Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8998/2024 21.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiaları üzrə inzibati işə 21 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Qanuni nümayəndə 1993-cü ildə erməni təcavüzü nəticəsində Füzuli rayonundan məcburi köçkün düşmüş, ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Qanuni nümayəndə ilə X5 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2007-ci ildə İddiaçı adlı (bundan sonra – iddiaçı) uşaqları olmuşdur. Qanuni nümayəndə və X2 məcburi köçkün statusu vardır və bu barədə onlara Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq olaraq xx.xx.2019-cu il tarixdə Seriya AA № 419329 saylı və xx.xx.2019-cu il tarixli, Seriya AA № 425808 saylı məcburi köçkün vəsiqəsi vərilmişdir. İddiaçı və valideynləri Füzuli şəhəri, S.Hüseynov küçəsi, ev 26 ünvanında qeydiyyatdadırlar. İddiaçıya məcburi köçkün statusu və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra – cavabdeh) müraciət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə Füzuli rayonunun işğalından əvvəl işğal ounmamış Kürdmahmudlu kəndində qeydiyyatda olduğu və yaşadığı üçün təmas xətti ləğv edildikdən sonra həmin kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunun verilməsi dayandırıldığını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun məcburi köçkünlərə verilən müavinət almasını və ata evlərinin bərpa edilməməsini nəzərə almamışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Füzuli rayonu, Kürdmahmudlu kəndi 1993-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə ikinci Qarabağ Müharibəsində qazanılmış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmişdir. Göründüyü kimi 1993-cü ildə Kürdmahmudlu kəndi işğaldan azad olunduqdan sonra kənd sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir:
1. əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;
2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. İddiaçının atası 1993-cü ildə işğaldan azad olunmuş ünvan 2i ünvanına qayıtmaq imkanına malik olduğundan Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 1999-cu il 21 may tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdir. Bu Qanuna uyğun olaraq, 1993-cü il tarixdə işğaldan azad olunmuş Füzuli rayonu, Kürdmahmudlu kəndi ünvanında qeydiyyatda olan şəxslərə məcburi köçkün statusu və onu təsdiq edən sənədin (vəsiqə) verilməsi dayandırılmışdır. Xüsusilə vurğulamaq lazımdır ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində təmas xətti tamamilə ləğv olunaraq əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilib. Bununla əlaqədar olaraq, Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, Ağdam rayonunun 7 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin verilməsi 2024-cü il 1 may tarixindən etibarən dayandırılıb. İddiaçının atası Qanuni nümayəndə 2007-ci ilədək yaşayış yeri üzrə qeydiyyatda olduğu Füzuli rayonu, Kürdmahmudlu kəndi 1993-cü il tarixdə işğaldan azad olunduğundan, həmçinin X1 sonra təmas xətti ləğv edildiyindən İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz.
Tərəflərin iştirakı və izahatları: İddiaçının qanuni nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürürlər. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının müraciətinin təmin olunmasından cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə imtina edilmiş, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət edərək iddia müddətinə riayət etmişdir.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçının atası və anası Füzuli rayonundan məcburi köçkün düşmüş, hər ikisi məcburi köçkün statusuna malikdirlər. İddiaçının və ailə üzvlərinin qeydiyyat ünvanı – ünvan 3ər üçün nəzərdə tutulmuş aylıq müavinət alırlar. İddiaçı hazırkı tələbində ona məcburi köçkün statusu və vəsiqəsi verilməsini xahiş edir. Cavabdeh isə, iddiaçının valideynlərinin Füzuli rayonunun işğalından əvvəl işğal olunmamış Kürdmahmudlu kəndində qeydiyyatda olaraq yaşamalarına, həmin evin təmas xəttində yerləşməsinə, təmas xəttinin ləğv edildikdən sonra həmin kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunun verilməsi dayandırılmasına istinad edərək müraciətin təmin olunmasından imtina edir və eyni əsaslarla iddiaya etiraz edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddia tələbi əsaslıdır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər; 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Qaydalara əsasən uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Məhkəmə qeyd edir ki, Qaydalarda göstərilən hər üç şərt iddiaçıya münasibətdə mövcuddur. Cavabdehin imtinası ilə bağlı məhkəmə qeyd edir ki, ilk növbədə qeyd edilməlidir ki, həm iddiaçı, həm də valideynləri, ünvan 4 ünvanında qeydiyyatdadırlar. Digər tərəfdən cavabdeh Qaydaların 14-cü maddəsinə istinad edərək təmas xəttinin ləğv edilməsinə istinad edir. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin Başçısının Kürdmahmudlu Kənd İcra Nümayənliyinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X3 (iddiaçının babası) Fuzuli rayon Yuxarı Kürdmahmudlu kəndində özünə məxsus yaşayış evi olmuş, 1993-cü il erməni təcavüzkarları tərəfindən işğala məruz qalmış və dağıdılmışdır. Hal-hazırkı vaxta qədər həmin evdə Dövlət tərəfindən tikinti və bərpa işləri aparılmamışdır. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir:
1. əvvəl adətən yaşadığı verə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa vasayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;
2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. İstinad olunan qanundan göründüyü kimi, şəxs yaşadığı verə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə və ya dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə məcburi köçkün statusunu itirir. Hazırkı halda isə, cavabdeh iddiaçının (ailə üzvlərinin) yaşadığı yerə qayıtmasına, yaşayış sahəsi ilə təmin olunmasına, təmas xəttinin ləğvindən sonra Kürdmahmudlu kəndində dağıdılmış evlərinin bərpa olunmasına dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə cavabdeh iddiaçının (ailə üzvlərinin) yaşayış sahəsi ilə təmin olunmasına və ya Kürdmahmudlu kəndinə qayıtmasına, yaşadıqları evlərinin bərpa olunmasına deyil, yalnız təmas xəttinin ləğv edilməsinə istinad edir ki, bu hal Qanunun istiad edilən 14-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov