Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-897/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “2010-cu ildən müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona 1992ci ildən “müharibə veteranı” adının və bu statusu təsdiq edən müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 2010-cu ildən “müharibə veteranı” adının və bu statusu təsdiq edən müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Buna baxmayaraq, ona “müharibə veteranı” adı və buna uyğun status xx.xx.2023-cü il tarixdən müəyyən edilmiş və “müharibə veteranı” vəsiqəsi həmin tarixdən verilmişdir. Ona görə də iddiaçı “müharibə veteranı” statusu üzrə 1992-ci ildən hazırkı dövrədək ala biləcəyi pensiya və müavinətlərdən məhrum olmuş və iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçıya “müharibə veteranı” olmaqla bağlı statusun və buna müvafiq vəsiqənin 1992-ci il tarixdən verilməsinə dair müraciəti cavabdeh orqan tərəfindən imtina ilə cavablandırılmışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını kobud surətdə pozur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən baxılaraq ona 10 fevral 2023-cü il tarixdə “müharibə veteranı” adı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 2 nömrəli əlavəsinin 1 nömrəli eskizindən görünür ki, “Müharibə veteranı” vəsiqəsində yalnız vəsiqənin verildiyi tarixin qeyd olunması üçün hissə ayrılmışdır. Həmin hissəyə şəxsin döyüşlərdə iştirak etdiyi tarix deyil, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən qeyd olunan vəsiqənin verildiyi tarixin qeyd olunması nəzərdə tutulmuşdur. İddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən 10 fevral 2023-cü il tarixdə “Müharibə veteranı” adı verilməklə inzibati orqan tərəfindən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə riayət edilmiş, qeyd olunan normativ hüquqi aktlarla üzərinə qoyulmuş öhdəliklər yerinə yetirilmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin 1992-ci ildən verilməsinə dair qərar qəbul edilə bilməz. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, iddiaçı “müharibə veteranı” adı verilməsi üçün 2010-cu ildə cavabdehə müraciət etdiyindən veteran adının həmin tarixdən verilməsini xahiş edir. Bu səbəbdən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletdə aparılmış qeyddən görünür ki, iddiaçı 27 noyabr 1982-ci il tarixdən 13 dekabr 1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi biletdə aparılmış qeyddən həmçinin müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Qarabağ ğrunda döyüşlərdə iştirak edib. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün daxil olan sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və ona 10 fevral 2023-cü il tarixdə “Müharibə veteranı” adı verilmişdir. İş materiallarına Müdafiə Nazirliyi “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən 10 fevral 2023-cü il tarixdə iddiaçıya verilmiş M/V seriyalı, 090180 nömrəli vəsiqə əlavə edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 090180 nömrəli veteran vəsiqəsi əsasında iddiaçıya xx.xx.2023-cü il tarixdən 80 manat məbləğində müharibə veteranlarına Prezident təqaüdü təyin olunub və hazırda ödənişi davam etdirilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona 2010-cu ildən müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnamənin qeyd edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara və həmin tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının müraciətinə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən baxılaraq ona 10 fevral 2023-cü il tarixdə “Müharibə veteranı” adı verilmişdir. İddiaçı hazırda döyüş əməliyyatlarında 1992-ci ildə iştirak etdiyini, habelə müvafiq vəsiqənin verilməsi üçün 2010-cu ildə müraciət etdiyini əsas gətirərək ona müharibə veteranı adının və bunu təsdiq edən vəsiqənin müraciət etdiyi 2010-cu ildən verilməsini xahiş edir. “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır (20.1.). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur (20.2.). İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1.). Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır (28.2.). Qanunun qeyd edilən müddəalarından göründüyü kimi fiziki və hüquqi şəxslərin ərizəsi inzibai orqan tərəfindən qeydiyyata alındığı andan inzibati icraat başlamış sayılır. Öncə qeyd edilməlidir ki, iddiaçı ona müharibə veteranı adı verilməsi üçün 2010-cu ildə cavabdehə müraciət etdiyini bildirsə də, onun həmin müraciətini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Yəni, iddiaçının məhz 2010-cu ildə həmin tələblə cavabdehə müraciət etməsi sübuta yetirilmir. Eyni zamanda iddiaçı həmin vaxt cavabdehə müraciət etmiş olsa belə, cavabdehdən imtina cavabı aldığı təqdirdə və ya onun müraciəti üzrə hər hansı araşdırma aparılmadığı, həmçinin aparılan araşdırmanın həddin artıq uzanmasının iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu təqdirdə iddiaçı məhkəməyə müraciət etməmiş və yalnız ona müharibə veteranı adı verildikdən sonra, həmin adın geri tarixdən verilməsini tələb etmişdir. Yəni, iddiaçı 2010-cu ildə cavabdehə müraciət etmiş olsa belə hüquqlarının pozulduğunu müəyyən etdiyi vaxt bununla razılaşmış, öz hüquqlarının pozulmasının qarşısının alınması üçün hər hansı hərəkət etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, qanunvericilikdə “müharibə veteranı” adının daha əvvəlki tarixdən verilməsi anlayışı mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında iddiaçının müraciətinə baxılmış və həmin tarixdən ona müharibə veteranı adı verilmişdir. Göründüyü kimi, iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən onun barəsində əlverişli inzibati akt qəbul edilmiş və nəticədə 10 fevral 2023-cü il tarixdə iddiaçıya “Müharibə veteranı” adı verilməklə icra edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “2010-cu ildən müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “2010-cu ildən müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-897/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-897/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver