Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8970/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlətin Təyinatı üzrə Mərkəz Filialına qarşı “Prezident təqaüdünün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlətin Təyinatı üzrə Mərkəz Filialına qarşı “Prezident təqaüdünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1967-ci il təvəllüdlüdür. PB 034000 №-li diploma əsasən iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: 1.08.1990-cı il tarixdən 29 iyul 1991-ci il tarixədək N.Nərimanov adına 1 №-li X3 xəstəxanasında həkim-interna vəzifəsində işləmişdir xx.xx.1991-ci il tarixdən 29 avqust 1994-cü il tarixədək Sumqayıt şəhər 3 №-li uşaq poliklinikasında sahə həkimi vəzifəsində işləmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək Sumqayıt şəhər 1 saylı doğum evində həkim-ginekoloq vəzifəsində işləmişdir. xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aspiranturada təhsil almışdır. xx.xx.2001-ci il tarixdən 11 iyul 2023-cü il tarixədən X1 İnstitutunda elmi işçi vəzifəsində işləmişdir (21 il 8 ay 11 gün). Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 3 yanvar 2011-ci il tarixli (protokol № 01-k) qərarı ilə iddiaçıya tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir və hazırda pensiya ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona həmin Fərmana əsasən Prezident təqaüdü təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya Prezident təqaüdünün təyin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il iarixinədək oian dövr ərzində Ə.Əiiyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aspirantura təhsili ərzində işləyib-işləmədiyinizin araşdırılmasına zərurət yaranmış və bu məqsədlə müvafiq sorğu göndərilmişdir. Mərkəzi Filialın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə xx.xx.2024-cü il tarixli birgə aktına əsasən xx.xx.1998-ci il tarixindən 01.112001-ci il tarixinədək olan dövr ərzində aspirantura təhsili ərzində ona əmək haqqı hesablanmamış və hər hansı əmək fəaliyyəti olmamışdır. Bu səbəbdən aspirantura təhsili dövrünün elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan staj kimi sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ayda 300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 sentyabr 1984-cü il tarixdən 30 iyun 1990-cı il tarixinədək (05 il 09 ay 29 gün) N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil müddəti, 01 avqust 1990-cı il tarixdən 29 iyul 1991-ci i tarixinədək (00 il 11 ay 29 gün) N.Nərimanov adına 1 №-li X5 xəstəxanasında həkim-interna vəzifəsində işlədiyim müddət və 01 noyabr 1998-ci ii tarixdən 01 noyabr 2001-ci il tarixinədək (03 il öö ay 00 gün) Ə.Əliyev adma Azərbaycan Dövlət Həkimnləri Təkmilləşdirmə İnstitutunda aspiranturada təhsil aldığım müddət Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 №-li Fərmanında göstərilmiş tələb olunan 25 il əmək stajı müddətinə daxil edilməlidir. Belə ki, həmin dövrdə qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin d-bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadrlar hazırlayan kurslarda, ixtisaslaşdırma və ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxildir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri, imtina məktubunun dəlilləri eyni məzmunludur. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil müddəti. İddia ərizəsində də qeyd olunduğu kimi həmin dövr iddiaçının yalnız təhsil müddəti əhatə edir və bu dövrdə iddiaçının işləməsi ilə bağlı heç bir sübut mövcud deyil. Belə ki, İddiaçı təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçası xx.xx.1990-cı il tarixdə, yəni təhsilini başa vurduqdan sonra doldurulmuşdur və kitabçada həmin tarixə qədərki əmək fəaliyyəti ilə bağlı heç bir qeyd mövcud deyil. Fərmandan isə aydın olur ki, təqaüd təyin edilən şəxslərdən təhsil müəssisəsində çalışması tələb olunduğuna görə 25 illik staja təhsil müəssisəsindəki təhsil müddəti deyil, yalnız iş müddəti daxil edilə bilər. Odur ki, təhsil müəssisəsi şəxsin çalışdığı iş yeri olduğu təqdirdə Fərmanda qeyd edilən staja daxil edilir. İddiaçının qüvvədən düşmüş “X2 haqqında” Qanunda təhsil müddətinin iş stajına daxil edilməsi ilə bağlı maddəyə istinad etməsi isə hazırkı iş üçün hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, həmin Qanunun giriş müddəalarından da göründüyü kimi bu normativ-hüquqi aktda yalnız pensiya təminatı məsələləri tənzimlənir. Fərmanda isə birbaşa göstərilmişdir ki, müvafiq Prezident təqaüdü əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək məqsədilə Prezident tərəfindən təsis edilmişdir. Buna görə də Qanunla müəyyən edilən əmək pensiyasının təyin edilməsi şərtləri Fərmanla müəyyən edilən təqaüdün təyin edilməsi şərtlərindən fərqləndirilməlidir. xx.xx.1990-cı tarixdən xx.xx.1991-ci il tarixədək N.Nərimanov adına 1 nömrəli X3 xəstəxanasında iş müddəti. “Elm haqqında” Qanunun 1.0.22-ci maddəsinə əsasən elmi müəssisə və təşkilat –elm və elmi-texniki fəaliyyətlə məşğul olan hüquqi şəxsdir. “Təhsil haqqında” Qanunun 1.0.47-ci maddəsinə əsasən təhsil müəssisəsi-müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Xəstəxana isə bu mənada istər elmi müəssisə və təşkilat, istərsə də təhsil müəssisəsi heab edilmir. xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aspirantura təhsil müddəti. Yuxarıda daha əvvəl də bildirildiyi kimi təhsil müddəti Fərmanın tələbləri baxımından staja daxil edilmir. İnzibati icraat materiallarından görünür ki, iddiaçının təhsil aldığı bu müddət ərzində işləyibişləməməsi ilə bağlı əmək kitabçasında hər hansı qeyd olmadığına görə müvafiq halın araşdırılması zərurəti yaranmışdır. X6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə xx.xx.2024-cü il tarixli birgə aktı tərtib olunmuş və həmin akta əsasən qeyd edilən dövr ərzində iddiaçıya əmək haqqı hesablanmadığı və hər hansı əmək fəaliyyətinin olmadığı aşkar edilmişdir. İddiaçı iddia ərizəsində məhz aspiranturada təhsil aldığına görə bu müddətin staja daxil edilməsini məhkəmədən xahiş etmiş və həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olubolmamasına münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 3 yanvar 2011-ci il tarixli (protokol № 01-k) qərarı ilə iddiaçıya tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi vermişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir və hazırda pensiya ödənilir. İddiaçı 25 ildən artıq elmi müəssisə, təşkilatlarda və təhsil müəssisələrində işlədiyini iddia edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanınım ona tətbiq edilərək ona Prezident təqadünün verilməsini xahiş etmişdir, cavabdeh iddiaçının elmi müəssisədə 25 ildən az (21 il 08 ay 10 gün) çalışdığını bildirərək, Prezident təqadünün verilməsindən imtina etlmişdir. Cavabdeh iddiaçının xx.xx.2001-ci il tarixdən 11 iyul 2023-cü il tarixədən X1 İnstitutunda elmi işçi vəzifəsində işləməsini (21 il 8 ay 10 gün) mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda və xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aspiranturada təhsil aldığı dövrlərdir. İddiaçı bununla razılaşmayaraq, xx.xx.2007-ci ilədək qüvvədə olmuş “X2 haqqında” Qanunun 67-ci maddəsinin “d” bəndinə əsasən, təhsil aldığı illərin onun sözügedən Fərmanda tələb olunan stajına daxil edilməli olduğunu bildirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, tələbin qanuni əsasını Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanı təşkil edir. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanı: ...
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; ...
4. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. Sözügedən Fərmanın istinad edilən bəndinə görə, Azərbaycan Respublikası Prezidentinin təqaüdü o şəxslərə vəsiqə verilir ki, 1) Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış olsun; 2) elmi dərəcəsi olsun; 3) İşləməsin; 4) əmək pensiyası hüququ olmuş olsun. Hazırkı işdə iddiaçıya münasibətdə mübahisələndirilən yeganə hal iddiaçının əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 ildən az çalışmasıdır. Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi “X2 haqqında” Qanunun 67-ci maddəsini əsas gətirməsinə münasibət bildirərək, qeyd edir ki, əvvəla həmin Qanun pensiya təminatı ilə bağlı məsələləri tənzimləyir. İddiaçıya da əmək pensiyası təyin edilmişdir. Hazırkı mübahisə isə pensiya təyinatı ilə bağlı deyil, Prezident təqaüdünün verilməsi ilə bağlıdır. Həmin təqaüdün verilməsi isə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanı ilə tənzimlənir. Həmçinin sözügedən Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyətinin növləri sadalanmışdır ki, bunlardan biri də ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətidir. Göründüyü kimi iddiaçının istinad etdiyi norma ümumi əmək stajına daxil olan fəaliyyət növlərini göstərməklə pensiya təminatı ilə bağlı məsələləri tənzimləyir. Beləliklə, işin faktiki və hüquqi hallarını araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı 25 il elmi müəssisədə çalışmadığı təqdirdə cavabdeh ona Prezidentinin təqaüdünün verilməsindən imtina etməkdə haqlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov