Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8995/2022 30.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı rayonu, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 90, mənzil 4) cavabdeh – Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 38 nömrəli Şəhər Poliklinikasına (yerləşdiyi yer: Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22) qarşı «iddiaçının anasının ölümü haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığrota üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 38 nömrəli Şəhər Poliklinikasına (bundan sonra – Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 38 saylı Şəhər Poliklinikası) qarşı «iddiaçının anasının ölümü haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı hal-hazırda ünvan 1 ünvanında yaşayır. Onun mərhum anası X4 təzyiq xəstəliyindən müalicə olunurdu. 29 noyabr 2021-ci il tarixdə dərhal növbətçi həkim çağırılsa da, Sumayə Məmmədova həkim gələnədək artıq vəfat etmişdir. Növbətçi həkim bunun əsasında onun ölümü haqqında arayış vermişdir. İddiaçı yuxarıda qeyd olunan ünvanda yaşadığından, rayon qeydiyyat şöbəsindən anasının ölümü haqqında şəhadətnamə almaq məqsədilə ona “ölüm haqqında tibbi şəhadətnamə (forma- 106 arayışı)” verilməsi ilə bağlı hazırkı cavabdehə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və buna səbəb kimi mərhumun ambulator kartının və poliklinikaya hər hansı xəstəliklə bağlı müraciətinin olmaması göstərilmişdir. Sumayə Məmmədova Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindəki Dədə-Qorqud qəbiristanlğında dəfn olunmuşdur. Göstərilənlərə və İPM-in 2.2.2, 33.1, 33.2, 38.2, 45, 46, 73.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1, 9.1, 14.2, 149, 150, 296, 298-ci maddələrinə əsaslanaraq, iddiaçının mərhum anası 29 noyabr 2021-ci il tarixdə vəfat etmiş 1954-cü il təvəllüdlü X2 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, eləcə də məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehlərə təqdim edilmişdir. Cavabdehlərin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. İş materiallarından olan 38 saylı Şəhər Poliklinikasının Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 111 saylı 1 aprel 2022-ci il tarixli məktubunda bildirilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 iyun 2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən ünvan 3 ünvanında yaşamış X3 Poliklinika tərəfindən ölüm haqqında sənəd (forma 106) verilə bilmir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 194-cü maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 nömrəli 1 mart 2001-ci il tarixli qərarı ilə «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları» təsdiq edilmişdir. Həmin qərarın 8 və 15 nömrəli əlavələri müəyyən edilmiş “Ölüm haqqında akt qeydi”nin və “Ölüm haqqında şəhadətnamə”nin formalarında ölümün səbəbi qrafası da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na görə : - (8.1-ci bənd) Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır; - (8.5-ci bənd) Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 05 nömrəli əmri ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin ikinci hissəsinə əsasən insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını müəyyən edir. Həmin Qaydanın 4.1-ci bəndinə görə “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.3-cü bəndinə görə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 4.4-cü bəndinə görə aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: - (4.4.1) hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; - (4.4.2) infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; - (4.4.3) tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; - (4.4.4) zorakı ölümə şübhə olduğu hallarda; - (4.4.5) ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; - (4.4.6) ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. Həmin Qaydanın 4.5-ci bəndinə görə ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 5.3-cü bəndinə görə şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqqında» 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 9.1-ci bəndində aşağıdakılar qeyd olunmuşdur: - «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39 və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Göründüyü kimi, mövcud qanunvericilik normaları şəxsə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsini “Xəbərdarlıq vərəqəsi”nin və tibbi sənədlərin (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) təqdim edilməsi ilə şərtləndirir və həmin şəhadətnamənin verilməsi səlahiyyətini ayrı-ayrı kateqoriyadan olan tibb müəssisələrinə verir: 1) stasionar tibb müəssisəsi – ölüm hadisəsi vəfat edən şəxsin həmin tibb müəssisəsində müayinə və ya müalicə olunduğu vaxt baş vermişsə; 2) patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi – hamiləlik və doğuşla əlaqədar, infeksion xəstəliklər, zorakı ölümə şübhə olduqda, ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 3) şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi – yuxarıda sadalananlardan başqa digər hallarda. Hazırkı işin hallaarına görə iddiaçının mərhum anası 1954-cü il təvəllüdlü X4 müalicə və ya müayinə olunduğu tibb müəssisəsində vəfat etməmişdir, eləcə də müvafiq “Xəbərdarlıq vərəqəsi”nə əsasən onun ölümünün səbəbi məlum deyil. Belə olan halda, «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 4-cü bəndinin tələblərinə görə həmin şəxsin (X1) ölümü barədə “Ölüm haqqında tibbi şəhadətnamə” ambulator tibb müəssisəsi və stasionar tibb müəssisəsi deyil, müvafiq patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilə bilər. Lakin 38 saylı Şəhər Poliklinikasının yuxarıda qeyd olunan tibb müəssisələrindən hansına aid olması ilə bağlı TƏBİB publik hüquqi şəxsə məhkəmə tərəfindən ünvanlanmış sorğu məktubuna cavab olaraq həmin qurumdan alınmış 16 avqust 2022-ci il tarixli məktubda bildirilir ki, 38 saylı Şəhər Poliklinikası “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərir, pataloji anatomoya və məhkəmə-tibbi ekspertiza müayinəsi aparan müəssisələr kateqoriyasına aid deyil. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 iyul 2015-ci il tarixli 52 nömrəli əmri ilə təsdiq edilmiş «Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair Təlimat»ın müddəalarını da rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 38 nömrəli Şəhər Poliklinikası İddiaçı mərhum anası 25 fevral 1954-cü il tarixdə doğulmuş X2 vəfatı ilə əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd sayılmamalıdır. Odur ki, iddia əsaslı qiymətləndirilmir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 38 nömrəli Şəhər Poliklinikasına qarşı «iddiaçının anasının ölümü haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 38 nömrəli Şəhər Poliklinikasına qarşı «iddiaçının anasının ölümü haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim:Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8995/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8995/2022
30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver