Məhkəmə qərarları › İş №2-1(112)-899/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-899/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-899/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı x xxxxxxx 1960-cı il tarixdə Masallı rayonunda doğulmuşdur. xx xxxxxxx 1984-cü il tarixdən x xxxxxx 2002-ci il tarixədək daxili işlər orqanlarında xidmət aparmışdır. DİO-dan xaric olduğu gündən 2019-cu ilədək ona pensiya hesablanmamış və o, pensiya hüququndan məhrum edilmişdir. Xidmət illərinə görə ümümi iş stajı 23 il 04 ay 25 gün təşkil etmişdir. Əmək pensiyasının təyin edilməsi barədə 2019-cu ildə AR Daxili İşlər Nazirliyinə təkrar müraciət etmişdir və Nazirlik tərəfindən ona ünvanlanmış məktubda pensiya hüququnun bərpa edilərək hesablanması və ödənilməsi üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət olunması tövsiyə edilmişdir. Cavabdeh tərəfindən x xxxxxx 2002-ci ildən ona pensiya hesablanmalı olduğu halda DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi son 3 il üzrə məbləği hesablamış və o, xidmət illərimə görə 15 il pensiya almaq hüququndan məhrum olunmuşdur. Bununla bağlı dəfələrlə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin İdarə məktublarında son 3 ili hesablamaqla ona əmək pensiyası təyin etmiş, qalan 15 il xidmətə görə müraciət edilmədiyindən və müraciət olduğu təqdirdə 3 il hesablamaqla əmək pensiyasının verilməsinin mümkün olduğunu bildirmişdir. Halbuki onun müraciət hüququ 2019-ci ildə yaranmış və o, bundan sonra əmək pensiyasının verilməsi ilə bağlı DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Eyni zamanda, DSMF tərəfindən ona göndərilən xx xxxx 2020-ci il tarixli məktubda son 3 ilin hesablanmaqla məbləğin ödənilməsi bildirilmişdir, lakin onun müraciət hüququ 2019-cu il tarixdə yaranmış və DİN tərəfindən təkrar müraciətə baxılaraq bu hüquq təmin edilmişdir. Qeyd olunur ki, DSMF əsassız olaraq onun 15 illik əmək pensiyasını hesablamamış və 15 ilə görə ona ödənilməli olan əmək pensiyasını ödəməkdən yayınmışdır. Göstərilənlərə və İPM-in 2.2.2-ci maddəsinə əsaslanaraq, 23 il 6 ay ümümi iş stajı nəzərə alınaraq iddiaçıya x xxxxxx 2002-ci il tarixdən x xxxxxx 2017-ci il tarixədək müddət üzrə əmək pensiyasının ödənilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlərlə İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatında İPM-in 13-cü maddəsinin tələbləri rəhbər tutularaq, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış x xxxxxxx 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Məlum olduğu kimi, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 ömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l.-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçının adına pensiya təyinatı ilə AR Müdafiə Nazirliyi tərəfindən “məlumat vərəqəsi” İdarəyə daxil olmuş və «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1 və 37.7-ci maddələrinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və ödənilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna lalikdirlər. «Əmək pensiyaları haqqında» AR Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir (Qeyd: yuxarıda qeyd edilən maddənin və müvafiq fəslin adından da göründüyü kimi, həmin müddəa “əmək pensiyasının təyin edilməsi” ilə əlaqədardır). Həmçinin «Əmək pensiyaları haqqında» AR Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (Qeyd: yuxarıda qeyd edilən maddənin və müvafiq fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının ödənilməsi” ilə əlaqədardır). İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiyası DSMF orqanı tərəfindən ödənilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X3 iddiailə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətin (etirazın) məzmununda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən hazırkı İddiaçı 2020-ci ilin yanvar ayından hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və həmin pensiya təyinatının aparılmasından əvvəlki 3 il müddət üzrə (2017ci ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək) verilməmiş pensiya məbləği «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsində müəyyən edilmiş qaydada ödənilir. İddiaçı ona pensiya hüququ yarandığı tarixdən vaxtdan 2017-ci ilin yanvar ayındadək olan dövr üzrə verilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərində nəzərdə tutulmuşdur ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin maddənin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” x xxxxxxx 2020-ci il tarixli qərardadında göstərilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə sadalananları nəzərə alaraq, eləcə də qanunvericiliyin qeyd olunan normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, hazırkı İddiaçı müraciəti üzrə ona yaşa görə əmək pensiyasının buna hüququ yarandığı gündən 2017-ci ilin yanvar ayınadək verilməmiş pensiya məbləğinin ödənilməsi məsələsinə münasibətdə cavabdeh inzibati orqan «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1, 37.7-ci maddələrinin (həmin maddələrin x xxxx 2017-ci il tarixdən qüvvədə olan) tələblərini əsas tutmaqla həmin məsələnin müsbət həllindən imtina etməkdə haqlı olmuşdur. İddiaçının müraciəti üzrə müvafiq pensiya hüququ əvvəlki dövrdə yaransa da, cavabdeh tərəfindən ona ödənilməmiş pensiya məbləğinin son üç ilinə aid hissəsinin ödənilməsi «Əmək pensiyaları haqqında» AR Qanununun tələblərinə uyğundur və bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar