Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8984/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, vəkil), cavabdehin nümayəndəsi X9 (Bakı şəhərində qeydiyyatdadır, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzillərin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43 kv metr olan mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 91 ünvanında yerləşən ümumi sahələri 47,40 kv metr və 38,50 kv metr olan mənzillərin fərdi yaşayış evi kimi mülkiyyətlərinə verilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən mənzil və ünvan 2erləşən mənzillər onların paylı mülkiyyətindədirlər. Daşınmaz əmlaklar mənzil olsalar da, fərdi yaşayış evi quruluşundadır. Belə ki, hər üç mənzil yalnız bir mərtəbədən ibarət və bir giriş qapısından ibarətdir. Mənzillərin döşəmələri taxtadan, arakəsmələr kərpiçdən, mənzilin örtük konstruksiyası ağac tirlərdən ibarətdir. Mənzillər fərdi yaşayış evi kimi istifadə olunurlar. Ona görə də, mənzillərin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməklə onların adına çıxarışın və texniki pasportun verilməsi üçün iddiaçılar cavabdehə müraciət etmişlər, lakin çıxarışın verilməsindən imtina olunmuşdur.İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 3.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 4.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar nümayəndələri vasitəsilə cavabdehə müraciət etmişlər, lakin müraciətə imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
6.İddiaçılar tərəfindən məhkəməyə iddiaçıların cavabdehə müraciəti, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, cavabdehin imtina məktubu təqdim edilmişdir. Qeyd edilən çıxarışlara əsasən: Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 91 mənzil kimi (ümumi sahəsi 38,50 kv metr) ½ hissə ilə iddiaçıların paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır; Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 91 mənzil kimi (ümumi sahəsi 47,40 kv metr) ½ hissə ilə iddiaçıların paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır; ünvan 1 mənzil kimi (ümumi sahəsi 43,0 kv metr) ½ hissə ilə iddiaçıların paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır; Cavabdehin imtina məktubuna əsasən cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzillərin yerini idarənin mütəxəssislərinin tanımamaları əsası ilə cavabdeh iddiaçıların müraciətini təmin etməkdən imtina etmişdir. 7.Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş: Nərimanov rayon İcra Hakimiyyətinin 296/14 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən T.Əliyev küçəsi, 91 №li evin yaşayış sahəsi 18,1 kv metr olan 2 otağına kirayə müqaviləsi M.X.Vasilkina ilə bağlanmışdır; xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən həmin yaşayış sahəsi Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən M.X.Vasilkinaya bağışlanmışdır; Nərimanov rayon məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Teymur Əliyev küçəsi 2 otaqlı, sahəsi 18,1 kv metr olan 91-ci evin hüquqi qeydiyyatının aparılması Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılmışdır. 046264 nömrəli, xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən X8 Bakı şəhəri, Teymur Əliyev küçəsi, 2 otaqlı sahəsi 18,1 kv metr olan 91-ci evi X3. xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən həmin ev X18 tərəfindən X12, sonuncu tərəfindən xx.xx.2004-cü ildə X1, X10 tərəfindən xx.xx.2006-cı ildə X13 bağışlanılmışdır, xx.xx.2022-ci ildə ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 47,4 kv metr olan əmlak ½ hissə İddiaçı1, ½ hissə İddiaçı2 satılmışdır. Bakı şəhəri, Teymur Əliyev küçəsi, 91 nömrəli evdə sahəsi 38,5 kv metr 3 otaq X4 kirayəsinə verilmişdir, Nərimanov rayon İcra Hakimiyyətinin 904 №li, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Teymur Əliyev küçəsində 91 №li evdə yerləşən yaşayış sahəsi 38,5 kv metr olan 3 otaqlı mənzilin kirayə müqaviləsi X16 adına bağlanmışdır, 026209 nömrəli, xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən sonuncu həmin yaşayış sahəsini X7, xx.xx.2004cü ildə X11 həmin əmlakı (91 saylı evi) X2, xx.xx.2006-cl ildə həmin əmlak sonuncu tərəfindən X14 bağışlanmış, X17 isə həmin əmlakı hər birinə ½ hissə olmaqla iddiaçılara satmışdır. Nərimanov rayon İcra Hakimiyyətinin 228/1 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 1 nömrəli ev əvəzsiz olaraq C.Qazızadəyə verilmişdir, 1995-ci ildə verilmiş forma №2 arayışında həmin yaşayış sahəsi 1 №li ev kimi göstərilmişdir,C.Qazızadə həmin əmlakı 1994-cü ildə X6,sonuncu xx.xx.2004-cü ildə X2, X10 həmin əmlakı xx.xx.2006-cı ildə X14 bağışlamış, X17 isə xx.xx.2022-ci ildə hər birinə ½ hissə olmaqla iddiaçılara satmışdır.
İV. Məhkəmənin mövqeyi
8.Məhkəmə, iddiaçıların vəkilinin və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. 9.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 10.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;...
11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;...
12. Aərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 13.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir: “12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir.12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir:13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi;13.1.2. mənzil, mənzilin hissəsi;13.1.3. otaq;13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
15. İşin faktiki hallarına əsasən iddiaçıların paylı mülkiyyətində olan yaşayış sahələri onlara aid çıxarışlarda mənzil kimi göstərilsələr də fərdi müəyyən edilmiş yaşayış evləridir, belə ki, məhkəməyə təqdim edilmiş çıxarışlardan görünür ki, iddiaçıların mülkiyyətində olan yaşayış sahələri çoxmənzilli binada yerləşmirlər, onların ünvanında mənzil göstərilsə də mənzilin nömrəsi göstərilməmişdir, yalnız yaşayış evinin nömrəsi göstərilmişdir, halbuki qeyd edilən əmlaklar mənzil olsa idilər ünvanda həmin mənzillərin nömrəsi də göstərilərdi, bundan başqa həmin əmlakalar torpaq üzərində yerləşirlər, ayrıca damları, döşəmələri vardır, heç bir çoxmənzilli binanın tərkib hissəsi deyillər. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Nərimanov rayon İcra Hakimiyyətinin 228/1 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamında A.Gəraybəyli küçəsində yerləşən yaşayış sahəsi 1 nömrəli ev kimi göstərilmişdir və evin əvvəlki mülkiyyətçisinin sərəncamına verilmişdir, Bakı şəhəri Zəhmətkeşlərin deputatlarının şəhər soveti Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.1995-ci il tarixli arayışında A.Gəraybəyli küçəsində 1 nömrəli evdə qeydiyyatda olan şəxslər göstərilmişlər, 026209 nömrəli, xx.xx.1997-ci il tarixli müqavilədə alqı-satqı predmeti kimi ünvan 4 ünvanda sahəsi 18,1 kv metr olan yaşayış sahəsi də xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsində ev kimi göstərilmişdir,həmin yaşayış sahəsi Nərimanov rayon məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsində də yaşayış evi kimi qeyd edilərək 2 otaqlı sahəsi 18,1 kv metr olan 91-ci evin hüquqi qeydiyyatının aparılması Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılmışdır. Bütün bu göstərilənlər məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıların adına daşınmaz əmlakın reyestrində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43 kv metr olan mənzil və Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 91 ünvanında yerləşən ümumi sahələri 47,40 kv metr və 38,50 kv metr olan mənzil kimi qeydə alınmış yaşayış sahələri mənzil deyil, fərdi yaşayış evidirlər. 16.Qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur. (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). 17.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
18. Cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi sənədlərlə bağlı halları araşdırmamış, öz təşəbbüsü ilə iddiaçıların paylı mülkiyyətində olan yaşayış sahələrinin ev və ya mənzil olub-olmamasını müəyyən etmək üçün təşəbbüs göstərməmiş, bununla onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıların müraciətini təmin etməkdən əsassız imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini pozmuşdur. 19.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.
20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” 21.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 22.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43 kv metr olan mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 91 ünvanında yerləşən ümumi sahələri 47,40 kv metr və 38,50 kv metr olan mənzillərin fərdi yaşayış evi kimi mülkiyyətlərinə verilməklə iddiaçılar İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. 23.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 24.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43 kv metr olan mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 91 ünvanında yerləşən ümumi sahələri 47,40 kv metr və 38,50 kv metr olan mənzillərin fərdi yaşayış evi kimi mülkiyyətlərinə verilməklə iddiaçılar İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova