Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8992/2023 01.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə əyani şöbəsi tərəfindən diplomun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-2014-cü il tədris illərində Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən X2 İqtisadiyyat fakültəsinə qəbul olmuşdur. 2014-cü ildə ailə vəziyyəti ilə əlaqədar təhsilini vətəni Azərbaycan Respublikasında davam etdirmək üçün respublikamızda fəaliyyət göstərən universitetlərdən birində oxumaq qərarına gəldi. Bunun üçün iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etdi və ona bildirildi ki, ixtisasina uyğun universiteti seçirsən, sənədlərini təqdim edirsən, həmin universitet sənin sənədlərinin qanuna uyğunluğunu yoxlayır, əgər uyğundursa qəbul edir. Xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülmə universitetlərin öz daxili qaydaları görə tənzimləndiyindən Təhsil Nazirliyinin bu məsələyə aidiyyəti yoxdur. Nəhayət iddiaçı da Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qanuni əsaslarla köçürüldü və 2017-ci ildə həmin Universitetin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə əyani şöbəsini bitirdi. Universiteti bitirdikdən sonra hərbi xidmət keçdi. Lakin bu günədək diplomu ala bilmədiyindən döymədiyi qapı qalmamışdır. Nəhayət Universitetdən bildirdilər ki, sizin diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi ləngidir, buna görə də diplomun verilməsi üçün rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Bu yaxınlarda iddiaçıya cavabdeh tərəfindən məktub ilə bildirilmişdir ki, ali təhsil müəssisəsinə X4 sərəncamı əsasında qəbul olunmuş (və ya Təhsil Nazirinin razılığı ilə digər ali təhsil müəssisəsindən köçürülmüş), tədris planında nəzərdə tutulanları tam yerinə yetirmiş, yekun dövlət attestasiyasından müvəfəqiyyətlə keçmiş və təhsil haqqı borcu olmayan şəxslərə diplom verilir. Sizin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinizə Təhsil Nazirliyi tərəfindən razılıq verilməmişdir və bu səbəbdən qeyd olunan ali təhsil müəssisəsində təhsil almağınızın hüquqi əsası yoxdur. İddiaçı hesab edir ki, bu imtina tam əsassızdır. İddiaçı qanuni şəkildə qeyd edilən ali təhsil müəssisənə daxil olmuşdur. Təhsil müddətində vaxtlı-vaxtında dərslərdə iştirak etmişəm, tədris planında nəzərdə tutulanları tam yerinə yetirmişəm, yekun dövlət attestasiyasından müvəfəqiyyətlə keçmişəm və təhsil haqqı borcu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Buna görə də konstitusiyamızın verdiyi səlahiyyətə əsasən iddiaçı ali təhsil almaq üçün ixtisasını və təhsil alacağı ali təhsil müəssiəsini seçməkdə sərbəstdir və onun bu hüquqları məhdudlaşdırıla bilməz. Cavabdeh məktubunda imtinanın əsası kimi o hallara istinad edir ki, iddiaçının digər ali təhsil müəssisəsindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinə dair Təhsil Nazirliyi tərəfindən razılıq verilməmişdir və bu səbəbdən qeyd olunan ali təhsil müəssisəsində təhsil almağınızın hüquqi əsası yoxdur. İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qanuni əsaslarla 2014-cü ildə qəbul olunmuş və 2017-ci ildə isə həmin universiteti bitirmişdir. Məktubda isə göstərilən qaydalar xx.xx.2017-ci il tarixdə qəbul edilmiş və həmin qərar qüvvəyə mindikdən sonra ondan sonrakı əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydaların 1.8-ci tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Göründüyü kimi, qəbul edilmiş qaydalar hazırki münasibətlərə şamil edilə bilməz və bu səbəbdən də cavabdehin imtina məktubunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarına əsaslanması tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1 -ci maddəsinə əsasən mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “İnsan Hüquqularının və X1 haqqında” Konvensiyaya dair Protokolun 2-ci maddəsinə görə heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1 -ci maddəsinə əsasən nzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində ızibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, nzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Drosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər» müddəalarına uyğun olaraq pozulmuş hüquqlarımın bərpa olunması tələbi ilə məhkəməyə müraciət edir.
3. İş materiallarına əlavə olunan xx.xx.2019-cu il tarixli, 37 saylı Arayışa əsasən, İddiaçı həqiqətən 2016-2017-ci tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pillsəinin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə əyani şöbəsinin İV kursunu tam bitirmiş, Dövlət Atttestasiya Komissiyasının qərarına əsasən ona bakalavr dərəcəsi verilmişdir.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd olunur ki, ali təhsil müəssisəsinə X4 sərəncamı əsasında qəbul olunmuş (və ya Təhsil Nazirinin razılığı ilə digər ali təl müəssisəsindən köçürülmüş), tədris planında nəzərdə tutulanları tam yerinə yetirmiş, yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmiş və təhsil haqqı borcu olmayan şəxslərə diplom verilir. Sizin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinizə Təhsil Nazirliyi tərəfindən razılıq verilməmişdir və bu səbəbdən qeyd olunan ali təhsil müəssisəsində təhsil almağının hüquqi əsası yoxdur.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4323/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə (hakim G.Sevdimaliyeva) birgə iddiaçıların (sıralanma üzrə 22-ci iddiaçı – İddiaçı) cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “diplomların verilməsi öhdəliyinin qoyulması” iddiası mümkün sayılmamışdır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti (VÖEN **********) kommersiya qurumu kimi mövcuddur.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar
12. Beləliklə, məhkəmə müəyyən edir ki, qüvvədə olan məhkəmə qərarına əsasən, iddiaçının “diplomun verilməsi öhdəliyinin qoyulması” tələbi üzrə iddiası mümkün sayılmamışdır. Bu səbəbdən hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu və məhkəmənin mövqeyi aydın şəkildə ifadə olunduğu üçün iddia tələbi mümkün sayılmamalıdır. Həmin qərar qəbul edildikdən sonra tərəflərin münasibətləri üzrə hər hansı vəziyyət dəyişməmişdir, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti (VÖEN **********) kommersiya qurumu kimi mövcuddur.
13. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil və konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.
14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva