Məhkəmə qərarları › İş №2-1(112)-8976/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8976/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8976/2021 20.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1 və X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X4 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı Cavabdehnə qarşı “uşağa Mühəmmədəli adının verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və X4 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı Cavabdehnə qarşı “uşağa Mühəmmədəli adının verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar birgə nikah dövründən dünyaya gəlmiş ovladına “Muhəmmədəli” adının verilməsi ilə bağlı cavabdehə müraciət etmişlər, lakin cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. İmtina məktubuna əsasən onların seçdiyi ad dövlət dilinə uyğun olmadığına görə ərizənin təmin edilməsi mümkün olmamışdır. İddiaçılar imtina məktubunun əsassız olduğunu hesab edirlər və bu halı onunla əsaslandırırlar ki, “Muhəmmədəli” adı qadağan olunmuş adlar siyahısına daxil edilməmişdir. İddiaçılar hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iddiaçılar yeni doğulmuş övladına “Muhəmmədəli” adı ilə dövlət qeydiyyatına alınması ilə əlaqədar 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, inzibati orqan isə seçilmiş “Muhəmmədəli” adının Azərbaycan Respublikasının Nazirlər Kabineti Terminologiya Komissiyasının və AMEA X3 Elmi Şurasının qərarı əsasında Azərbaycan Respublikasının dövlət dilinə uyğun olmadığı səbəbi ilə imtina etmişdir. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, mübahisə predmetini təşkil edən “Muhəmmədəli” adının Azərbaycan Respublikasının dövlət dilinə uyğun olub-olmaması, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının rəyi əsasında Azərbaycan mənşəli ad olub-olmaması araşdırılmalıdır. Bu araşdırmaların aparılmasından əvvəl isə, məhkəmə aşağdaki səciyyələnmiş qanunvericilik və normativ hüquqi aktların tələbləri baxımından uşağa adın hansı təməl prinsiplərə görə qoyulmasını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası: Maddə 32. Şəxsi toxunulmazlıq hüququ İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. “Dövlət dili haqqında” Qanunun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin: -1.1-ci bəndinə görə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir. -1.2-ci bəndinə görə komissiya ictimai əsaslarla fəaliyyət göstərir və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur. -2.1-ci bəndinə görə komissiyanın əsas vəzifələri aşağıdakılardır: 2.1.10. müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tariximənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi; 2.1.11. orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.3 və 1.4-cü bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Həmin Qaydaların 1.5-ci bəndinə görə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. -53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. -54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Şərh olunan qanunvericiliyin müddəalarına keçməzdən əvvəl, məhkəmə bildirir ki, onomastikanın əsas və ən geniş yayılmış sahəsini antroponimika təşkil edir. Bu termin dilçilikdə “insan adları haqqında” işlənir. Şəxsə ad qoyulan zaman, onomastik leksika müəyyənləşdirilir, adın etimoloji, semasioloji, morfoloji, leksik, fonetik cəhətləri iə bərabər, onun sintaktik rolu da nəzərə alınmalıdır. Şəxsə, hazırki halda uşağa adın verilməsi valideyinlərin razılığı əsasında verilir. Bu zaman əhəmiyyət kəsb edən hal odur ki, valideyinlərin ovladlarına qoyulmasını arzuladığı ad müvafiq olaraq Azərbaycan mənşəli adların kateqoriyalarına aid edilməlidir ki, bu kateqoriyalara uyğunluq məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının rəyi əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyanın 23.04.2021-ci il tarixli rəyinə görə, “Məhəmməd” adının onomastik adlar sistemində iki forması – “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış formasıdır. Digər formalarda “Muhammed”, “Mühəmməd”, “Mohammad” formaları Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmir. 2013-cü ildə nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (səh. 825) orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” və “Məmməd” formaları düzgün yazılış forması kimi göstərilmişdir. Bununla da orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” formasında yazılışı düzgün hesab edilir. (Rəy ilə bağlı hissə Ali Məhkəmənin 2-1(102)-739/2021 saylı qərarında qeyd olunmuşdur.) Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Oxşar işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hazırkı qərarın 29-cu bəndində göstərilən hüquqi mövqeyindən də görünür ki, ad və soyadın seçilməsi hər bir dövlətin özünəməxsus orfoqrafik qaydalarından asılı olduğundan, bu sahədə dövlət orqanlarına müvafiq ad və soyadın qoyulmasına razılıq verilib-verilməməsi istiqamətində geniş səlahiyyətlər verilmişdir. Bununla bağlı AİHM-nin qeyd etdiyi və hazırkı işin hallarına da uyğun olan əsas mövqeyi ondan ibarətdir ki, soyadların və adların verilməsi, tanınması və istifadəsi prosesi, milli xüsusiyyətlərin ən güclü olduğu və Razılığa gələn Dövlətlərin daxili qaydaları arasında praktik olaraq heç bir yaxınlaşma nöqtəsinin olmadığı bir sahədir. Bu sahə, Avropa Şurasına üzv dövlətlər arasındakı böyük müxtəlifliyi əks etdirir. Bu ölkələrin hər birində adların istifadəsi tarixi, dil, dini və mədəni mahiyyətli bir çox amildən təsirlənir ki, ortaq məxrəc tapmaq son dərəcə çətindir, hətta mümkün deyil. Nəticə etibarilə, dövlət orqanlarının bu sahədə istifadə etdikləri səlahiyyətlər həddi xüsusilə genişdir. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, adın qoyulması və ya dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir Şəxslərin seçdiyi xarici mənşəli adın və ya soyadın Azərbaycan dilinin lüğət tərkibindəki forması həmin adın orijinal variantından hədsiz fərqlənmirsə, dövlət orqanları tərəfindən həmin adın və ya soyadın Azərbaycan dilindəki formasının qoyulması məqsədəuyğun hesab edilə bilər. Nəzərə alınmalıdır ki, bir dövlətin səlahiyyətli orqanları fərqli bir yazı forması istifadə edən bir ölkədən bir şəxsin adını köçürmək məcburiyyəti qarşısında olduqda əlifbalar arasındakı fərq transliterasiyanı zəruri edə bilər. Adı daşıyan şəxsin ev sahibliyi etdiyi ölkənin bütün sosial münasibətlərinə inteqrasiyasını davam etdirərkən eyni tərcüməni tətbiq etmək üçün müxtəlif metodlardan istifadə edilə bilər. Bununla birlikdə, ən geniş yayılmış metod fonetik transkripsiyadır. Onun məqsədi adın tələffüzünü mümkün qədər onun orijinal formasına uyğunlaşdırmaqdır. Hazırkı işdə isə iddiaçının övladlarına arzuladığı “Muhəmmədəli” adının dilçiliyin bir bölməsi olan leksikologiyaya görə iki kökdən, yəni “Muhəmməd” və “Əli” köklərindən ibarətdir. Sözün birinci kökü olan “Muhəmməd” adı ilə onun ənənəvi fonetik prinsipə uyğun olan “Məhəmməd” və “Məmməd” adları arasında əhəmiyyətli fərq yoxdur. İddiaçının övladının adının “Muhəmmədəli” yox, məhz “Məhəmmədəli” olması Azərbaycan dilinin milli köklərinin və dilin orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır. Dövlət dilinin qorunması özlüyündə legitim məqsəddir və AİHM-nin və Konvensiyanın yuxarıda əks olunmuş mövqeyindən də göründüyü kimi, müdaxilə legitim məqsədə yönəlmiş olduğu halda hüquq pozuntusu kimi qəbul edilə bilməz Belə ki, sözügedən legitim məqsədə çatmaq üçün cavabdeh orqan tərəfindən edilmiş müdaxilə iddiaçı üçün müəyyən narahatlıq törətsə də, qeyri-mütənasib hesab ediləcək, yaxud da Konvensiyanın pozulması kimi qiymətləndiriləcək həddə deyil. Odur ki, orqan tərəfindən belə halda müdaxiləyə yol verilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, şəxsi həyatın toxunulmazlığı iddiaçının konstitusion hüququdur və Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər, məhdudlaşdırma isə Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Ad və soyadın qoyulması və ya dəyişdirilməsi şəxsi və ailə həyatının toxunulmazlığı ilə əlaqədardır ki, bu hüquq da Konstitusiyanın 32-ci maddəsində təsbit olunmuşdur. Hazırkı qərarın 25-ci bəndində göstərilən normaların məzmunundan isə görünür ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Artıq məlum olduğu kimi hazırkı iş üzrə “Muhəmmədəli” adının qoyulmasından imtina edilməsi Azərbaycan dilinin milli köklərinin və orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır ki, dilin milli köklərinin və orfoqrafik qaydalarının qorunması da birbaşa olaraq dövlət təhlükəsizliyi mənafeləri ilə bağlıdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçıların övladına “Muhəmmədəli” adının qoyulmasından imtina edilməklə iddiaçının Konstitusiyada nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılsa da, bu məhdudlaşdırma qanuni məqsədə yönəlmişdir. Eyni zamanda, iddiaçıların övladına qoymaq istədiyi “Muhəmmədəli” adı ilə onun ənənəvi fonetik prinsipə uyğun olan “Məhəmmədəli” və “Məmmədəli” adları arasında əhəmiyyətli fərq olmadığından cavabdehin imtinası qanuni məqsədə yönəlməklə yanaşı, həm də həmin məqsədə mütənasibdir. Beləliklə, iddiaçının övladına “Muhəmmədəli” adının qoyulmasından imtina edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü bəndinə uyğundur və bu zaman iddiaçının hər hansı bir konstitusion hüququnun pozulmasından söhbət gedə bilməz. Odur ki, iddiaçı cavabdeh orqanın imtinasının hüquqi əsasının olmamasına istinad edərək imtinanın qanunsuz olduğunu bildirsə də, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin imtinası qanunidir və iddiaçının Konstitusiya ilə təsbit edilmiş hüququnun məhdudlaşdırılması qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar