Məhkəmə qərarları › İş №2-1(112)-8968/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8968/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8968/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta stajının nəzərə alınmayan bir hissəsi üçün uyğun məbləğin hesablanıb, pensiya məbləğinə əlavə edilməsinin cavabdeh qurumdan tələb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək "xxxx" Sığorta Şirkətində, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” Müştərək Müəssisəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, 14 dekabr 2021-ci ildə 65 yaşının tamamında ona yaşa görə əmək pensiyası avtomatik olaraq hesablanmışdır. Elə həmin tarixdə əmək kitabçası və hərbi biletinin əslini cavabdehə təqdim etdikdə, cavabdeh orqan ona 2006-cı ildən əvvəlki dövrün sistemdə olmaması ilə əlaqədar sığorta stajının 1980-ci ilədək olan hissəsi nəzərə alınaraq hesablandığını və 1973-1980-ci illərin sığorta stajının bura əlavə edilmədiyini bildirərək, növbəti aylarda qurumun monitorinq xidməti tərəfindən araşdırılıb qərar çıxarılacağını bildirmişdir. Lakin monitorinq aparan əməkdaşın, Qara Qaya Sığorta Şirkəti və Nyu London Sığorta Kampaniyası LTD MMC-nin arxiv sənədlərini tapa bilmədiyini bəhanə gətirərək, cavabdeh 7 ilin sığorta stajını, pensiya məbləği hesablanarkən nəzərə almamışdır. O, cavabdeh orqana Qara Qaya Sığorta Şirkətinin sənədlərinin, şirkəti təsis edən X3, İngiltərə və Azərbaycan birgə müəssisəsi olan Nyu London Sığorta Kompaniyasının sənədlərinin isə yerli səhmdar, "xxxx" ASC-yə təhvil verildiyini bildirmişdir. Bundan başqa, həmin şirkətlər “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq fəaliyyət göstərərək, dövlət orqanları olan Sosial Müdafiə Fondu, Məşğulluq fondu, vergi qurumlarına və ölkədə sığorta sektoruna dövlət nəzarətini həyata keçirən Maliyyə Nazirliyinə (indi nəzarət funksiyası Milli Banka həvalə edilib) müvafiq ödənişləri həyata keçirmiş və hesabatlar təqdim edilmişdir. Həmin dövlət qurumlarının birinin arxivində monitorinq aparıb nəticəyə çatmaq olardı. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı 14 dekabr 2021-ci il tarixdə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının yeniden hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi müəssisələrdə faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin yoxlanılması mümkün olmamışdır. Həmin dövrlərin sosial sığorta stajına əlavə edilməməsi səbəbindən imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanımasından imtina edilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilən monitorinq zaman iddidaçının əmək kitabçasının surətində qeyd olunmuş “Qara Qaya Sığorta” kiçik müəssisəsinin xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı müəyyən edilmişdir. Eyni zamanda əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" MMC-nin xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Qara Qaya Sığorta” şirkəti və “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” müştərək müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Eyni zamanda iddiaçı barəsində xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Qara Qaya Sığorta” şirkəti və “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” müştərək müəssisəsələri barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Göründüyü kimi, iddiaçının işlədiyini iddia etdiyi “Qara Qaya Sığorta” şirkəti və “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” müştərək müəssisələri barəsində, eyni zamanda onların faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan barəsində həm Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, həm də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində heç bir məlumat əldə edilməmişdir. Bununla da, cavabdeh orqan tərəfindən iddiaçının həqiqətən də işləyibişləmədiyi, əmək haqqı alıb-almadığı və əmək haqqından sosial sığorta haqlarının tutulubtutulmaması yoxlanıla bilmədiyi üçün xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək həmin müəssisələrdə işlədiyini iddia etdiyi illər iddiaçının sosial sığorta stajına daxil edilmir. Bu səbəblə iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. İddiaçıya “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda ötən dövr üzrə (xx.xx.2021-ci il tarixdən) yaranmış fərq məbləği iddiaçının cari pensiyansının üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST" Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək “Qara Qaya Sığorta” şirkətindəki, xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" MM-dəki əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma bitdikdən sonra Sizin əmək pensiyanızın yenidən hesablanmasına baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2021-ci il tarixindən 590,06 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 68641,64 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 593,30 manat müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-cü il tarixinədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla xx.xx.2006cı il tarixinə kimi faktiki sığorta stajınız 24 il 5 ay olduğu halda, Sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği xx.xx.2022-ci il tarixindən 613,47 manata çatdırılmışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.1974-ci il tarixində adınıza tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən məlum olmuşdur ki, əmək kitabçanızın surətində qeyd olunmuş “Qara Qaya Sığorta” kiçik müəssisəsinin xx.xx.1993-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün qeyd olunan dövrün yoxlanılması mümkün olmamış və həmin dövr sosial sığorta stajınıza əlavə edilməmişdir. Eyni zamanda "Nyu London Sığorta Kompaniyası LTD” MMC-nin xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün qeyd olunan dövrün yoxlanılması mümkün olmamış və həmin dövr sosial sığorta stajınıza əlavə edilməmişdir. Bu səbəbdən sözügedən dövrlər sosial sığorta stajınıza əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) yaranmış fərq cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Dövlət reyestrində "xxxx" Sığorta Şirkətinin xx.xx.1992-ci il tarixdə 9 nömrə ilə və “Nyu-London Sığorta Kompaniyası (Bakı) LTD” Müştərək Müəssisəsinin xx.xx.1998-ci il tarixdə 460 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Halnazıradək həmin hüquqi şəxslər adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçıya xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1993-xx.xx.2001-ci illərdə "xxxx" Sığorta Şirkətində, xx.xx.2001-xx.xx.2002-ci illərdə “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” Müştərək Müəssisəsində işləmişdir. Lakin cavabdeh inzibati orqan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin yoxlanılmasının mümkün olmadığını qeyd etməklə bu dövrləri sosial sığorta stajınıza əlavə etməmiş, iddiaçının həmin qurumlarda işlədiyi dövrlər ona pensiya hesablanarkən nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlər iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir. Nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində "xxxx" Sığorta Şirkətinin xx.xx.1992-ci il tarixdə 9 nömrə ilə və “Nyu-London Sığorta Kompaniyası (Bakı) LTD” Müştərək Müəssisəsinin xx.xx.1998-ci il tarixdə 460 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddətlər də iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək "xxxx" Sığorta Şirkətində, xx.xx.2001ci ildən xx.xx.2002-ci ilədək “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” Müştərək Müəssisəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar