Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-899/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona təyin edilmiş əmək pensiyasını aldığı əmək haqqı (həm Azərbaycan Respublikasında ödənilən, həm də, Rusiya Federasiyasında ödənilən) məbləğlərə uyğun olaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya uyğun olaraq ödəniş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 01 noyabr 2001-ci il tarixli, 1000/6786 saylı əmri ilə Azərbaycan Respublikasının Rusiya X3 Komitəsinin nümayəndəsi (gömrük attaşesi) təyin olunmuşdur. Tərəfindən verilmiş ərizə əsasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun 29 noyabr 2023-cü il tarixli əmri ilə pensiyaya çıxarılmışdır. Gömrük nümayəndəsi olduğu müddətdə əmək haqqının əsas hissəsi Azərbaycan Respublikasında, əmək haqqına əlavə hissəsi isə Rusiya Federasiyasında ödənilmişdir. Qeyd edir ki, gömrük nümayəndəsi kimi fəaliyyətini həyata keçirərkən hər zaman dövlət mənafeyini düşünmüş və vəzifəsini layiqincə yerinə yetirmişdir. Lakin, pensiya təyin olunarkən Azərbaycan Respublikasında ona ödənilmiş məbləğ nəzərə alınmış, həmin məbləğin müəyyən bir hissəsi qədər ona pensiya təyin olunmuşdur. Həmin məbləğin təyin olunması əsası kimi guya Azərbaycan Respublikasının Rusiya Federasiyasında yerləşən səfirliyinə ezam olunması göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, gömrük attaşesi kimi ezam olunmamış, təyin edilmiş və ən əsası o, diplomatik xidmət əməkdaşı olmamışdır. Çünki, Rusiya Federasiyasında işlədiyi zaman XİN-in ştat cədvəlində olmamış və DGK tərəfindən ona nümayəndə kimi hüquqi status verilməmişdir. İlk olaraq bildirir ki, barəsində verilmiş əmrdən açıq-aşkar görünür ki, o, Rusiya Federasiyasına ezam olunmamış, Dövlət Gömrük Komitəsinin nümayəndəsi (gömrük attaşesi) kimi təyin olunmuşdur. Əgər həmin vəzifə üzrə Rusiya Federasiyasına ezam olsa idi, o zaman barəsinə verilmiş əmrdə ezam edilsin ifadəsi öz əksini tapardı. Lakin, həmin əmrdə belə bir ifadə mövcud deyildir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2007-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan işçilərin aylıq “əmək haqqı” sxemi tərtib olunmuşdur. Həmin sərəncamda o zaman maliyyə məsələləri üzrə attaşe sayılan, Nazirlər Kabinetinin 26 dekabr 2017-ci il tarixli sərəncamı ilə gömrük attaşesi (nümayəndə) sayılan vəzifə də, müvafiq cədvəldə götərilmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Rusiya Federasiyasında yerləşən səfiri cənab Polad Bülbüloğluna göndərilmiş məktubdan da, onun Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı gömrük attaşesi vəzifəsinə təyin edilməsi görünür. Lakin, həm cavabdeh quruma, həm də, işlədiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edərək qeyd olunan faktları bildirsə də, bunun heç bir faydası olmamışdır. Bugünki, gün də, ona verilən pensiya tam qanunsuz olaraq yalnız Azərbaycan Respublikasında verilən əmək haqqına əsasən hesbalanmışdır. Halbuki, gömrük attaşesi kimi işləyən bütün işçilərdə də, olduğu kimi, ona həm Azərbaycanda, həm də, olduğu xarici ölkədə məvacib ödənildirdi. Nəzərə çatdırır ki, pensiya məbləğinin təyin edilməsi zamanı olan anlaşılmazlıq onun Rusiya Federasiyasında ezam edilib-edilməməsi barədə olan məsələ üzrə yaranmışdır. İddia ərizəsində qeyd etdiyi hallar və əlavə edəcəyi sənədlərdən də, ezam edilməsi deyil, təyin edilməsi görünür. Belə olan halda, ona pensiya təyin edilməsi zamanı pensiyanın yalnız Azəzrbaycan Respublikasında ona ödənilən aylıq məbləğ üzrə hesablanması qanunsuz və əsassızdır. Məhz bu səbəbdən də, məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, cavabdeh qurum bir sıra hallarda guya onun diplomatik əməkdaş olduğuna istinad edərək edilən qanunsuzluğa don geyindirməyə çalışır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşların təminat və kompensasiyaların verilməsi Qaydaları”na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.2-ci bəndində göstərilir ki, “Bu Qaydalar (6.8ci bənd istisna olmaqla) diplomatik nümayəndəliklərdə inzibati-texniki xidmət həyata keçirən şəxslərə və onların ailə üzvlərinə şamil olunur.” Nəzər salınmalı olan digər normativ akt isə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli, 331 saylı Fərmanıdır. Həmin Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin funksiyalarının həyata keççirilməsinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən dövlətlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrini (gömrük attaşelərini) təyin etmək səlahiyyəti verilir və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ayrılmış dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Bundan əlavə, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayənələrinin (gömrük attaşelərinin) fəaliyyətinə dair” Əsasnaməyə nəzər saldıqda gömrük attaşesinin fəaliyyət istiqamətlərinin diplomatik xidmət əməkdaşlarından tam fərqli olduğu, əsas olaraq təyin olunduğu xarici dövlət və ya beynəlxalq təşkilatlarla Azərbaycan Respublikası arasında gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycan Respublikasının milli və iqtisadi maraqlarının qorunması istiqamətində olduğu tam müşahidə olunur. Həmçinin nəzərə alınmalıdır ki, gömrük attaşesi kimi o, çalışarkən Xarici İşlər Nazirliyinin ştatında olmamış və Gömrük Komitəsi xarici ölkədə gömrük nümayəndəliyi açmamışdır. Belə olan təqdirdə, onun diplomatik əməkdaş sayılması mümkün deyildir. O, xarici ölkəyə yalnızca fiziki şəxs kimi müəyyən iş sahəsinə uyğun vəzifəyə təyin olunmuşdur. Bununla yanaşı, nəzərə çatdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiya məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən görünür ki, əmək pensiyası şəxsin pensiya təyin olunduqdan əvvəl aldıqları əmək haqqında mütənasib qaydada hesablanmalıdır. Buna görə də, hesab edir ki, iddia inzibati məhkəmə predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyəti baxımından hazırki məhkəmədə baxılmalı və cavabdeh orqanın imtinaedici məktubu mahiyyət üzrə onun hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə əvəz edilməsi və DGK-da işlədiyi dövrdə ödənilməyən məcburi dövlət sosial sığorta haqlarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ötürülməsinin təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında xx.xx.2005-ci il tarixli 331 nömrəli Fərmanının (xx.xx.2024-cü il tarixədək olan redaksiya) 2-ci bəndindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respubikasının həmin xarici dövlətlərdəki səfirliklərinə, onların bu səfirliklərin strukturlarına və ştat cədvəllərinə daxil edilməməsi şərti ilə ezam olunduqları qeyd olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərabycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərində fəaliyyət göstərən gömrük attaşelərinin saxlanması xərclərinin icmal bölgüsü”ndən müəyyən edilir ki, İddiaçı gömrük attaşesi olaraq xidmət etdiyi dövrdə onun əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi hər il dövlət büdcəsindən onun üçün ayılan qanunla müəyyən edilmiş məbləğ hesabına maliyyələşdirilir. Həmçinin, iddiaçının gömrük attaşesi olaraq xidmət etdiyi dövrdə onun əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmamış və bunun üçün vəsait ayrılmamışdır. “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin ediməsi haqqında” xx.xx.2005-ci il tarixli 331 nömrəli Fərmanına xx.xx.2024-cü il tarixdə 2.2-ci yarımbəndinə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri (gömrük attaşeləri) öz funksiyalarını təyin olunduqları xarici dövlətlərdə və ya beynəlxalq təşkilatlarda akkreditə olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər və öz fəaliyyətlərini həmin nümayəndəliklərin fəaliyyəti ilə əlaqələndirirlər” dəyişiklik edilmişdir. Konstitusiya Məhkəməsi Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.01, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da, qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləlri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000/678ş saylı “Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilmələri haqqında” əmrinin 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 14.2-ci maddəsini və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 331 nömrəli Fərmanını rəhbər tutaraq, Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki funksiyalarının həyata keçirilməsinin təmin edilməsi məqsədilə adları qeyd olunan gömrük əməkdaşları aşağıda göstərilmş ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində Dövlət Gömrük Komitəsinin nümayəndələri (gömrük attaşeləri) təyin edilmişlər: 1.3. Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin əməliyyat müvəkkili İddiaçı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində.
9. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Rusiya Səfirliyindəki səfirinə ünvanlanmış xx.xx.2021-cii l tarixli, 5/14- 17361/14/21 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin müvəkili X2 Azərbaycan Respublikasının Rusiya Federaiyasındakı gömrük attaşesi vəzifəsinə təyin etmişdir. İddiaçı təyinatı ilə bağlı müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Məzkərin məlumatlandırılması xahiş edilmişdir.
10. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Xidmətə xitam verilməsi haqqında” 1000/1434Ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 12-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən İddiaçı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası İnformasiya texnologiyaları və texniki elmlər kafedrası, müəllim, gömrük xidməti polkovniki) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xx.xx.2023-cü il tarixdən xidmətinə xitam verilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 3-33/2-A-000300/1-1/2024 nömrəli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 331 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respubikasının həmin xarici dövlətlərdəki səfirliklərinə onların bu səfirliklərin strukturlarına və ştat cədvəllərinə daxil edilməməsi şərti ilə ezam olunurlar. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmət həyata keçirən şəxslərə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci və 23.2-ci maddələrin uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə həmçinin mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqına məcburi dövlət sosial sığorta haqqı hesablanmır. Konstitusiya Məhkəməsi Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.01, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da, qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləlri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış 24 iyul 2024cü il tarixli, **********116400 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının xarici dövlətlərdəki səfirliklərinə təyin olunmuş nümayəndələrinə (gömrük attaşelərinə) ödənilən əmək haqları ümumi qaydada məcburi dövlət sosial sığorta haqların cəlb olunur. Lakin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 2021-ci ilin 4-cü rübündən 2023-cü ilin 4cü rübünədək olan dövrə dair təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödənilən Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3-33/3-4-197/2023 nömrəli arayışında göstərilən əmək haqqı məbləği qeyd olunmamışdır. Göstərilənləri və 2021-ci ilin 4-cü rübündən 2023-cü ilin 4-cü rübünədək olan dövrə dair vətəndaş İddiaçı gömrük nümayəndəsi (gömrük attaşesi) vəzifəsi üzrə əldə etdiyi gəlirləri barədə dürüstləşdirilmiş məlumatlar əks olunmaqla dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsinə zərurət yarandığını nəzərə alaraq, qanunamüvafiq təbirlər görülməsi istiqamətində müvafiq göstəriş verilməsi xahiş edilmişdir.
13. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-33/2-00xx-xx/2024 nömrəli məktubla bildirilmişir ki, İddiaçı 1 noyabr 2021-ci il tarixdən 30 nyabr 2023-cü il tarixədək Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində gömrük nümayəndəsi (gömrük attaşesi) vəzifəsində çalışmışdır və ona dair ***-**** nömrəli məlumat vərəqəsinin 3.4.2-ci bölməsinin “b” bəndində qeyd olunan 8415.00 manat vəsaitin hesablanma qaydası təqdim edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-33/2-012011/2024 nömrəli məktubla verilmiş cavab məktubuna əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərində fəaliyyət göstərən gömrük attaşelərinin saxlanması xərclərinin icmal bölgüsü”ndən müəyyən edilir ki, İddiaçıun gömrük attaşesi olaraq xidmət etdiyi dövrdə onun əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmamışdır.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-33/2-004830/2025 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Xarici Dövlətlərdəki Səfirliklərinə təyin edilmiş gömrük nümayəndələrinin xarici dövlətlərdə aldıqları əmək haqqlarından 1 may 2024-cü il tarixdən etibarən sığortaolunan tərəfindən ödənilən sığota haqqı üzrə 3 faiz, sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə 22 faiz dövlət sosial sığorta haqqı tutulmaqdadır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. 22 Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları və işin halları ilə əsaslandırır.
23. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
26. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
27. Gömrük Məcəlləsi Maddə 14. Gömrük orqanlarının beynəlxalq əməkdaşlığı 14.1. Gömrük orqanları öz funksiyalarını həyata keçirərkən beynəlxalq müqavilələrə uyğun olaraq başqa dövlətlərin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər. 14.2. Müvafiq icra hakimiyyəti orqanının öz funksiyalarının həyata keçirilməsinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrini (gömrük attaşelərini) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin etmək səlahiyyəti vardır.
28. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 331 nömrəli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanının 30 avqust 2024-cü il tarixədək qüvvədə olan redaksiyasının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin funksiyalarının həyata keçirilməsinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrini (gömrük attaşelərini) təyin etmək səlahiyyəti verilmişdir. 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respublikasının həmin xarici dövlətlərdəki səfirliklərinə, onların bu səfirliklərin strukturlarına və ştat cədvəllərinə daxil edilməməsi şərti ilə ezam olunurlar. 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ayrılmış dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
29. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Sosial sığortanın iştirakçıları Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığorta olunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün işəgötürənlər, habelə başqasını sosial sığorta edən digər şəxslərdir. Sığorta olunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq; müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək; sosial sığorta vəsaitlərinin hərəkətinin uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya xarici ölkədə Azərbaycan Respublikasına məxsus bütün idarə, müəssisə və təşkilatlarda fərdi əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; seçkili ödənişli vəzifələrdə işləyənlər; prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri; vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxslər; dövlətlərarası sazişlərə uyğun olaraq əcnəbilər - məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əməyin ödənişi fonduna (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı: bütün işəgötürənlər üçün (kolxoz, sovxoz, təsərrüfatlararası kənd təsərrüfatı müəssisələri və kəndli (fermer) təsərrüfatlarından başqa) — hesablanmış əməyin ödənişi fondunun 35 faizi miqdarında; kolxoz, sovxoz, təsərrüfatlararası kənd təsərrüfatı müəssisələri, kəndli (fermer) təsərrüfatları üçün — hesablanmış əməyin ödənişi fondunun 25 faizi miqdarında; ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) əməyindən istifadə edən şəxslər — hesablanmış əmək haqqının 20 faizi miqdarında; Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; seçkili ödənişli vəzifələrdə işləyənlər; prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri; fərdi əmək müqaviləsi (kontraktı) ilə işləyənlər, habelə kontrakt əsasında qulluğa qəbul edilmiş hərbi qulluqçular — hesablanmış əmək haqqının 1 faizi miqdarında; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanlar və vəkillər kollegiyasının üzvləri üçün — gəlirlərinin 20 faizi miqdarında; icarə əsasında nəqliyyat vasitələrində işləyən şəxslər üçün icarədar tərəfindən — icarə haqqının 20 faizi miqdarında; “Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq fəaliyyət göstərən şəxslər, aylıq gəlirləri ölkə üzrə ötən rübün orta aylıq əmək haqqının: 1 mislinədək olduqda — orta aylıq əmək haqqının 10 faizi miqdarında; 2 mislinədək olduqda — orta aylıq əmək haqqının 15 faizi miqdarında; 3 mislinədək olduqda — orta aylıq əmək haqqının 20 faizi miqdarında; 4 mislinədək olduqda — orta aylıq əmək haqqının 25 faizi miqdarında; 5 mislinədək olduqda — orta aylıq əmək haqqının 30 faizi miqdarında; 5 mislindən yuxarı olduqda — orta aylıq əmək haqqının 35 faizi miqdarında; müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər — hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında ödəyirlər. Məcburi dövlət sosial sığorta haqqını işəgötürən və vəkillər kollegiyası verilmiş sosial sığorta ödəmələri çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində, qonorar ödəyən hüquqi və fiziki şəxslər hər dəfə qonorar hesablandıqda, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxslər hər rüb üçün sonrakı rübün əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödəyirlər. Maddə 15. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri Məcburi dövlət sosial sığorta haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sosial sığorta haqqı hesablanmayan kompensasiyalar, müavinətlər və gəlirlər istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır.
30. Beləliklə hazırki işin hallarının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin əməliyyat müvəkkili olmuş İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000/678ş saylı “Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilmələri haqqında” əmrinə əsasən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə gömrük atteşesi kimi təyin edilmişdir. Həmin əmrə əsasən gömrük attaşeləri kimi təyin olunan şəxslərin əməyinin ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş arayışa əsasən iddiaçının Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində gömrük nümayəndəsi (gömrük attaşesi) vəzifəsində xidmət etdiyi dövrdə aldığı əmək haqqı məbləği barədə məlumatlar qeyd edilmişdir. Lakin, məhkəmənin sorğusuna verilmiş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərində fəaliyyət göstərən gömrük attaşelərinin saxlanması xərclərinin ictimai bölgüsü”ndən müəyyən edilmişdir ki, İddiaçı gömrük attaşesi olaraq xidmət etdiyi dövrdə onun əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmamışdır. İddiaçı həmin sosial sığorta haqlarının ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Belə ki, hazırki Qərarın 29-cu bəndində qeyd edilmiş qanunvericiliyin normalarından görünür ki, məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin dairəsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində, məcburi dövlət sosial sığorta haqları hesablanmayan gəlir növlərinin dairəsi isə həmin Qanunun 15-ci maddəsində müəyyənləşdirilmişdir və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndəliklərinə (gömrük attaşelərinə) ödənilən əmək haqlarının məcburi dövlət sosial sığorta haqlarından azad olunması “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən Azərbaycan Respublikasının xarici dövlətlərdəki səfirliklərinə təyin olunmuş nümayəndələrinə (gömrük attaşelərinə), o cümlədən də, iddiaçıya ödənilən əmək haqları ümumi qaydada məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmamışdır. Nəticədə cavabdeh tərəfindən iddiaçının sosial təminat hüququ cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq məhdudlaşdırılmışdır.
31. Məhkəmə eləcə də, qeyd edir ki, cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Xarici Dövlətlərdəki Səfirliklərinə təyin edilmiş gömrük nümayəndələrinin xarici dövlətlərdə aldıqları əmək haqqlarından 1 may 2024-cü il tarixdən etibarən sığortaolunan tərəfindən ödənilən sığota haqqı üzrə 3 faiz, sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə 22 faiz dövlət sosial sığorta haqqı tutulmaqdadır. Görünüyü kimi, cavabdehin özü tərəfindən artıq 01 may 2024-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Xarici Dövlətlərdəki Səfirliklərinə təyin edilmiş gömrük nümayəndələrinin xarici dövlətlərdə aldıqları əmək haqqlarından dövlət sosial sığorta haqları üzrə tutulmaların aparılmasına başlanılmışdır.
32. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin ediməsindən qanunsuz və əsassız olaraq imtina edildiyindən iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
35. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işlədiyi dövrdə ona dair ödənilməyən məcburi dövlət sosial sığorta haqlarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ötürülməsinin təmin edilməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva