Məhkəmə qərarları › İş №2-1(112)-8983/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8983/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8983/2024 22.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı texniki pasporta düzəliş edilməsi tələbinə dair işin ərazi aidiyyəti məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Əmlakının inventarlaşdırılması Bürosu tərəfindən X1 adına tərtib edilmiş, 000793 nömrəli, 28 iyul 2000-ci il tarixli texniki pasportda düzəlişin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra hazırkı iddianın aidiyyət məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili işin ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını nəzərə alaraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Həmin normada iddianın hər hansı növləri istisna edilməyərək, bütün iddia növlərinə, o cümlədən mübahisələndirmə növündə iddialara da aid xüsusi aidiyyət qaydası müəyyən edilmişdir. Bu qayda ərazi ilə bağlı olan mübahisə predmetinin və məhkəmənin ərazi baxımından zəruri olan yaxınlığını təmin edir. Eyni zamanda ərazi aidiyyətinin məhz daşınmaz əmlakın olduğu yer üzrə müəyyən edilməsi məhkəmənin daşınmaz əşyanın yerində müayinəsi də daxil olmaqla, həmin əmlakla bağlı müvafiq sübutların operativ və daha əliverişli qaydada əldə edilməsinin təmininə xidmət edir. Sadalanan hərəkətləri ən qısa müddətdə, ən çevik şəkildə və ən etibarlı formada daşınmaz əşyanın olduğu yerin məhkəməsi həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Hazırkı işin hallarından müəyyən olunur ki, mübahisə predmeti torpaq sahəsi iş materiallarına əsasən Gəncə şəhəri, Yevlax şossesi ünvanda yerləşir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsində göstərilən aidiyyətin təsir dairəsinə düşür. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərarın 19.10-ci bəndinə əsasən Gəncə şəhəri, Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, qanunvericinin ərazi aidiyyəti üzrə bu qaydanı müəyyən edərkən əsas məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağlabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsindən ibarət olmuşdur. Məhz qeyd olunanları, həmçinin yuxarıda istinad olunan normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə hazırkı mübahisəyə baxmaq səlahiyyəti olan məhkəmənin Gəncə İnzibati Məhkəməsi olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən formal xətaların aradan qaldırılması, uyğun iddia növününü seçilməsi və s. digər məsələlər üzrə iddiaçıya hüquqi yardımın edilməsini işə baxmağa səlahiyyətli olan Gəncə İnzibati Məhkəməsi etməlidir. İPM-in 8.5-ci maddəsinə görə həmin Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı texniki pasporta düzəliş edilməsi tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar