Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8977/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasını qanunsuz və əsassız hesab edilməklə, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına ilkin hüquqi qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ünvan 1, mənzil 35-in onun adına özəlləşdirilməsini həyata keçirməklə mülkiyyət hüququnun qeydiyyata alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006 - ci il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” nın icrası ilə əlaqədar yaşadıqları binanın qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüş və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamında da qeyd olunduğu kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsinə xahiş etmişdir. Bu müraciət və Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai mənzil Komissiyasının təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilmişdir. Bununla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən ev 46, 3-cü giriş, 3-cü mərtəbə, 3 otaqlı, 100.2 kv.m olan 35 saylı mənzili 5 nəfər ailə tərkibi olmaqla iddiaçıya ailəsi ilə birlikdə verilmişdir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən müvafiq mənzilin plancizgisi də tərtib edilmişdir. İddiaçı 2012-ci ildən fasiləsiz olaraq müvafiq mənzildə yaşayır. Bundan başqa, 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş “Forma 2” arayışından da görünür ki, müvafiq mənzil tam kommunal şəraitlidir. Mənzilin bütün kommunal xərcləri mütəmadi olaraq iddiaçı tərəfindən ödənilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 219 saylı sərəncamı ilə təsdiq olunmuş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı ilə ünvan 2 ünvanı) yerləşən yaşayış binası dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir. Hətta müvafiq binada yerləşən bəzi mənzilər daşınmaz əmlakın reyestrində ilkin hüquqi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışlar və texniki sənədlər verilmişdir. İddiaçı yaşadığı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı tələb olunan sənədlərlə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi 46 saylı evin, 35 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 136 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Məlumat üçün qeyd edilir ki, mənzilin ümumi sahəsi 97.4 kv.m təşkil edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ rayon İcra hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarının təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətini və Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında “İctimai mənzil komissiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublikası Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq edilmişdir. Sərəncamın 1.34-cü bəndində göstərilmişdir ki, iddiaçı xx.xx.1998-ci ildən 4 nəfər ailə tərkibi ilə ARDNŞ üzrə mənzil növbəsində dayanmış, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 46, 3-cü giriş 3-cü mərtəbə, 3 otaqlı, sahəsi 65.2 kv.m olan 35 saylı mənzil 5 nəfərlik ailə tərkibinə verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı birliyi 150 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 51 saylı xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, iddiaçı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46, 3-cü mərtəbə, 3 otaqlı, sahəsi 65.2 kv.m olan 35 saylı mənzildə yaşayır və həmin evdə 7 nəfər ailə üzvü qeydiyyatdadır. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2012-ci il tarixli aktından görünür ki, tikintisi başa çatmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 24 a, 25 və 27-ci məhəllələrdə 6 mərtəbəli 4 girişli yaşayış binası istismara qəbul edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli **********098 saylı, **********099 saylı və **********101 saylı notarial formada təsdiq edilmiş ərizələrdən müəyyən edilir ki, iddiaçının onun birlikdə yaşayan və sözügedən mənzildə qeydiyyatda olan ailə üzvləri müvafiq olaraq X4, X3 və X1 ünvan 1, mənzil 35-in iddiaçının adına özəlləşməsinə razı olduqlarını və etirazları olmadığını bildirmişlər. Sözügedən binanın sakinləri (S.Əliyev, E.Həsənov, K.Əliyeva) tərəfindən tərtib edilmiş və imzalarla təsdiq edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən X5 ünvan 1, mənzil 35-də qeydiyyatda olsa da, həmin mənzildə 2014-cü ildən bəri yaşamır. Ailəsinin dediyinə görə o, ailə həyatı quraraq ABŞ-a köçmüşdür. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan müəyyən edilir ki, Tahirova (Yunuslu) Lalə Vaqif qızı sonuncu dəfə dövlət sərhəddindən xx.xx.2016-cı il tarixdə çıxmışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı xx.xx.2025-ci il tarixli məktubla Bakı Şəhər Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 136 nömrəli 15 oktyabr 2012-ci il tarixli Sərəncamından təsdiq edilmiş arxiv çıxarışını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda bildirmişdir ki, iddiaçı 5 nəfər ailə tərkibi ilə ünvan 1 ünvanında yerləşən 35 saylı mənzillə təmin olunmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunda iddiaya yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən mənzilə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.11.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.11). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1). Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər (5). Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz (8). Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, işdən görünür ki, müvafiq proqramın icrası ilə əlaqədar qəzalı vəziyyətdə olan müəyyən binalar Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş və həmin bina sakinləri yeni mənzillərə köçürülmüşdür. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamı ilə iddiaçı (özü daxil olmaqla) 5 nəfər ailə tərkibi ilə ünvan 1 ünvanında yerləşən 35 saylı mənzillə təmin olunmuşdur. İddiaçı hazırda həmin sərəncama əsaslanaraq mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının mənzil üzərində mülkiyyət hüququnun yaranma əsası kimi qeyd edilməsinə baxmayaraq hazırkı mübahisənin mahiyyəti araşdırılarkən iddiaçıya mənzilin hansı məqsədlə ayrıldığı müəyyən edilməlidir. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi mənzil qəza vəziyyətində olan evlərin sakinlərinə həmin evlər söküldükdən sonra yaşayış məqsədilə verilmişdir. Yəni, həmin mənzil xüsusi təyinatlı mənzil kimi, xidməti formada və yaxud sosial kirayə müqaviləsinə əsasən iddiaçıya ayrılmamışdır. Həmin mənzilin ayrılmasında məqsəd iddiaçının və onun ailəsinin mənzillə təmin edilməsi, dolayısı ilə mənzilin onun və ailəsinin mülkiyyətinə verilməsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır və kommunal xidmətlərdən istifadə edir. İddiaçının sözügedən mənzillə bağlılığı mövcuddur və onun mənzilə gözlənilən mülkiyyət hüququ var. Həmin mənzildə iddiaçının 7 nəfər ailə üzvü qeydiyyatda olsa da, onlardan ikisi yetkinlik yaşına çatmamış (Yusif Tahirov və Asif Tahirov) şəxslərdir. Bir ailə üzvü (Lalə Yunuslu) həmin evdə uzun müddət yaşamır və ölkədən 2016-cı ildə çıxmış və geri qayıtmamışdır. Digər 3 ailə üzvü isə mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıqlarını notarial şəkildə təsdiq olunmuş ərizələrdə ifadə etmişlər. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1-da yerləşən 35 saylı mənzilə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1-da yerləşən 35 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-8977/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8977/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver