Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-897/2021 30.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil oldudan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 14 iyul 1962-ci il tarixdə İmişli şəhərində doğulmuşdur. Bu barədə İmişli rayon VVAQ bürosunda vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 10 yanvar 1963-cü ildə 16 nömrəli qeydiyyat aparılmaqla ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında iddiaçı 26 mart 1979-cu il tarixdə İX-JQ № 556462 saylı pasport almışdır. 1979-cu ildə orta məktəbi bitirniş, 1980-cı ildən 1982-ci ilədək hərbi xidmətdə olmuşdur. 1987-ci ildə X6 İnstitutunu bitirmişdir. 1991-ci ilin aprel ayında Azərbaycan Respublikasına qayıtmış, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 18 saylı evin 24 nömrəli mənzilində pasport qeydiyyatına və Bakı şəhəri Nəsimi Rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmaqla 6 avqust 1996-cı il tarixədək həmin ünvanda yaşamışdır. Hazirda Rusiya Federasiyasının vətəndaşıdır. AR Dövlət Miqrasiya Xidmətinə müraciət edərək 2019-cu ilin sentyabr ayından Azərbaycan Respublikasının Ağstafa rayonunun Eynallı kəndində müvəqqəti qeydiyyata alınmışdır. X1 və anası X2 milliyyətcə azərbaycanlı olmaqla Azərbaycan Respublikasının vətəndaşları olmuşlar. 11 fevral 2020-ci il tarixdə AR Dövlət Miqrasiya Xidmətinə sorğu ilə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmişdir. AR Dövlət Miqrasiya Xidməti 14 fevral 2020-ci il tarixdə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tamnmaması haqqında ******* saylı qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, guya onun «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbacan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (7 oktyabr 1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Qərar ona 11 mart 2020-ci il tarixdə verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın bu qənaətə gəlməsi tam əsassızdır. Çünki Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə təqdim etdiyi sənədlərdə onun 1991 – 1996-ci illərdə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 18 saylı evin 24 saylı mənzilində pasport qeydiyyatında və Nəsimi RHKda qeydiyyata olmağım barədə məlumatlar öz təsdiqini tapmışdır. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbacan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə Azərbaycan Respublikasının vətəndaşları sayılırlar ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsunlar. Göstərilənlərə və İPM-in 2.2.2, 33.1, 33.2, 45 – 47, 73.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən onun (iddiaçının) Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etrazında aşağıdakılar bildirilir: - İddiaçı iddiasına etiraz edilir və hesab olunur ki, iddianın heç bır əsası yoxdur. İddiaçı 11 fevral 2020-ci il tarixli müraciəti əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və AR Nazirlər Kabinetinin 18 mart 2015ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.11 və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə 14 fevral 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Hesab edilir ki, AR Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, 14 iyul 1962-ci il tarixdə İmişli şəhərində doğulsa da, sonradan Rusiya Federasiyasına getmiş, həmçinin həmin ölkənin vətəndaşlığını qəbul edərək nömrəli pasport əldə etmişdir (Azərbaycan Respublikasında onun pasport qeydiyyatında olması barədə məlumat yoxdur, bu barədə İAMAS üzrə məlumatlar etiraza əlavə olunur). Mövcud qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun 5.1-ci maddəsinə və «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.4.3-cü bəndinə əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi 7 oktyabr 1998-ci il tarixədək ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan («Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun qüvvəyə mindiyi günədək – 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının – və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. İşin hallarından da görünür kı, şəxs Rusiya Federasiyasına getmiş və hal-hazırda həmin ölkənin vətəndaşıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, İPM-in 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar çıxarılması və məhkəmə iclaslarının AR Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdehi nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun 5-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. AR Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardan biri kimi «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması nəzərdə tutulmuşdur. Həmin Qaydanın 3.1-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının sorğusu əsasında başlanılır. Həmin Qaydanın 3.11-ci bəndinə görə Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: - (4.1.1) bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda. Həmin Qaydanın 5.1-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsasların dairəsini konkret müəyyən etmişdir və Azərbaycan Respublikasının vətəndaşının «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaq şərtilə Azərbaycan Respublikasının vətəndaşlığında olması bu əsaslardan biridir. Məhkəmə qeyd edir ki, hazırkı İddiaçı iddiası üzrə hazırkı məhkəmə icraatında onun «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması halı müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının özü tərəfindən bu halla bağlı tutarlı sübut və dəlilllər nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim edilməmiş, eləcə də həmin halı təsdiqləyən və özünün əldə edə bilmədiyi sübutların toplanması üçün təşəbbüs belə qaldırmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan AR Dpvlət Miqrasiya Xidmətinin İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 14 fevral 2020-ci il tarixli qərarı (imtinası) qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-897/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-897/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver