları barədə 26/5 nömrəli protokolundan görünür ki, ipoteka predmeti olan (fərdi yaşayış evi) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1234/2016 saylı, 19.04.2016-cı il tarixli icra vərəqəsinin və Yasamal Rayon İcra Şöbəsinin 17/72-9870/5-32684 saylı, 14.11.2017-ci il tarixli məktubunun icrasına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əasasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. İpoteka predmetini əldə edən (hüquqi və fiziki şəxs) VÖEN: **********, Alıcı: "xxxx" İKB-dir (175/E6 saylı, 06.10.2017-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X23). -"xxxx" İKB-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 23.10.2018-ci il tarixli, 14/2932 nömrəli məktubunda bildirilmişdir ki, X11 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Hərrac tərəfindən banka təklif olunmuşdur və Bank 26/5 nömrəli, 26.02.2018-ci il tarixli hərrac protokoluna əsasən qeyd olunan əmlakı əldə etmişdir. İş materiallarına əlavə edilmiş Nərimanov rayon İcra və Probasiya şöbəsinin tərtib etdiyi 01.10.2020-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1234/2016 saylı, 19.04.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman video çəkiliş qeydə alınmış, evin tam boşaldıldığı müəyyən edilmişdir. Borclunun oğlu E.Vəliyev evdə onlara aid heç bir əmlakın olmadığını və boş evi təhvil verdiyini bildirmiş, evin giriş qapısının açarları dəyişdirilərək tələbkar bankın etibarnamə ilə nümayəndəsi X17 təhvil verilmiş, bununla da icra sənədinin icrası tam təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 520/2020 saylı, 13.02.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeflər "xxxx" İKB ASCyə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə və “X13” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4784/2020 saylı, 18.06.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(006)-520/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 507/2021 saylı, 25.02.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4784/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Nərimanov Rayon Polis İdarəsinə ünvanladığı 06.04.2021-ci il tarixli, KBD-5279 nömrəli ərizəsində Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 31 saylı evin hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı "xxxx" İKB ASC) mülkiyyətində olmasını nəzərə alaraq həmin mənzildə pasport qeydiyyatında olan şəxslərin pasport qeydiyyatından çıxarılmaları barədə göstəriş verilməsi xahiş edilmiş, ərizəyə Nərimanov Rayon Polis İdarəsinin daxil olma ştampı vurulmaqla “Nəzərli” soyadlı şəxsin imzası qeyd edilməklə qəbul edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada 06.04.2021-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh müraciətə rəsmi yazılı imtina cavab verməmişdir. İddiaçı 28.07.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, "xxxx" İKB ASC (hazırkı "xxxx" ASC) Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 31 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs X18 mənzilin keçmiş mülkiyyətçisi, X14, X19, X20 və X3 Şahin İsrəfil oğlunun ailə üzvləridir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1234/2016 saylı, 19 aprel 2016-cı il tarixli icra vərəqəsinə əsasən "xxxx" İKB ilə X18 arasında bağlanılan 03 aprel 2012-ci il tarixli, 6-BİZ-1-0-51-12 saylı kredit müqaviləsindən yaranmış borcun X6 "xxxx" İKB-nin xeyrinə tutulması, tutmanın X11 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 31 saylı fərdi yaşayış evinə tutma yönəldilərək açıq hərracdan satılması, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda X18, X14, X22 və X19 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə həmin evdən çıxarılmaları qət edilmişdir. Mübahisəli fərdi yaşayış evini 26.02.2018-ci il tarixdə keçirilmiş hərracdan "xxxx" İKB ASC əldə etmiş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış, bundan sonra daşınmaz əmlakın dövlət reyestrində "xxxx" İKB ASC-nin adına fərdi yaşayış evinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hərracın yekunları barədə protokolun etibarsızlığı X18 tərəfindən mübahisələndirilmiş, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə qeyd edilən iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1234/2016 saylı, 19 aprel 2016-cı il tarixli icra vərəqəsi üzrə icra edilməli olan hərəkət - fərdi yaşayış evi satıldıqda üçüncü şəxslərin həmin evdən çıxarılmaları icra edilmiş, fərdi yaşayış evi İcra məmurunun iştirakı ilə tələbkar "xxxx" İKB-yə təhvil verilmiş və bu barədə Nərimanov rayon İcra və probasiya Şöbəsi tərəfindən 01.10.2020-ci il tarixli akt tərtib edilmişdir. Beləliklə, hazırda üçüncü şəxslər X14, X19, X20, X18 və X22 yaşamadıqları iddiaçının mülkiyyətində olan ünvan üzrə qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X2 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə mübahisəli evi iddiaçıya təhvil vermiş, evə dair əmlak hüquqları olmayan şəxslər olduğundan evin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin isə üçüncü şəxsləri qeydiyyatdan çıxarmaması mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, üçüncü şəxslər 19.02.1963-cü il təvəllüdlü X14, 27.09.1985-ci il təvəllüdlü X19, 22.04.1987-ci il təvəllüdlü X20, 04.05.1962-ci il təvəllüdlü X18 və 17.02.1989-cu il təvəllüdlü X15 Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 807.50 ha torpaq sahəsində yerləşən 31 nömrəli fərdi yaşayış evi ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. X14, X19, X20, X18 və X15 Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 807.50 ha torpaq sahəsində yerləşən 31 nömrəli fərdi yaşayış evi ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova