Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8979/2023 20.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "iddiaçıya kompensasiyanın düzgün hesablanması və ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiaçının pul təminatına daxil olan 64 manat miqdarında ərzaq pulu nəzərə alınmaqla kompensasiyanın yenidən tam şəkildə hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mayor rütbəli ehtiyatda olan zabitidir və ikinci dərəcəli müharibə əlilidir. 04 avqust 2001-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 15 iyul 2008-ci il tarixindən 28 sentyabr 2019cu il tarixinədək Müdafiə Nazirinin müvafiq nömrəli əmrinə əsasən, xüsusi təyinatlı hərbi hissədə xidmət keçmişdir.Hazırda isə Müdafiə Nazirinin 0699 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.Həmçinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq ikinci dərəcəli müharibə əliliyi təyin olunmuşdur. Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanununun 20.12-ci maddəsinə və həmin Qanundan irəli gələn Nazirlər Kabinetinin 23 noyabr 2004cü il tarixli, 180-24 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq iddiaçı xəsarət aldığına görə Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 3 illik pul təminatı miqdarında kompensasiya təyin olunmuşdur.Nəticə etibarı ilə Müdafiə Nazirliyi tərəfindən iddiaçının hesabına 50598 manat məbləğində kompensasiyanın ödənilməsi halı işin mübahisələndirilməyən halıdır. Lakin hazırda iddiaçıya məlum olmuşdur ki, Müdafiə Nazirliyi tərəfindən ödənilmiş kompensasiya məbləği tam şəkildə olmamaqla,düzgün hesablanmamışdır.Belə ki, Müdafiə Nazirliyi tərəfindən iddiaçıya məxsus kompensasiya məbləği hesablanan zaman pul təminatına (təminat xərcliyinə) daxil olan ərzaq pulu əvəzinə ödənilən 64 manat məbləği nəzərə alınmadığından ümumi kompensasiya məbləğinə hesablanmamış və iddiaçının hesabına köçürülməmişdir. Son nəticədə isə iddiaçının hesabına 52902 manat ödənilməli olduğu halda yalnız 50598 manat məbləğində pul ödənilmişdir.Belə ki,(pul təminatı 1469.50 manat x 36 ay =52902 manat – 50598 manat =2304 manat) 64 manat ərzaq pulu x 36 ay =2304 manat miqdarında xəsarətə görə kompensasiyanın qalıq hissəsi yaranmışdır. Qeyd olunan 2304 manat kompensasiyanın qalıq məbləği ilə bağlı 14 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığı ərizəyə maliyyəçilər tərəfindən baxılmışdır.Həmin ərizəyə verilmiş 31 mart 2023-cü il tarixli cavab məktubuna əsasən,iddiaçıya məxsus olan kompensasiyanın yenidən düzgün şəkildə hesablanmasından və ödənilməsindən həmişəki kimi analoqu olmayan cavab verilməklə imtina edilmişdir.Belə ki,cavab məktubunu hazırlayan maliyyəçihüquqşunas ilk növbədə pul təminatının cəmi ilə təminat xərcliyinin cəminin ayrı-ayrı anlayış olmasını qara hərflər ilə qeyd etməklə, Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquq elminə bir yenilik gətirmiş olmuşdur.Növbəti fikirlərində isə Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamənin daha dəqiq hansı maddəsinə və bəndinə istinad göstərmədən,ümumi söz toplusundan ibarət sitatları ilə həmin Əsasnaməni Azərbaycan Respublikasının qanunvericiliyindən üstün hesab etmişdir. Nəticə etibarı ilə cavabdehin mövqeyi qanunvericiliyə zidd olduğundan və iddiaçını qane etmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddia ərizəsinə etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli, 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiya ödənilir.Yuxarıda qeyd edilən Qaydalardan göründüyü kimi, kompensasiyanın ödənilməsi üçün təminat xərcliyi deyil, 3 illik pul təminatı nəzərə alınır."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinin icrası ilə bağlı tərtib edilmiş Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli, 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin 1.2-ci bəndinə uyğun olaraq Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı - vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq əlavə növlərindən ibarətdir.Pul təminatının aylıq əlavə növləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19.10. 1992-ci iİ tarixll, 562 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir.Qeyd edilən bənddə üstəlik verilən pul təminatı növləri siyahısında hərbi qulluqçulara ödənilən ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası qeyd edilməmişdir.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 562 nömrəli Qərarında, eləcə də Müdafiə nazirinin xx.xx.2017-ci il tarixil, 22 nömrəli Qərarında hərbi qulluqçulara ödənilən ərzaq payı əvəzinə pul kompensasiyası hərbi qulluqçuların pul təminatına aid (daxil) edilməmişdir. Bundan əlavə, Azərbaycan Ordusunda xldmət edən hərbl qulluqçular xldmət etdikləri hərbl hissənin komandirinin əmri ilə xidmət dövründə pul təminatına və maddi təminatlara (ərzaq, əşya, mənzil, tibb) qoyulurlar.Bu səbəbdən də hərbl qulluqçulara ödənilən ərzaq payı əvəzinə pul kompensasiyası pul təminatına deyil,maddi təminatın bir növü olan ərzaq təminatına aid olan ödənişdir. Hərbi qulluqçuların pul təminatı və hərbi qulluqçulara pensiya təyin edilməsi üçün təminat xərcliyi ayrı-ayrı normativ- hüquqi aktlarla tənzimlənir.Bu səbəbdən də İddiaçı xidməti vəzifələrin icrası ilə əlaqədar 3 illik pul təminatı miqdarında kompensasiyanın ödənilməsi üçün hesablanan pul təminatının tərkibinə ərzaq payı əvəzinə verilən pul kompensasiyanın daxil edilməsi qanunauyğun deyildir və 3 illik pul təminatı miqdarında kompensasiya İddiaçı düzgün ödənilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 3.Sonradan cavabdeh iddia tələbinə etiraza əlavə təqdim edərək göstərmişdir ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsində qeyd edilmişdir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir.Göründüyü kimi, qeyd edilən maddədə pul təminatına və təminat xərdiyinə aid olan bütün ödənişlər cəm halında göstərilmişdir və bu ödənişlərin hamısının pul təminatına aid edilməsi səhvdir və qanunauyğun deyildir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli, 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"nda hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiyanın ödənilməsi göstərilmişdir.Nazirlər Kabinetinin yuxarıda göstəriln qərarı "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun icrası məqsədi ilə hazırlanmışdır. Lakin Qanunda pul təminatı (təminat xərcliyi) ifadəsi göstərilməsinə baxmayaraq, Qaydalarda kompensasiyanın ödənilməsi üçün təminat xərcliyi deyil, yalnız pul təminatı göstərilmişdir. Hərbi qulluqçuların pul təminatı: əsas pul təminatı və pul təminatının əlavə növlərindən ibarətdir. Əsas pul təminatına vəzifə və rütbə maaşları, pul təminatının əlavə növlərinə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli 562 nömrəli Qərarı ilə təsdiq edilmiş üstəlik pul təminatı növləri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı qüvvəyə mindiyi gündən hal-hazırki vaxtadək yüzlərlə, minlərlə kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə sözügedən 3 illik kompensasiya yalnız pul təminatından ödənilmişdir və hal-hazırda da ödənilir. Qeyd edilən pul təminatının tərkibinə heç bir vaxt ərzaq payı əvəzinə pul kompensasiyanın məbləği daxil edilməmişdir."Hərbi qulluçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndində göstərilmişdir: "Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir".Məhkəmə tərəfindən İddiaçı 3 illik pul təminatının ödənilməsi ilə bağlı pul təminatının tərkibinə ərzaq payı əvəzinə pul kompensasiyası məbləğinin daxil edilməsi barədə iddia təmin edildiyi təqdirdə, bu hal hal-hazırda xidmət edən, həmçinin hərbi xidmətdən buraxılmış, statistik məlumatlara əsasən 1 ildə təxminən 410 nəfər hərbi qulluqçuya şamil ediləcəkdir ki, bu da orta hesabla bir ilə 1 166 400,0 manat olmaqla 19 ilə (2004-2023-cü illər) 22 161 600,0 manat büdcə vəsaitlərinin artıq, səmərəsiz və qanunsuz sərf edilməsinə səbəb olacaqdır. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinətin verilməsi sözügedən qanunun 20.6-cı bəndi ilə, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilməsi isə həmin qanunun 20.7-ci bəndi ilə tənzimlənir.Qeyd edilən müavinətlərin ödənilməsi üçun pul təminatının tərkibinə hərbi qulluqçulara, o cümlədən İddiaçı ödənilən ərzaq payı əvəzinə pul komoensasiyası heç vaxt daxil edilməmişdir.Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli hərbi hissə tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli 2 nömrəli arayışda pul təminatının tərkibinə ərzaq payı əvəzinə pul kompensasiyası daxil edilmişdir. Hal-hazırda mövcud olan rəhbəredici sənədlərin tələblərinə zidd olduğu üçün qeyd edilən arayışda pul təminatının tərkibinə ərzaq payı əvəzinə pul kompensasiyasının daxil edilməsi qanunauyğun deyildir və səhvdir. Bu səbəbdən də qeyd edilən arayış əsas kimi qəbul edilə bilməz.Onu da qeyd edirəm ki, pul təminatı haqqında xx.xx.2023-cü il tarixli, 2 nömrəli arayış İddiaçı müraciəti əsasında "X2 Dövlət Agentliyinə" təqdim etmək üçün ona verilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
7.İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş: - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, cavabdeh kompensasiyanın ödənilməsi üçün təminat xərcliyinin deyil, 3 illik pul təminatının nəzərə alınması əsası ilə ərzaq payı əvəzinə pul kompensasiyasının 3 illik pul təminatı miqdarında kompensasiyaya daxil edilərək iddiaçıya ödənilməsindən imtina etmişdir. - Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan iddiaçı barədə məlumat vərəqinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış məktubuna, “Region” X1 xx.xx.2023-cü il tarixli arayışına əsasən əsasən iddiaçının pul təminatı (təminat xərcliyi) kimi vəzifə maaşı (645 manat), rütbə maaşı (150 manat), xidmət illərinə görə əlavə (159 manat), ərzaq payı əvəzinə kompensasiya (64,0 manat), 1-ci məharət dərəcəsinə görə (161,25 manat), xüsusi qulluq şəraitinə görə (96,75 manat), məxfiçiliyə görə verilən (193,50 manat) məbləğlər, cəmi pul təminatı 1469,50 manat göstərilmişdir.
İV. Məhkəmənin mövqeyi
8.Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
9. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
10. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Həmin Qanunun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. 11.“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. 12.İşin faktiki hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatda olan zabitidir, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun subyektidir, həmin qanunun 20.12-ci maddəsində göstərilən şəxslərin dairəsinə düşdüyü üçün ona 3 illik pul təminatı (təminat xərcliyi) məbləğində kompensasiya ödənilmiş, lakin ödənilən kompensasiyanın tərkibinə aylıq 64 manat ərzaq təminatına görə pul kompensasiyasının məbləği daxil edilməmişdir.
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati ərqanlar qanunun tələblərinə riayət etməyə bərcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 14.Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya ödənilən pul kompensasiyasının tərkibinə aylıq 64 manat ərzaq təminatına görə məbləği daxil etməməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda sadalanan normalarını pozmuşdur, belə ki,“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir, 20.1ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi həm də "Hərbi qulluqçuların statusu haqqında", Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun tələblərinə əsasən isə hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. 15.Təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçı xidmət edən zaman hər ay 64 manat ərzaq təminatına görə ödəniş almışdır, yəni onun pul təminatına qeyd edilən məbləğ də daxil olmuşdur, habelə iddiaçıya pensiya təyin edilməsi üçün cavabdehin özü tərəfindən göndərilən məlumat vərəqində də həmin məbləğ pul təminatının tərkib hissəsi kimi göstərilmişdir.Odur ki, iddiaçıya ödənilən 3 illik pul təminatına həmin aylıq 64 manat ərzaq təminatı məbləği də cavabdeh tərəfindən daxil edilməli olduğu halda edilməmiş, bununla da həm “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının yuxarıda sadalanan normaları, həm də “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 5-ci bəndinin, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-ci, 20.2-ci və 20.12-ci maddələrinin tələbləri pozulmuşdur. 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 17.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı pul təminatına daxil olan 64 manat miqdarında ərzaq pulu nəzərə alınmaqla kompensasiyanın yenidən tam şəkildə hesablanması və (fərqin) ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 19.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı pul təminatına daxil olan 64 manat miqdarında ərzaq pulu nəzərə alınmaqla kompensasiyanın yenidən tam şəkildə hesablanması və (fərqin) ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova