Məhkəmə qərarları › İş №2-1(112)-8985/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8985/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8985/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 №-li Sərəncamına əsasən, bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli,195 №-li Qətnaməsinə əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən Şüvəlan-BTK № 51 saylı bağ sahəsinin onun adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri xx.xx.1992-ci ildə İ Qarabağ Müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə Kəlbəcər rayonunda ölmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 №-li Sərəncamına əsasən, bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli, 195 №-li Qətnaməsinə əsasən ona şəhid ailəsi olması səbəbilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən Şüvəlan-BTK № 51 saylı bağ sahəsi ayrılmışdır. Tərəfindən xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış müraciətə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində xx.xx.2024-cü il tarixli, 3-21/1-A-4744- 39/2024 №-li daxilolma qeydiyyat nömrəsi ilə baxılmış və imtina məktubu göndərilərək bildirilmişdir ki, təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 nömrəli sərəncamının DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarında mövcud olan nüsxəsində 2.27-ci sıra nömrəsində onun adına Şüvəlan qəsəbəsində 51 saylı Bağ Tikinti Kooperativinin nəzdindən bağ sahəsinin ayrılmasına dair məlumat (BTK-51) qeyd edilmiş, lakin bağ sahəsinin nömrəsi və sahəsi göstərilməmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, iddia edilən əraziyə texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki olaraq onun istifadəsində olmadığı, elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsinin qaz xəttinin, həm də yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi məlum olmuşdur. Onun məsələ ilə bağlı cavabdehə müraciətinə cavab olaraq əvvəllər müraciətə baxıldığı və cavab verildiyini bildirərək müraciətin icrasından imtina edilmişdir. O, mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğu qənaətindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 saylı Sərəncamının A-231-112 saylı, xx.xx.2022-ci il tarixli arxiv arayışında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsi həm qaz xəttinin, həm də yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olmadığı müəyyən edilmişdir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, A-231-112 №-li məktubu ilə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” xx.xx.1993-cü il tarixli, 1496 №-li sərəncamının “Arxiv çıxarışı”nda göstərilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci li tarixli, 195 №-li qətnaməsinə əsasən

2. Aşağıdakı vətəndaşlara bağ sahəsi ayrılması qərara alınmışdır. 2.27. İddiaçı – Şüvəlan – BTK № 51 bağ sahəsi ayrılmışdır.

İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, **********36 №-li cavab məktubunda göstərilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə xx.xx.2022-ci il tarixli, **********62 №-li məktubla cavab verilmişdir.

Məhkəmənin müvafiq sorğularına əsasən:

DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 19267/2025 №-li cavab məktubu ilə məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli, “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktında göstərilimişdir ki, yerli baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin hasarı və ya çəpəri yoxdur. Heç bir mərzçəkmə işləri aparılmayıb. Vətəndaşın iddia etdiyi sahədə digər fiziki şəxslər tərəfindən hasarlar inşa olunmuşdur, lakin sonradan həmin hasarların çox hissəsi sökülüb. Vətəndaşın bildirdiyinə görə həmin hasarlar Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən sökülüb. Göstərilən sahəsinin üstündən yüksək gərginlikli elektrik xətti – 110 kilovolt keçir. Həmçinin göstərilən sahəinin yaxınlığında 450 mm. (0,45 metr) diametrli qaz xətti keçir. Bağ sahəsinə dair hüququ müəyyənedici sənəd (order və ya müqavilə) təqdim edilmədiyindən, bağın nömrəsi və sahəsi məlum deyil. Bununla bağlı olaraq bağın yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Sxematik xəritədə sözügedən ərazidə bağ sahələri əks olunmayıb. Bununla bağlı olaraq mərzçəkmə işləri aparılandan sonra ərizənin yenidən baxılması məqsədə uyğun hesab edilmişdir.

“Azəriqaz” İB Bakı Regional Qaz İstirmar İdarəsinin xx.xx.2025-ci il tarixli, 14-2-2- 3/2-1103/2025 №-li cavab məktubunda göstərilmişdir ki, müraciətdə qeyd olunan torpaq sahəsinin döngə nöqtələri təqdim edilmədiyindən dəqiq ünvanı (torpaq sahəsinin yerləşmə yerini tapmaq mümkün olmamışdır. Həmçinin vətəndaş İddiaçı nümayəndəsinin də iştirakı ilə qeyd olunan torpaq sahəsinin dəqiq ünvanı tapılmadığından və göstərə bilmədiyindən rəy və təkliflərin verilməsi tərəflərindən mümkün olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

MƏHKƏMƏNİN MÖVQEYİ

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Qanunvericiliyin müddəalarından göründüyü kimi torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Əgər şəxs əmlak ilə bağlı bu sənədlərdən hər hansı birinə malik olarsa, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur və o, həmin əmlakın özəlləşdirilməsini tələb etmək hüququna malik olur. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” xx.xx.1993-cü il tarixli, 1496 №-li sərəncamına istina edərək, 51 saylı BTK nəzdində ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaq niyyətindədir. İlkin olaraq qeyd olunur ki, doğrudur ki, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici xüsusiyyətinə malikdir. Lakin bu zaman nəzərə alınmaldır ki, hüquqmüəyyənedici sənəd mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestridə qeydə alınması üçün əsas qismində o zaman çıxış edə bilər ki, sənəddə hansı bağ və ya torpaq sahəsinin hansı ölçüdə ayrılması konkret olaraq göstərilsin. Belə ki, iş materiallarına əlavə edilmiş sərəncamdan görünür ki, torpaq sahəsinin ayrılması barədə qeyd aparılsa da, məhz hansı ölçüdə, hansı nömrəli bağ sahəsinin ayrılması sərəncamda müəyyən edilməmişdir. İddiaçı tərəfindən isə bağ sahəsinin nömrəsi və ölçüsünün müəyyən etməyə imkan verən hər hansı hüquqmüəyyənedici sənəd (order) təqdim edilməmişdir ki, hazırkı iş üzrə torpaq sahəsinə dair hüquqların üstünlüyü baxımından hansı hüquqmüəyyənedici sənəd (order) mötəbərliyi əhəmiyyət daşıyır. Başqa sözlə desək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 №-li sərəncamında iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsi və sahəsi öz əksini tapmadığından iddiaçının tələbi yalnız həmin sərəncam əsasında təmin edilə bilməz. Bundan əlavə, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 №-li sərəncamı ilə iddiaçıya ayrılmış bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsində olmağından iddia olunan torpaq sahəsinin naturada ilkin olaraq iddiaçıya ayrılmasını şübhə altına almaqdadır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının adının qeyd edildiyi sərəncam həqiqətən də torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin, həmin sənəd Şüvəlan bağlar ərazisində olan bütün sahə üçün nəzərdə tutulmuş hüququn qeydiyyatı anlamına gəlməməklə, konkret olaraq iddiaçıya naturada verilmiş bağ sahəsinə dair hüquqların qeydiyyatına əsasdır. İş materialları ilə isə torpaq sahəsinin ayrıldığı vaxtdan naturada iddiaçının istifadəsində olması, istifadə edilməsi öz əksini tapmamış, təkcə iddiaçının iddia ərizəsi və orqanlara müraciət məktublarında göstərilmiş, faktiki istifadəni təsdiq edən heç bir mötəbər sənəd təqdim edilməmişdir. Göründüyü kimi aparılmış ümumi qiymətləndirmə, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 №-li sərəncamı ilə iddiaçıya konkret olaraq hansı bağ sahəsinin təhkim olunduğunu və bağ sahəsinin dislokasiyasının müəyyən etməyə imkan vermədiyindən iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması iddiasının rəddinə dəlalət edir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar