Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-898/2024 12.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 yanvar 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür. ИТ-İ ******* № li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı: xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək AZ.SSR Bakı biskvit fabrikində MSB-də operator işləmişdir (1 ay 20 gün), xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək 4 №-li sexdə laborant işləmişdir (2 ay 22 gün), xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək Mərkəzi laboratoriyada laborant işləmişdir (5 il 6 ay 17 gün), xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Laboratoriyada mühəndis-kimyaçı vəzifəsində işləmişdir (3 il 3 ay 25 gün), xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilədək həmin şöbədə laborant işləmişdir (3 il 7 ay 18 gün), xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək Laboratoriyada mühəndis-laborant vəzifəsində işləmişdir (6 ay 3 gün), xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək Laboratoriyada mühəndis-kimyaçı vəzifəsində işləmişdir (5 il 3 ay 8 gün) Bakı biskvit fabrikinin adı 139 №-li, 27.10.94-cü il tarixli əmrə əsasən Bakı biskvit icarə müəssisəsi adlandırılmışdır. Biskvit icarə müəssisəsi Respublika Ədliyyə Nazirliyinin 23 iyul 1997-ci il 2208 №-li şəhadətnaməsinə uyğun olaraq “Umleyla” açıq tipli Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlamışdır. xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilədək Mərkəzi Laboratoriyada müdir işləmişdir (4 il 4 ay 20 gün), xx.xx.2001-ci ildən xx.xx.2005-ci il “Günəş” firmasında tikişçi vəzifəsində işləmişdir (4 il 7 gün), xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək “Darling” Uşaq Klubunda tərbiyəçi vəzifəsində işləmişdir (4 il 1 ay 12 gün). İddiaçı 8.07.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, müraciətinizə müvafiq sənədlər əlavə edilmədiyindən sizin işlədiyiniz vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya hüququnun yarandığı 57 yaşının olduğu -xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanunvericiliyə uyğun olaraq, ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır və ona qanunvericiliyə uyğun olaraq 57 yaşından əmək pensiyası təyin edilməlidir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya qarşı iddianın mümkün sayılmamasına dair yazılı ərizə təqdim etmişdiir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İstinad edilən normadan göründüyü kimi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün onun 25 il ümumi stajı olmalı və bu stajın 12 il 6 ayı güzəştli olmalıdır. İddiaçının 57 yaşının olması və 25 il ümumi iş stajının olmasını cavabdeh mübahisələndirmir. Lakin iddiaçıya güzəştli şərtlərlə, yəni qanunvericiliyin tələb etdiyi yaş həddi 5 il azaldılmaqla 57 yaşdan pensiya təyinatının aparılması üçün onun 12 il 6 ay güzəştli (xüsusi) iş stajı olmalıdır. Lakin iddiaçı işlədiyi sahələrin güzəştli şərtlərlə pensiya almaq hüququ verən staj olmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu ünvanlaraq bir sıra peşələrin-operator, laborant, mühəndis-kimyaçı, mühəndis-laborant, laborant peşəsinin 3-cü dərəcəsi, mühəndis kimyaçı peşəsinin 10-cu dərəcəsi, laboratoriyada müdir peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret olaraq hansı bölmədə, hansı kod üzrə peşədən irəli gəlməsi barədə məlumatın təqdim olunması xahiş olunmuşdur. Sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, mövcud olan sahə yeyinti sahəsi olduğundan mövcud qanunvericilik aktları nəzərdən keçirilmiş, yuxarıda göstərilən sahələr güzəşt nəzərdə tutulan sahələrə daxil deyildir. Belə ki, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda yeyinti sahəsi nəzərdə tutulmamışdır. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda isə yeyinti sahəsi nəzərdə tutulsa da, iddiaçının çalışdığı hər hansı peşə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda da yeyinti sahəsi nəzərdə tutulsa da, iddiaçının çalışdığı hər hansı peşə nəzərdə tutulmamışdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanlara əsasən, iddiaçının qanunvericiliyin tələblərinə əsasən 12 il 6 ay xüsusi (güzəştli) stajı müəyyən olunmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyini əsaslandıran imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-898/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-898/2024
12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver