Məhkəmə qərarları › İş №2-1(112)-8973/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8973/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8973/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X5 və X6 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X5 və X6 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı X5 və X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 52, mənzil 31 (Yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 52, mənzil 31 (Yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli, **********QN72601 qeydiyyat nömrəli arayışla vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında adına xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qeydiyyat nömrəli dövlət reyestrindən adına çıxarış almışdır. Qeyd edir ki, qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslərlə heç bir yaxın qohumluğu yoxdur və həmin şəxslər sözügedən ünvanda yaşamırlar. Lakin, hal-hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Mənzilin bütün kommunal xərclərini iddiaçı olaraq o ödəyir. Həmin şəxslərin evində qeydiyyatda qalması ona maddi cəhətdən ziyan vurduğundan o, əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmış və mənzilinə mülkiyyət hüququndan istifadə edə bilmir. Ona görə də, həmin şəxslər ona məxsus olan evdən qeydiyyatdan çıxarılmalıdırlar.

3. Məhkəmənin 2-1(112)-8973/2025 saylı 04 aprel 2025-ci il tarixli qərardadı ilə X5 və X6 iş üzrə zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişlər.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz (münasibət) təqdim edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə, işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmliş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 52, mənzil 31 (Yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. Cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2025-ci il tarixli, 3-13-49/2-H- 1750/11 nömrəli məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edilməklə imtina edilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

9. 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.1981-ci il təvəllüdlü X6 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 52, mənzil 31 (Yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında qeydiyyatdadırlar.

10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 13-49/2-15383/2025 nömrəli məktubla bildirilmişdir ki, qeyd olunan vətəndaşların “Asan xidmət” Mərkəzi tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları səbəbindən “Fərdi uçot kartoçkası” Sabunçu RPİ-nin QMB-nin kartotekasında aşkar olunmamışdır. Belə ki, 4 saylı Bakı “Asan xidmət” Mərkəzinə müraciət edilməsi məqsədəmüvafiqdir.

11. Məhkəmənin sorğusuna əsasən 81 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 01/120 nömrəli, xx.xx.2025-ci il tarixli forma 2 arayışına əsasən 1981-ci il təvəllüdlü X6 və 2009-cu il təvəllüdlü X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 52, mənzil 31 (Yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında qeydiyyatda olsalar da, yaşamırlar.

12. 81 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən iddiaçıya məhkəmənin sorğusuna cavab olaraq verilmiş forma 2 arayışı ilə eyni məzmunlu 01/137 nömrəli, xx.xx.2025-ci il tarixli arayış verilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 19 may 2025-ci il tarixli, 3-21-3- 30/2-20170/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğuda adları qeyd olunan şəxslərin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qedyiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin, sözügedən ünvana dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, işin hallarından müəyyən edilir ki, hazırki iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər iddiaçının özünün razılığı ilə ona məxsus ünvana qeydiyyata düşmüşlər. İddiaçı, həmin şəxslərin sözügedən ünvanda yaşamamalarının, həmin mənzilə dair heç bir hüquqlarının olmamasını, mənzilin tam şəkildə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmasını əsas gətirərək həmin şəxslərin sözügedən ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş edir.

21. Məhkəmə hesab edir ki, işin göstərilən faktiki halları üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı yaşayış sahəsinə istifadə hüququnun olub-olmamasının qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Bununla bağlı aşağıdakı maddi hüquq normalarının qeyd edilməsi zəruridir.

22. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar

23. Qeyd olunan normaların tələblərindən göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mülkiyyətçinin ailə üzvlərinin sırasına isə mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, həmçinin mülkiyyətçi tərəfındən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş digər qohumlar, himayəsində olan əmək qabiliyyəti olmayanlar daxil edilmişlər.

24. Üçüncü şəxslər isə qeydiyyatda olduğu mülkiyyətçisinin tanışı olmaqla, Mənzil Məcəlləsinin yuxarıda istinad olunan 30.1-ci maddəsinə əsasən o, həmin evin mülkiyyətçisinin ailə üzvləri sırasına aid edilmir.

25. Belə ki, mülkiyyətçinin digər qohumları, həmçinin mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfındən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

26. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsi ehtiva edir; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafıq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

27. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasınm tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur; Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarma aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxsin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir; Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün "yaşayış sahəsindən istifadə etmək hüququ" ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarınm sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur; Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafıq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur; Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini, eləcə də qardaş və bacının bir-birini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir; Bundan başqa, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mlkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa ondan həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

28. Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən uzaq qohumlar mülkiyyətçinin digər qohumu sırasına daxil deyildir. Beləliklə, üçüncü şəxslərin yaşayış sahəsinin mülkiyyətçisindən, yəni iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, o iddiaçının ailə üzvü, yaxud iddiaçının digər qohumu hesab edilə bilməz.

29. İşin hazırkı hallarından isə aydın olur ki, üçüncü şəxslərdən heç biri mülkiyyətçinin ailə üzvü hesab edilmədiyi üçün, eyni zamanda üçüncü şəxslərin heç biri mənzilin mülkiyyətçisinin digər qohumları sırasına aid edilmədiyindən, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evə qeydiyyata alınmalarına baxmayaraq, onların həmin evə istifadə hüquqları yaranmamışdır və onların həmin mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi hüquq və mənafelərinə toxunur.

30. Beləliklə, yuxarıda adıçəkilən mülki hüquq normalarının tələbləri ilə müəyyən edilir ki, üçüncü şəxslər yaşayış sahəsinə istifadə hüququ olmayan şəxslərdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu da, həmin şəxslərin istifadə hüququna malik olmadığı bir daha təsdiq edir. Belə ki, AR MM-nin 139.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin yaşayış sahəsi ilə bağlı istifadə hüququ qeydiyyata alınmalıdır.

31. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

32. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin məzmunu baxımından da qiymətləndirmə aparıldıqda hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas yaranır. Belə ki, yuxarıda adıçəkilən Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxsin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

33. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, yaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2025-ci il tarixdə (iş materiallarında olan iddiaçının adına olan çıxarış) qeydiyyat aparılmışdır.

34. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması nəticəsində üçüncü şəxsin həmin yaşayış sahəsində faktiki olaraq yaşamadığı da, müəyyən edilmişdir.

35. Göründüyü kimi istər, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir.

36. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyətlə qeydiyyatsız qalmalarına da, səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərədə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir.

37. Göründüyü kimi, cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçıların müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.

38. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçının həmin şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

39. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

40. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

41. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

42. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

43. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

44. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

47. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

48. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

49. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

50. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

52. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

53. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

54. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

55. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.1981-ci il təvəllüdlü X3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 52, mənzil 31 (Yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar