Məhkəmə qərarları › İş №2-1(112)-8967/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8967/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8967/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evi üzərində təsdiq edilmiş eskiz layihəsinə uyğun olaraq mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində istifadədə olan 0.02489 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 194.7 kv. metr yaşayış, 483.0 kv. metr köməkçi sahədən ibarət 29 a nömrəli fərdi yaşayış evi reyestrdən xx.xx.2008-ci ildə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən, onun yəni, İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd olunan ünvanda iddiaçı özünə məxsus fərdi yaşayış evini sökərək, yeni fərdi yaşayış evi inşa etdirmişdir. Bu məqsədlə "xxxx"' Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən torpaq sahəsində tikiləcək sahənin eskiz layihəsi tərtib edilmişdir. Həmin layihə Nərimanov rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti İdarəsi tərəfindən təsdiq edilmişdir. Bundan sonra tərəfindən tikinti işlərinə başlanılmış, tikinti işləri başa çatdıqdan sonra Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 25 aprel 2018-ci ildə 166 saylı sərəncamla Bakı şəhər İcra Hakimiyyətində baxılmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 18.03- 8/1238 qeydiyyat nömrəsi ilə razılaşdırılmışdır. İnşa ediləcək yeni evin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Sonradan M.Araz küçəsi 29 a (keçmiş Teymur Əliyev küçəsi) ünvanında yerləşən mülkü sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir. Tikinti işlərinə Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən rəy alındıqdan sonra başlanılmışdır. Həmin vaxtdan da tərəfindən həmin sahədən təyinatı üzrə istifadə olunur. Mülkiyyətində olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyetrindən çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda, inventarlaşdırma işləri aparılan zaman qeydiyyatdan keçmiş fərdi yaşayış evinin sökülərək yerində 5 mərtəbəli qeyri-yaşayış təyinatlı binanın inşa olunması, yeni inşa edilmiş binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməməsi və eyni zamanda binanın tikintisinə izazə sərəncamının Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməməsi bildirilmişdir. Həmçinin tikiliyə dair təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olması bildirilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********09 nömrəli imtina əsassızdır. Fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsi ******* saylı çıxarışla onun istifadəsindədir. Fərdi yaşayış evinin layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 18.03-8/1238 qeydiyyat nömrəsi ilə razılaşdırılmış, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 25 aprel 2018-ci ildə 166 saylı sərəncamla tikiliyə icazə verilmişdir. Yuxarı inzibati orqan olan Bakı Şəhər İcra Hakimiyyəti tikintiyə icazə barədə dolayısı ilə iradə ifadəsini göstərmişdir. İnşa olunmuş tikili tikinti norma və qaydalarına uyğundur, istismara tam yararlıdır. Cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, mülkiyyət hüquqlarını məhdudlaşdırır. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 28 aprel 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, inventarlaşdırma işləri aparılan zaman qeydiyyatdan keçmiş fərdi yaşayış evinin sökülərək, yerində 5 mərtəbəli qeyri-yaşayış təyinatlı binanın inşa olunduğu aşkar olunmuşdur və təqdim edilən layihədə əmlakın növü fərdi yaşayış evi qeyd olunmuşdur. Göstərilən daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X15 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə ünvan 2 ünvanında yerləşən X7 məxsus fərdi yaşayış fonduna daxil olan yaşayış evinə dair tərtib olunmuş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənədlə və həqiqi ölçü 306,5 kv. metr, tikinti altındakı sahə 248,9 kv. metr; tikililər üzrə yaşayış otaqlarının sayı 7, ümumi sahəsi 677,7 kv. metr, yaşayış sahəsi 194,7 kv. metr, köməkçi sahə 483 kv. metr təşkil etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində istifadədə olan 0.02489 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 194.7 kv. metr yaşayış, 483.0 kv. metr köməkçi sahədən ibarət 29 a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz əmlakın dövlət Reyestrində 87 nömrəli reyestr kitabının 7948 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnistutu tərəfindən f/ş İddiaçı ünvanlanmış 01/1-06-44/1 №-li, xx.xx.2018-ci il tarixli məktubdan müəyyən olunur ki, qeyd olunan məktubla xx.xx.2018-ci il tarixli müraciət ərizəsinə və 5480 №-li müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində inşa ediləcək 5 mərtəbəli yaşayış evinin yerləşdiyi ərazinin tikintisi ilə əlaqədar Bakı Dövlət Layihə İnistutu tərəfindən hazırlanan şəhərsalma əsaslandırılması sənədləri ona göndərilmişdir. "xxxx" MMC (Lisenziya № 085247 L-15-041) tərəfindən 2018-ci ildə tərtib olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin memralıq planlaşdırma layihəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin “Memarlıq planlaşdırma layihəsi” xx.xx.2018-ci il tarixdə 18/03-8/1238 № ilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsində mövcud vəziyyətdə razılşadırılmışdır ("xxxx" MMC-yə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən L-15-041 saylı, xx.xx.2015-ci il tarixli “Dövlət stadartlarına uyğun olaraq, İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi”nə dair lisenziya verilmişdir). Məhkəmənin müvafiq sorğularına əsasən: Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 5-14/2-678/2023 №li, xx.xx.2023cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş: - Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli M- 87-151 saylı məktubunda göstərilmişdir ki, A.Alı küçəsi 4 A №-li evin 21-ci mənzilində yaşayan vətəndaş İddiaçı ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, özünə məxsus (xx.xx.2008-ci tarixli, ******* №-li çıxarış) Teymur Əliyev küçəsi 29 a ünvanında yerləşən fərdi yaşayış evinin sökülərək təqdim olunmuş layihəyə uyğun yenidən tikintisinə icazə verilməsini xahiş etmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti qeyd olunan məsələnin müsbət həllinə etiraz etmir və səlahiyyətləri daxilində müvafiq qaydada baxılması xahiş olunur. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 18/03-8/1238 №li məktubda göstərilmişdir ki, daxil olmuş xx.xx.2018-ci il tarixli, M-87-151 saylı razılıq məktubunu və vət. İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsini nəzərə alaraq, ünvan 6 ünvanda mülkiyyətdə olan (xx.xx.2008-ci il tarixli, ******* saylı çıxarışı) fərdi yaşayış evinin sökülərək, yenidən tikintisi ilə əlaqədar təqdim olunmuş memarlıq-planlaşdırmasının həlli layihəsinin ("xxxx" MMC-nin işi, memar M.Əliyev) razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsinin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Sənədləşdirmə işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmalıdır. - Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 166 №-li xx.xx.2018-ci il tarixli “Fərdi yaşayış evinin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” Sərəncamının surətindən müəyyən olunur ki, A.Alı küçəsi 4 A №li evin 21-ci mənzilində yaşayan vətəndaş İddiaçı ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, özünə məxsus (xx.xx.2008-ci il tarixli, ******* №li çıxarış) M.Araz küçəsi 29 a (keçmiş Teymur Əliyev küçəsi) ünvanında yerləşən fərdi yaşayış evinin sökülərək təqdim olunmuş layihəyə uyğun yenidən tikintisinə icazə verilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı məxsus mülkün sökülüb yenidən tikilməsi haqqındakı qaldırdığı məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 18/03-8/1238 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşa ediləcək yeni evin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı məxsus M.Araz küçəsi 29 a ünvanında yerləşən mülkün sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilməsi; Tikinti işlərinə Fövqəladə Hallar Nazirliynin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən rəy alındıqdan sonra başlanılması qərara alınmışdır. DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********99 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanda yerləşən mənzil xx.xx.1996-cı il tarixdə X20 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 38 saylı DNK-nın 3/M-A3-485 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-2-328 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2002ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 42 saylı DNK-nın 4Ə-08-781 reyestr nömrəli xx.xx.2003-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2003-cü il tarixdə X26 adına qeydiyyatdan keçmişdir. ünvan 7 fərdi yaşayış evi X19 və X2 adlarına xx.xx.1968-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 28-8774 reyestr nömrəli xx.xx.1968-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi xx.xx.1968-ci il tarixdə X17 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 26- 3898 reyestr nömrəli xx.xx.1969-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1969-cu il tarixdə evin 1/2 hissəsi X9 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 3 saylı DNK-nın 8/4733 reyestr nömrəli 21,04.1970-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.1970ci il tarixdə evin 1/4 hissəsi X4 adına, 1/4 hissəsi X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 21 saylı DNK-nın 2D-368 reyestr nömrəli 19.01,1989-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 2/8 hissəsi xx.xx.1989-cu il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi xx.xx.1993-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 39 saylı DNK-nın 1-S-4-E-168 reyestr nömrəli xx.xx.1995-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi xx.xx.1995-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-2-328 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 4/8 hissəsi xx.xx.2002-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 42 saylı DNK-nın 4Ə-08-781 reyestr nömrəli xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 4/8 hissəsi xx.xx.2003-cü il tarixdə X26 adına qeydiyyatdan keçmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 05 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına əsasən X27 məxsus tikililər (mənzil və fərdi ev) sökülərək yenidən tikilmiş və yeni tikiliyə ünvan 2 ünvanı verilmişdir. Bakı şəhəri 38 saylı DNK-nın 4Ə-/3-274 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 29 a saylı evin A tikilisi xx.xx.2005-ci il tarixdə X18 adına qeydiyyatdan keçmişdir və sözügedən tikiliyə ünvan 9 ünvanı verilmişdir. Bakı şəhəri 42 saylı DNK-nın 4Ə-01-79 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 29 a saylı fərdi yaşayış evi xx.xx.2006-cı il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 42 saylı DNK-nın 4Ə/01-44 reyestr nömrəli xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 29 a saylı fərdi yaşayış evi xx.xx.2008-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. “X13” MMC tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair verilmiş 79 №-li xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Baki şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib və təsdiq olunan xx.xx.2006-cı il tarixli X14 rayonu, T.Əliyev küçəsi ev 29 a ünvanında yerləşən, X8 məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin qeyd olunan koordinatlarının naturada mövcud vəziyyətdə tədqiq olunan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin yerləşmə planı üzrə faktiki koordinatları ilə üst-üstə düşməsi, eynilik təşkil etməsi müyyən olunmuşdur. Dəqiqləşdirilən torpaq və tikili sahəsi xüsusi coğrafi informasiya sistemləri vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir.Tədqiq olunan, ünvan 11 ünvanında yerləşən, X8 məxsus 320 kv.m torpaq sahəsinin koordinatları aşağıdakı kimidir. X=401686.6270 Y=4473484.3870, X=401703.4460 Y=4473489.4000 X=401706.7590 Y=4473478.2830, X=401707.7180 Y=4473478.5690 X=401709.5860 Y=4473472.3140, X=401707.5620 Y=4473471.7400 X=401696.2050 Y=4473468.3550, X=401695.8200 Y=4473469.6490 X=401691.1720 Y=4473468.2630 Tədqiq olunan, ünvan 12 ünvanında yerləşən, X8 məxsus 287 kv. metr fərdi yaşayış evinin koordinatları aşağıdakı kimidir: X=401686.7410 Y=4473484.0040, X=401702.5060 Y=4473488.7020 X=401707.5620 Y=447347.7400, X=401696.2050 Y=4473468.3550 X=401695.8200 Y=4473469.6490, X=401691.1720 Y=4473468.2630 İddiaçının hazırkı iddia tələbi ilə bağlı DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********09 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, ünvan 13 ünvanında inşa edilmiş bina üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci tarixli müraciətinə baxılmışdır. İnventarlaşdırma işləri aparılan zaman qeydiyyatdan keçmiş fərdi yaşayış evinin sökülərək yerində 5 mərtəbəli qeyri-yaşayış təyinatlı binanın inşa olunduğu aşkar olunmuşdur. Yeni inşa edilmiş binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Eyni zamanda binanın tikintisinə icazə sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin tikiliyə dair təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə elektron kadastr məlumatına əsasən tikilinin bır hissəsi texniki pasportda qeyd edilən torpaq sahəsindən kənarda inşa edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2.). Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə rəy verilməsini (75.5.1.); bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə-bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini (75.5.2.). Həmin Məcəllənin 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə”nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı qanuni əsaslarla istifadəsində olan torpaq sahəsində əvvəllər inşa olunmuş xüsusi mülkiyyət hüququ ilə özünə məxsus fərdi yaşayış evinə dair müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış yeni layihəsinə uyğun xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* №-li “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat və **********63-10301 reyestr nömrəsi ilə fərdi yaşayış evi kimi qeydiyyata alınmış, ünvan 14 ünvanında yerləşən daşınmaz əmlakın Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunmuş 2018-ci il tarixli memarlıq planlaşdırma layihəsinə uyğun fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar