Məhkəmə qərarları › İş №2-1(112)-8979/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8979/2021

13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8979/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə əsasında istifadə hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Sabunçu rayonu Zabrat Bələdiyyəsinin 12.11.2007-ci il tarixli, 410 saylı icarə müqaviləsi ilə mənə, İddiaçı verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 sayh şimal hissəsində yerləşən 20 kv.m. torpaq sahəsinə dair istifadə hüquqlarım dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu Zabrat Bələdiyyəsinin 12.11.2007-ci il tarixli, 410 saylı icarə müqaviləsi ilə, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı şimal hissəsində yerləşən 20 kv.m. torpaq sahəsi yüngül konstruksiyalı ticarət obyektinin quraşdırılması məqsədi ilə icarəmə verilmişdir. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri. Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı şimal hissəsində yerləşən 20 kv.m. torpaq sahəsinə dair mənim istifadə hüquqlarım dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdim. Lakin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 35 gündən çox müraciətimə cavab verməməklə müraciətdən imtina etmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müraciətimdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız olunmalı və Sabunçu rayonu Zabrat Bələdiyyəsinin 12.11.2007-ci il tarixli, 410 saylı icarə müqaviləsi ilə mənə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı şimal hissəsində yerləşən 20 kv.m. torpaq sahəsinə dair istifadə hüquqlarım dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməlidir.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya verilən 30.07.2021-ci il tarixli yazılı imtinada torpaq sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Həmçinin icarə müqaviləsində düzəliş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4480/2021 saylı inzibati işi üzrə məhkəmə mübahisəsi davam edir. Eyni zamanda torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarı və həmçinin tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə qanunvericiliyə uyğun sənədlər təqdim edilmədiyi üçün ərizəsinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq: dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına: dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə, idarə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən sahibkarlıq fəaliyytinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına; müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət çüddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə verilə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-cü bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir.

4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)- 334/2016 nömrəli iş üzrə 17.03.2016-cı il tarixli qərarına əsasən, iddiçı İddiaçı ilə Bakı şəhəri, Sabunçu rayon Zabrat Bələdiyyəsi arasında bələdiyyə torpaqlarının (yaşayış və qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 12.11.2007-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 20 kv.m. olan torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Sözügedən məhkəmə qərarı icra edilərək “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bBələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən, orpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş olunur.

5. Məhkəmənin 15.11.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat bələdiyyəsinin 12 noyabr 2007-ci il tarixli 410 saylı icarə müqaviləsi ilə İddiaçı verilmiş Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsinə dair icarə əsasında istifadə hüquqlarının dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.

6. Cavabdeh iddia tələbinin qeyd edilən şəkildə dəyişdirilməsinə etiraz etməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-334/2016 nömrəli iş üzrə 17.03.2016-cı il tarixli qərarına əsasən, iddiçı İddiaçı ilə Bakı şəhəri, Sabunçu rayon Zabrat Bələdiyyəsi arasında bələdiyyə torpaqlarının (yaşayış və qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 12.11.2007-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 20 kv.m. olan torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.

8. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1258/2016 nömrəli iş üzrə 06.10.2016-cı il tarixli qərarına əsasən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 17.03.2016-cı il tarixli, 2-1(103)-334/2016 saylı qərarı dəyişdirilmədən saxlanmışdır.

9. Qeyd edilən məhkəmə qərarı icra olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı binanın şimal hissəsində yerləşən 0,002 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq iddiaçıya təqdim edilmişdir.

10. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat Bələdiyyəsi tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat Bələdiyyəsi ilə vətəndaş İddiaçı arasında bələdiyyə torpaqlarının (yaşayış və qeyri yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 12 noyabr 2007-ci il tarixli, 410 nömrəli icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən torpaq sahəsi (20m2) “yüngül konstruksiyalı ticarət obyektinin quraşdırılması” məqsədilə uzun müddətə 12 noyabr 2022-ci ilədək bağlanmışdır. ( müqavilənin 6.1-ci bəndi) və həmin müqavilə hal-hazırda da qüvvədədir. Müqavilənin 5.5-ci bəndinə aydınlıq gətirilməsi üçün məhkəmənin nəzərinə çatdırırıq ki, tərəflər arasında bağlanmış 12 noyabr 2007-ci il tarixli, 410 nömrəli icarə müqaviləsi müddətli müqavilə olduğundan hazırki vəziyyətdə müqavilə müddətinin başa çatmasına 1 ildən artıq müddət vardır. Müqavilə müddəti başa çatan zaman tərəflər qeyd edilən bəndin (müq.5.5-ci bəndi) tələblərinə müvafiq olaraq bu və ya digər formada münasibətlərini bildirəcəklər.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə baxışı iclasında (şifahi məhkəmə dinləmələri zamanı) iştirak edən iddiaçı torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə baxışı iclasında (şifahi məhkəmə dinləmələri zamanı) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

19. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

23. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

24. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-334/2016 nömrəli iş üzrə 17.03.2016-cı il tarixli qərarına əsasən müəyyən olunur ki: ... Göründüyü kimi torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilikdə zəruri dəyişikliklər edilərək daşınmaz əmlak üzərinə hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi və verilməsi vəzifəsi DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə aid edilmişdir... (qərarın 4-cü vərəqi, sonuncu abzas); ... Qeyd edilən hüquq normasından görünür ki, fiziki şəxsin mülkiyyətinə (icarəsinə) yalnız fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağı ayrıldığı halda müvafiq icra hakimiyyəti orqanlarının rəyi tələb olunur. İş materiallarında olan icraə müqaviləsindən görünür ki, Zabrat qəsəbəsi, İstixana kombinatı 35 saylı binanın şimal hissəsi ünvanında yerşəşən ümumi sahəsi 20 kv.m. olan torpaq sahəsi iddiaçının icarəsinə hər hansı tikinti üçün deyil, yüngül konstruksiyalı ticarət obyektinin (ticarət köşkü) quraşdırılması məqsədilə verilmişdir. Göründüyü kimi torpaq sahəsinin ayrılması məqsədi – yüngül konstruksiyalı ticarət obyektinin (ticarət köşkü) quraşdırılması iddiaçıya torpaq ayrılarkən torpaq sahəsinə dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri şöbəsinin rəylərinin tələb olunmasını istisna edir. Həmçinin cavabdehin imtina etdiyi üçün qeyd etdiyi icarə müqaviləsinin tarixində edilmiş düzəlişlə bağlı kollegiya aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusu əsasında Zabrat Bələdiyyəsi tərəfindən təqdim edilmiş (3 dəfə) icarə müqaviləsinin surətindən görünür ki, iddiaçıyla Zabrat Bələdiyyəsi arasında Zabrat qəsəbəsi, İstixana kombinatı 35 saylı binanın şimal hissəsi ünvanında yerləşən ümumi sahəsi 20 kv.m. olan torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin müddətindən bəhs edən 6-cı maddəsində icarə müqaviləsinin 12 noyabr 2007-ci il tarixdən 12 noyabr 2022-ci il tarixə qədər müddətə bağlandığı qeyd edilmişdir. Sözügedən icarə müqaviləsinin 2022-ci ilədək bağlanması barədə razılıq (üzərinə dəyişiklik olmaqla) tərəflərin imzaları, eləcə də Zabrat Bələdiyyəsinin möhürləri ilə təsdiq olunmuşdur. Kollegiya həmçinin onu da qeyd edir ki, müqavilənin müddətində sonradan birtərəfli qaydada düzəliş edilməsi məsələsi Zabrat Bələdiyyəsi tərəfindən mübahisələndirilməmişdir (qərarın 6-cı vərəqi 3-6-cı abzaslar)...

25. Məhkəmə qərarının preyudisiallığı ilə bağlı: -"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2021-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə: Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı); -Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları).

26. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Odur ki, məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2- 1(103)-334/2016 nömrəli iş üzrə 17.03.2016-cı il tarixli qərarı hazırki iş üzrə tərəflər üçün preyudisialdır.

27. X4 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

28. X4 Məhkəməsi dəfələrlə qərarlarında əmlak marağı olduqda “aktiv”i, eləcə də hüququ təsdiq edən məhkəmə qərarlarını (“X2 A.O” Belçikaya qarşı; Burdov Rusiyaya qarşı işlər), icarə hüququnu (İatridis Yunanıstana qarşı iş) mülkiyyət kimi qiymətləndirmişdir.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

30. Məhkəmə müəyyən edir ki, iddiaçının icarə hüququ əsasında istifadəsində ona torpaq sahəsinə hüququnun qeydiyyata alınması üçün qeyd edilənlərə əsasən “qanuni gösləntisi” var.

31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, torpaq sahəsinə dair icarə hüquqlarının qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsinə dair icarə əsasında istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar