Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8998/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyində (bundan sonra – cavabeh) hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirinin birinci müavini - Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli əmri ilə Quru Qoşunlarının (N № li hərbi hissə) Maliyyə Şöbəsinin pul təminatı və əmək haqqı bölməsinin rəisi vəsifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı Quru Qoşunlarının (N № li hərbi hissə) Maliyyə Şöbəsinin (Q8) rəisi vəzifəsinin icrasına buraxılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə N nömrəli hərbi hissə komandirinə raportla müraciət edərək “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin birinci müavini - Baş Qərargah rəisinin xx.xx.2024-cü il tarixli, 0920 № li əmri ilə iddiaçı “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin 8.10.2024-cü il tarixli, 341 nömrəli əmri ilə iddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı barəsində N nömrəli hərbi hissə tərəfindən MN № N nömrəli 08 oktabr 2024cü il tarixli “Pul attestatı tərtib edilmiş, pul attestatında vəzifə maaşı 1115 manat göstərilmişdir. İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra barəsində cavabdeh tərəfindən MN-22626 nömrəli məlumat vərəqi rəsmiləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş və xx.xx.2024-cü tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya alır. MN-22626 nömrəli məlumat vərəqinə əsasən iddiaçının vəzifəsi – X4 X5 şöbəsinin Pul təminatı və əmək haqqı bölməsinin rəisi (kod 04-022-2024), vəzifə maaşı – 1115,00 manat, rütbə maaşı – 154,00 manat, xidmət illərinə görə 40% əlavə - 507,60 manat, ərzaq payı əvəzinə pul komensasiyası – 64,00 manat, usta məharət dərəcəsinə görə 35% əlavə - 390,25 manat, 20 % Prezident əlavəsi – 223,00 manat, ümumilikdə təminat xərliyinin məbləği – 2453, 85 manat müəyyən edilmişdir. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2024-cü il tarixdə raportla müraciət etdiyi vaxt icra etdiyi Quru Qoşunlarının (N № li hərbi hissə) Maliyyə Şöbəsinin rəisi vəzifəsinin vəzifə maaşına uyğun olaraq yeni məlumat vərəqinin verilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2025-ci il tarixli məktubla imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidryət ^tmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Maliyyə və Büdcə İdarəsinin Sosial təminat və pensiya şöbəsində saxlanılan polkovnik-leytenant İddiaçı məxsus MN-22626 nömrəli şəxsi işində olan məlumatlara əsasən, o, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 20 sentyabr 2022ci il tarixli 0260 nömrəli əmrinə müvafiq olaraq “X2 X6 şöbəsinin Pul təminatı və əmək haqqı bölməsinin rəisi” vəzifəsinə təyin edilmişdir. Eyni zamanda ehtiyatda olan polkovnikleytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 26 sentyabr 2024-cü il tarixli 0920 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq X2 X6 şöbəsinin Pul təminatı və əmək haqqı bölməsinin rəisi vəzifəsindən istefaya buraxılaraq N nömrəli hərbi hissə komandirinin N oktyabr 2024-cü il tarixli 341 nömrəli əmrinə əsasən N oktyabr 2024-cü il tarixdən şəxsi heyətinin siyahısından çıxarılmışdır. Bundan başqa bildiririk ki, İddiaçı sonuncu xidmət yeri olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş MN № N nömrəli 03 fevral 2024-cü il tarixli “Pul attestatında qeyd edilmiş məlumatlara əsasən tərəfimizdən tərtib olunmuş MN-22626 nömrəli “Məlumat vərəqi”ndə İddiaçı hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu, yəni “X2 X6 şöbəsinin Pul təminatı və əmək haqqı bölməsinin rəisi”, vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir və onun pensiyasının yenidən hesablanması məqsədi ilə adı çəkilən idarəyə yeni “Məlumat vərəqi” tərtib olunaraq göndərilməsi qanuna müvafiq hesab olunmur. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasınının yenidən hesablanması üçün yeni məlumat vərəqinin (xx.xx.2024-cü il tarixdə raportla müraciət edərkən icra etdiyim N № li hərbi hissənin maliyyə şöbəsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilməklə şərtilə) tərtib olunaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək N №-li hərbi hissənin Maliyyə şöbəsinin pul təminatı və əmək haqqı bölməsinin rəisi vəzifəsində xidmət keçmiş və xx.xx.2024-cü il tarixdə ehtiyata buraxılıb. Göstərilən bu dövr ərzində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “N №İi hərbi hissənin Maliyyə şöbəsinin rəisi” vəzifəsini icra etmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şöbə rəisi vəzifəsinin vəzifə maaşı əsas götürülməklə aylıq pul təminatı ilə təmin olunmuşdur. Maliyyə şöbəsinin rəisi vəzifəsini icra edərkən xx.xx.2024-cü il tarixdə raport yazaraq “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən ehtiyata buraxılmağını xahiş etmişdir. Raport N №-li hərbi hissədə xx.xx.2024-cü il tarixdə 13176 daxil olma nömrəsilə qeydiyyata alınmışdır. Raport komanda üzrə N №-li hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi tərəfindən imzalanmış və ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Lakin Raport icra edilməmişdir. Hesab edir ki, ehtiyata buraxıldıqdan sonra ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması üçün (xx.xx.2024-cü il tarixdə raportla müraciət edərkən icra etdiyi N №-li hərbi hissənin maliyyə şöbəsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilməklə şərtilə) yeni məlumat vərəqi tərtib olunaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməlidir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmət keçmiş, xx.xx.2022-ci il tarixli əmr ilə Quru Qoşunlarının (N № li hərbi hissə) Maliyyə Şöbəsinin pul təminatı və əmək haqqı bölməsinin rəisi vəsifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı Quru Qoşunlarının (N № li hərbi hissə) Maliyyə Şöbəsinin (Q8) rəisi vəzifəsinin icrasına buraxılmış və xx.xx.2024-cü il tarixli, 0920 № li əmr ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin 8.10.2024cü il tarixli, 341 nömrəli əmri ilə iddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra barəsində cavabdeh tərəfindən MN-22626 nömrəli məlumat vərəqi rəsmiləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş və xx.xx.2024-cü tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya alır. İddiaçının hazırkı iddianı qaldımraqda hüquqi marağı məlumat vərəqində dəyişiklik edilərək Quru Qoşunlarının (N № li hərbi hissə) Maliyyə Şöbəsinin rəisi vəzifəsinin vəzifə maaşına uyğun olaraq yeni məlumat vərəqinin DSMF-yə göndərilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh isə, bildirir ki, iddiaçı sonuncu vəzifəsinə uyğun olaraq, yəni Quru Qoşunlarının (N № li hərbi hissə) Maliyyə Şöbəsinin pul təminatı və əmək haqqı bölməsinin rəisi vəsifəsinə uyğun olaraq məlmat vərəqi tərtib edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı, iddia tələbi isə əsassızdır. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”: Bu Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra - hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Məhkəmə qeyd edir ki, sadalanan qanunvericilik normalarından göründüyü kimi, mövcud qanunvericlik normaları hərbi qulluqçuların əmək pensiyasının hesablanmasını onlar barəsində müvafiq səlahiyyətli orqan (hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən təminat xərcliyinə dair tərtib edilmiş məlumat vərəqəsi əsas götürülməklə nəzərdə tutur. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının şəxsi işində olan məlumatlara əsasən onun sonuncu xidmət yeri, Quru Qoşunlarının (N № li hərbi hissə) Maliyyə Şöbəsinin pul təminatı və əmək haqqı bölməsinin rəisi vəzifəsi olmuş hə həmin vəzifədən ehtiyata buraxılmışdır. İddiaçının şəxsi işindən, onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli pul attestatında, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikasının Müdafiə Nazirinin birinci müavini - Baş Qərargah rəisinin xx.xx.2024-cü il tarixli, 0920 № li əmrində, həmçinin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə N nömrəli hərbi hissə komandirinin 8.10.2024-cü il tarixli, 341 nömrəli əmrində onun vəzifəsi - Quru Qoşunlarının (N № li hərbi hissə) Maliyyə Şöbəsinin pul təminatı və əmək haqqı bölməsinin rəisi kimi qeyd edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli əmrinə (Quru Qoşunlarının (N № li hərbi hissə) Maliyyə Şöbəsinin (Q8) rəisi vəzifəsinin icrasına buraxılma) barədə istinad edərək hesab edir ki, həmin vəzifəyə uyğun olaraq yeni məlumat vərəqi tərtib edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikasının Müdafiə Nazirinin birinci müavini - Baş Qərargah rəisinin xx.xx.2024-cü il tarixli, 0920 № li əmrində, həmçinin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə N nömrəli hərbi hissə komandirinin 8.10.2024cü il tarixli, 341 nömrəli əmrlərini mübahisələndirməmiş, həmin əmrlərlə razılamışdır. Belə olan halda, iddia tələbinin təmin olunması üçün əsas yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-8998/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8998/2025
14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver