Məhkəmə qərarları › İş №2-1(112)-8983/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8983/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8983/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (atası) X2, cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 1476 (min dörd yüz yetmiş altı) manat maddi və 50000 (əlli min) mənəvi zərərin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tutulması barədə qərar qəbul edilməsini qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 11.07.2021-ci il tarixdə azyaşlı qızı X5, öz doğma bacısı X6 ilə birlikdə müalicə olmaq üçün Türkiyəyə getmək üçün Hava limanına yola salıb. Keçmiş həyat yoldaşı Rüstəm ona etibarnamə vermədiyi üçün Yasamal məhkəməsinə onun icazəsi olmadan ölkə hüdudlarını tərk edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdim. Yasamal rayon məhkəməsi iş № 2(004)-3343/2015-saylı 29.07.2015 tarixli qətnamə çıxararaq onun iddiasını təmin etmişdir. 28.03.2016 tarixdə 2 saylı Asan Xidmət Mərkəzində Notariat kontorunun xüsusi notariusu X7 ərizə ilə müraciət edərək qızı Həzranın onun anası X9 ilə birgə ölkədən xaricə gedib-gəlməsinə etirazının olmadığını notarius təsdiqini alandan sonra qızı Həzra anası ilə birlikdə bir neçə dəfə ölkəni tərk etmişdilər. O yenidən ərizə ilə notariusa müraciət edərək qızının bacısı ilə Türkiyəyə getməsinə etirazının olmadığının notarius təsdiqini istəyib. Notarius təsdiqini alandan sonra 1296 (bir min iki yüz doxsan altı) manat xərc çəkərək bilet alıb onları Türkiyəyə müalicəyə getmək üçün Hava Limanına yola salıb. Bir neçə saatdan sonra ona zəng vurublar ki, onun azyaşlı qızı Zeynalova Həzranı hava limanında bacısından ayırararaq sərhəd xidməti otağında saxlamışlar. O hava limanına gedəndə Sərhəd qoşunları xidmətçiləri onun azyaşlı qızını onun atası Məmmədov Allahqulu vasitəsi ilə evə yola salıblar. O hava limanına çatanda uşaq artıq orada deyildi. Beləliklə, Azərbaycan Respublikası sərhəd qoşunları xidmətinin əməkdaşları öz səlahiyyətlərini aşaraq notariusun onlara verdiyi sənədi qanunsuz sayaraq, qızı Həzra Zeynalovanı əlində notarius sənət olan bacım Qüdrətli Zəhradan ayıraraq, geri qaytarmışlar. Bunun nəticəsində bilet pulu 1296 manat və 180 manat digər xərclər dəyərində ona zərər dəymişdir. Azyaşlı isə qorxudan ağır stress keçirmişdir.

3. İddiaçı notarius tərəfindən təsdiq olunmuş 28.03.2016-cı il ərizəsinə əsasən, 20.08.2012 il təvəllüdlü X3 (PC AZE CO 1224488, DİN - 12.10.2015) 12/10/2020 tarixədək X9 (PP AZE P4031579, DİN - 26.07.2010) ilə birlikdə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkəyə gedib qayıtmasına heç bir etirazı yoxdur.

4. İddiaçı notarius tərəfindən təsdiq olunmuş 02.07.2021-ci il ərizəsinə əsasən, 20.08.2012 il təvəllüdlü X3 (ŞV AA2673887; ASAN 5-29.06.2021; FİN:7K2ZMBW) yetkinlik yaşına çatanadək X6 (PS: P5091587, DİN-15.08.2012; FİN: 55BUGK7) ilə birlikdə Azərbaycan Respublikasından kənara Türkiyə Respublikasına gedib qayıtmasına heç bir etirazı yoxdur.

5. Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-3343/2015 nömrəli iş üzrə qətnaməsinə əsasən, 20 avqust 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər atası X8 razılığı olmadan anası İddiaçı müşahidəsi altında Azərbaycan Respublikasının hüdudlarından kənara gedib-gəlməməsinə icazə verilməsi qət edilmişdir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, 11.07.2021-ci il tarixdə Zəhra Qüdrətli Bakı-Ankara aviareysi ilə ölkəni tərk etmişdir. Onunla gedən yetkinlik yaşına çatmayan Həzra Zeynalova Bakı-Ankara aviareysinə buraxılmamışdır. Səbəb odur ki, 29.07.2015-ci il 2(004)-3343/2015 saylı qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan Həzra Zeynalova atasının razılığı olmadan yalnız anası ilə birlikdə ölkəni tərk etməsinə icazə verilmişdir. Belə ki, məhkəmə qətnaməsində yetkinlik yaşına çatmayan Həzra Zeynalova atasının razılığı olmadan anası ilə birlikdə dövlət sərhədindən hərəkətinə icazə verilsə də, anası özü getməyərək digər şəxsə qohumu Zəhra Qüdrətliyə razılıq ərizəsi vermişdir. Etibarlı sərhəd nəzarətinin təmin edilməsində çətinliklər yaradan bu kimi məhkəmə qətnamələri barədə Dövlət Sərhəd Xidməti tərəfindən Ali Məhkəməyə məktub göndərilmişdir. 01.05.2019-cu ildən çıxarılan əksər məhkəmə qətnamələrinin nəticə hissəsində “yetkinlik yaşına çatmayan vətəndaşların valideynlərdən biri və onun razılığı ilə ölkəni tərk etməsinə icazə verilməsi” qeyd olunmuşdur. 01.05.2019-cu il tarixədək yetkinlik yaşına çatmayan uşaqların atasının razılığı olmadan yalnız anası ilə birlikdə ölkəni tərk etməsinə icazə verən məhkəmə qətnamələri ilə uşaqlar üçüncü şəxslə (baba, nənə, xala, dayı) dövlət sərhədindən buraxılırdılar. Bu səbəbdən 2016-2017-ci il tarixlərdə yetkinlik yaşına çatmayan Həzra Zeynalova anası tərəfindən verilən razılıq ərizəsinə əsasən nənəsi Mələk Məmmədova ilə birgə dövlət sərhədindən buraxılırdı. Lakin 2019-cu ildə Ali Məhkəmə bu kimi məhkəmə qətnamələrinə hüquqi qiymət verdikdən sonra yalnız “yetkinlik yaşına çatmayan vətəndaşların valideynlərdən biri və onun razılığı ilə ölkəni tərk etməsinə icazə verilməsi’ qeyd olunmuş məhkəmə qətnamələri ilə uşaqlar üçüncü şəxslə (baba, nənə, xala,dayı) dövlət sərhədindən buraxılmağa başlanıldı. Sərhəd Nəzarətinin qaynar xəttinə (16-58) müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılırlar. 11.07.2021-ci il tarixdə “yetkinlik yaşına çatmayan Həzra Zeynalova anası İddiaçı ilə birlikdə və yaxud təklikdə, anası İddiaçı notarius tərəfindən təsdiq edilmiş razılığı ilə Azərbaycan Respublikasının hüdudlarını tərk etmək və Azərbaycan Respublikasına qayıtmaq hüququ verilsin” sözləri qeyd olunmuş Yasamal rayon məhkəməsinin 29.07.2015-ci il 2(004)-3343/2015 saylı qətnaməsi təqdim olunduğu təqdirdə yetkinlik yaşına çatmayan Həzra Zeynalovaya qohumu Zəhra Qüdrətli ilə birgə ölkəni tərk etməyə icazə veriləcəkdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır.

9. Hazırki iddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

10. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli, 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnaməyə əsasən: 9.Dövlət Sərhəd Xidməti öz təyinatına uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı əsas vəzifələri yerinə yetirir: 9.4. şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməsinin qarşısının alınmasını təmin edir..; 9.11. səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində rejimə əməl olunmasını təmin edir.

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

13. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-3343/2015 nömrəli iş üzrə 29.07.2015-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan Həzra Zeynalova atasının razılığı olmadan yalnız anası ilə birlikdə ölkəni tərk etməsinə icazə verilmişdir. Belə ki, məhkəmə qətnaməsində yetkinlik yaşına çatmayan Həzra Zeynalova atasının razılığı olmadan anası ilə birlikdə dövlət sərhədindən hərəkətinə icazə verilsə də, anası özü getməyərək digər şəxsə (bacısı) Zəhra Qüdrətliyə razılıq ərizəsi vermişdir. Cavabdeh qurumun əvvəllər qeyd edilən qətnamə əsasında uşağın nənəsi ilə ölkə hüdudlarından kənara çıxmasına imkan verməsi onun həmin inzibati praktikaya etimad hüququna əsas vermir. Belə ki, həmin məhkəmə aktında uşağın anasının müşahidəsi olmadan ölkədən çıxarılmasına yol verilməsinə dair hər hansı müddəa yoxdur. Məhkəmə hesab edir ki, inzibati orqanın hərəkətləri nəticəsində azyaşlının ölkədən çıxışına müdaxiləni nəzərdə tutan tədbir onun güddüyü qanuni məqsədə mütənasib olmaqla, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri olmuş, qüvvədə olan məhkəmə aktının olduğu kimi icra olunması məqsədi daşımış, hüquq müəyyənliyi prinsipinə uyğun olmuşdur.

14. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun hərəkətləri ilə iddiaçının qanunla qorunan hüquqları pozulmadığından maddi zərərin əvəzinin ödənilməsini tələb hüququ yaranmır. İddia maddi zərərin təmin edilməsi hissəsində təmin edilmədiyindən mənəvi zərərin əvəzinin ödənilməsi hüququ da istisna olunur.

15. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

16. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar