Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-898/2023 01.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 10 saylı CÇM-in (inzibati orqanın) barəsində tətbiq etdiyi inzibati aktların və 25 avqust 2020-ci il tarixli tənbeh tədbirinin tətbiq edilməsi haqqında Töhmət qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı CÇM-in rəhbərliyi tərəfindən barəsində xx.xx.2020-ci il tarixli məhkuma tənbeh tədbirinin tətbiq edilməsi barədə Qərar qəbul edilərək, töhmət elan edilmişdir. Qərar belə əsaslandırılmışdır ki, məhkum 1979-cu il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrinə müəssisənin məhkumlar üçün ayrılmış telefon otağında 15 (on beş) dəqiqəlik danışıq müddətinin bitməsinə baxmayaraq dəstəyi yerinə asmadan kabinetin qapısını açaraq orada xidmət aparan əməkdaşa istədiyi qədər telefon danışığından istifadə edəcəyini bildirmiş və sonuncunun ünvanına nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltmağa cəhd etmişdir. İddiaçı həmin qərardan narazıdır və ona qarşı qərəzli olaraq böhtan atılaraq saxta aktlar tərtib edərək əsassız yerə töhmət elan edilmişdir. Aşağıda göstərdiyi əsaslara görə hesab edir ki, xx.xx.2020-ci il tarixli tənbeh tədbirinin tətbiq edilməsi barədə inzibati orqanın qərarı ləğv edilməli və etibarsız sayılmalıdır. Belə ki, sözügedən qərarda qeyd olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində telefonla danışmışdır. Lakin həqiqətən 14:00 radələrində danışıb - danışmadığını təsdiq edən heç bir mötəbər sübut, sənəd əlavə edilməmişdir. Bundan əlavə, dəqiq hansı telefon nömrəsinə zəng etməsi belə göstərilməmişdir. Bundan başqa cəzaçəkmə müəssisəsinin hansı telefon nömrəsindən zəng olunduğu da qeyd olunmamışdır. Həmçinin qərarda məhkum İddiaçı “Yazılı izahatı nəzərdən keçirdərək” töhmət elan edildiyi qeyd olunsa da, lakin Qərara əlavə edilən xx.xx.2020-ci il tarixli şablon kompyuter yazısında 10 saylı CÇMin əməkdaşları : leytenant Azər Süleymanov, X1 və gizir Xəyal Həsənov imzaları ilə təsdiq edərək qeyd edirlər ki, məhkum İddiaçı yazılı izahat verməkdən imtina etmişdir. Belə olduğu halda, həmin qərarda qeyd edilmişdir ki, İddiaçı yazılı izahatının nəzərdən keçirdərək töhmət elan olunmuşdur. Tərtib olunan aktların heç birində imza etmək üçün iddiaçının adı və soyadı qeyd olunmamışdır. Digər xx.xx.2020-ci il tarixli aktda mayor Samir Abbasov, X1 və gizir Qərib Musayev qeyd edirlər ki, “Töhmət” elan olunaraq məhkum İddiaçı qərarı imzalladı. Lakin “Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə şikayət vermək hüququ izah olunsa da, onunla tanış olub imza etməkdən imtina etmişdir” sözlərini qeyd etmişlər. İddiaçı bildirir ki, tərtib olunan qərar və aktlar yalnız rəsmiyyət xətrinə tərtib olunan şablon kağızlardır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7217/2022 saylı qərardadı ilə qeyri-mümkün sayılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı – İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-2266/2022 №-li qərardadı ilə şikayət qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin iş üzrə 2-1(112)-7217/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gələrkən İnzibati-Prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iş üzrə məhkəmənin hazırlıq iclası təyin olunmuş və bu barədə tərəflərə rəsmi qaydada məhkəmə bildirişi göndərilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 13-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçıya hüquqi yardım məktubu göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək Cavabdeh iddiaçı barəsində tənbeh tədbiri haqqında xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və qanunsuz hesab edilməsi (etibarsız sayılması) barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Eyni zamanda iddiaçı məhkəməyə prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehndə həbsdə olduğu müddətdə vaxtında ərizə yazsa da, lakin CÇM tərəfindən təqib olunduğu üçün ərizələr vaxtında göndərilməmişdir, onun iradəsindən asılı olmayan səbəblərdən prosessual müddət ötürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi iclasda iştirak etməmiş, iddiaçı isə xx.xx.2023-cü il tarixli ərizə təqdim edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq, iddiaçı tərəfindən təqdim edilmiş prosessual müddətin ötürülməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İPM-in: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -36.1-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd); Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərə həm də iddiaçının hüquqi marağının nədən ibarət olması, eləcə də iddianın qanunla müəyyən edilmiş müddətdə verilib-verilmədiyinin müəyyən edilməsi daxildir. Hazırkı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Cavabdeh xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və etibarsız hesab edilməsi tələbini məhkəmə qarşısında irəli sürmüşdür. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisəyə münasibətdə iddia tələbi qərarın həm də etibarsız sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu növ iddialar üzrə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçının hüquqi marağı ən azı qısa müddət ərzində belə inzibati aktın yaratdığı hüquqi nəticələr görüntüsünün aradan qaldırılmasına yönəlməlidir. Yəni iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı yalnız qanunda birbaşa nəzərdə tutulmuş müəyyən şərtlər daxilində mümkündür. Bu səbəbdən, etibarsızlığın tanınması ilə bağlı qeyd edilən şərtlər (ən azı qısa müddət ərzində tanınma marağı) hazırkı mübahisəyə münasibətdə mövcud deyildir. Məhkəmənin fikrincə, hazırkı iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçının hüquqi marağı mübahisələndirdiyi inzibati aktın ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan iddiaya mübahisələndirmə növündə baxılmalı və inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddəti tətbiq edilməlidir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Vurğulanmalıdır ki, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Cavabdeh xx.xx.2020-ci il tarixli, 229 №-li qərarının təsdiq edilmiş surətindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı cəzasının çəkilməsi qaydasını pozduğuna görə töhmət elan edilmişdir. Qərarın “Qərar mənə elan olundu” hissəsində iddiaçı “Narazıyam.Böhtandır.” qeydi aparmış və imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, AR ƏN Penitensiar Xidmətin Cavabdeh xx.xx.2020-ci il tarixli qərarı iddiaçıya elə həmin tarixdə, yəni xx.xx.2020-ci il tarixdə elan edilmiş, iddiaçı isə öz növbəsində bunu imzası ilə təsdiq etmiş və müvafiq qeydlər aparmışdır. Buna baxmayaraq, iddiaçı mübahisələndirdiyi qərardan təkzibolunmaz şəkildə məlumatlı olduğu halda ilk dəfə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni 1 il (bir) 7 (yeddi) ay sonra müraciət etmişdir. İPMin 38.1-ci maddəsi isə şəxsə inzibati aktı təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirmək imkanı verir. Göründüyü kimi, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının mübahisələndirdiyi qərarın cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən ona verilmədiyini və bu səbəbdən məhkəməyə vaxtında şikayət edə bilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməməsi onun həmin qərardan şikayət etmək hüququnu məhdudlaşdıran hal deyildi. Belə ki, iddiaçı artıq məlumatlı olduğu inzibati aktın ləğvinə dair məhkəmədə iddia irəli sürə bilərdi və məhkəmə inzibati məhkəmə araşdırması çərçivəsində İPM-in 12-ci maddəsindən qaynaqlanan xidməti vəzifəsinə uyğun olaraq həmin qərarı və onun verilməsi əsaslarını əldə etmək imkanına malik idi. Belə ki, İPM-in 12-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Digər tərəfdən bildirilməlidir ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onu akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu baxımdan da iddiaçının qeyd edilən dəlili əsaslı sayıla bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın mövcudluğu iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından, hazırkı halda isə müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı tutarlı sübut məhkəməyə təqdim edilmədiyindən buraxılmış prosessual müddətin bərpasına dair iddiaçının ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi : Buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-898/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-898/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver