Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8993/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin şimal şərqində 26 nömrəli sahədə 600 kv.m torpaq sahəsinə cizginin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 870 saylı sərəncamı 03 avqust 1999-cu il tarixdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1606 saylı sərəncamı ilə dəyişiklik edilərək ona fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsi şimal-şərqində 26 nömrəli sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. 2018-ci il tarixli "xxxx" ASC-nin rəsmi məktubuna əsasən ayrılan torpaq sahəsinin "xxxx" ASC-nə məxsus elektrik verilişi xəttinin mühafizə zolağında yerləşmədiyi göstərilməklə torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilməmişdir. 2022-ci il tarixdə ona ayrılan torpaq sahəsinin cizgisinin verilməsi üçün cavabdeh orqana rəsmi qaydada müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli rəsmi məktubunda göstərilmişdir ki, bu barədə Suraxanı rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Bu səbəbdən də, müraciətinə imtina cavabı verilmişdir. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onu da, bildirir ki, həmin torpaq sahəsi tərəfindən hasarlanmışdır. Qonşularla heç bir mübahisə yoxdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin şimal-şərqində, 26-cı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin cizgisi həmin dövrdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 870 saylı sərəncam ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Eyni zamanda, rayon İcra Hakimiyyətinin ötən illərə dair sənədləri o cümlədən 1997-ci il də, daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər-hansı bir məlumat verməmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış M- 41-091 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunun surətindən görünür ki, RİH-nin sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətin müsbət həlli səlahiyyətləri xaricindədir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciətə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Həmçinin, torpaq sahəsinin ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin 03 avqust 1999-cu il tarixli, 1606 saylı sərəncamına istinad olunmuş yerləşmə sxemi təqdim edilməmişdir. İşdə olan "xxxx" ASC tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş DX- 18/1222 nömrəli, 27 mart 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, şimal-şərqində 26 saylı sahədə yerləşən torpaq sahəsinin üzərində hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq arayış verilməsinə dair ərizəsinə baxılaraq bildirilmişdir ki, göstərilən ünvan "xxxx" ASC-yə məxsus elektrik verilişi xəttinin mühafizə zonasında yerləşmir. Buna nəzərə alaraq, qeyd olunan torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 12 sentyabr 2022-ci il tarixli, BA-05805-2022 nömrəli məktubla Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 870 saylı sərəncamının və həmin sərəncama əlavə olunmuş sənədin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X1 ərizəsi əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 870 nömrəli, 27 iyun 1997-ci il tarixli sərəncamı ilə X2 fərdi yaşayış evi tikmək üçün Yeni–Suraxanı qəsəbəsinin şimal-şərqində 26 nömrəli sahədə, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 04 iyul 2022-ci il tarixli, BA-04047-2022 nömrəli məktubla Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli, 1606 saylı sərəncamının və həmin sərəncama əlavə olunmuş sənədin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X1 və İddiaçı ərizələri əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1606 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 870 saylı sərəncamının 1-ci və 2-ci bəndində dəyişiklik aparılması və İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsinin şimal-şərqində, 26 nömrəli sahədə, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi sxem əlavə edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1606 nömrəli, 03 avqust 1999-cu il tarixli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsinin şimal-şərqində, 26 nömrəli sahədə, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi əlavə edilməmişdir. İddiaçı sözügedən sərəncam əsasında ona yerləşmə cizgisinin verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən RİH-nin sənədlərinin 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilməsi və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmamasına istinad edilərək imtina edilmişdir. Lakin, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında apardığı işin hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, sonuncunun qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılan zaman ayrılmış torpaq sahəsinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Lakin, cavabdeh iddiaçıya ayırdığı torpaq sahəsinə dair yerləşmə cizgisinin təsdiq edilmiş surətini verməmişdir, bu hal isə həmin torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hazırki iş üzrə hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin müddəalarına əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludu; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 03 avqust 1999-cu il tarixli, 1606 nömrəli sərəncamına əsasən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin şimal şərqində 26 nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8993/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8993/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver