Məhkəmə qərarları › İş №2-1(112)-900/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-900/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-900/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsi) qarşı «əmrin və onun hüquqi nəticələrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsi) qarşı «əmrlərin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) AR Daxili İşlər Nazirliyinin və Bakı şəhəri Nizami RPİ-nin 20 fevral 2019-cu il tarixli 16 ş/h saylı əmri ilə Bakı şəhəri Nizami RPİ-nin X6 polis nəfəri, kiçik serjant kimi işə qəbul edilmişdir. İşlədiyi müddətdə rəhbərliyin tapşırıq və göstərişlərini icra edərək, heç bir nöqsana yol verməmişdir. Ali təhsilli polis nəfərlərinin bölgələrdə zabit kimi işə qəbul olunması ilə bağlı Daxili işlər nazirinin müvafiq əmrinə əsasən o, 2019-cu ilin noyabr ayında öz təşəbbüsü ilə Ağdaş Rayon Polis Şöbəsində işə qəbul olunmaq üçün sənədlərini təqdim etmişdir. Yoxlama zamanı bütün sınaqlardan uğurla keçərək verilən tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. 3 noyabr 2019-cu il tarix həftənin bazar gününə təsadüf etməsinə baxmayaraq o, həmin gün növbədə olmuşdur və bu zaman onda kəskin diş ağrısı yaranmışdır. Həmin gün o, növbədə olmalı idi, iş yoldaşı ila birgə müvafiq ərazidəki diş kabinetinə yaxınlaşaraq, orada olan diş həkiminə müraciət etmişdir. Həkim məsələnin cidfdi olduöunu bildirmiş və lazım olan tədbirləri görmüşdür (iynə vuraraq, onun iki dişini çəkmişdir). Həmin gün o, bir neçə saat sonra ağrılarla əlaqədar aptekdən ketanol adlı dərman tabletini qəbul etmişdir. Bundan sonra o, xidmət eldiyi Nizami rayonu ərazisində olan təcili tibbi yardım stansiyasına çatdırılmışdır. Orada müayinədən sonra ağrıkəsici iynə vurmuş, ağrıkəsici tablet vermişdir. Ertəsi gün də, səhhəti normallaşmamışdır. Ona bildirilmişdir ki, 5 noyabr 2019-cu il tarixdə Nazirliyin inzibati binasında olmalıdırlar. Zərurət yarandığından, gün ərzində “nimecil”, “pentalgin”, “smazmalqon”, “paraferin” kimi dərman preparatları alaraq qəbul etmişdir. Lakin səhhəti yaxşılaşmadığından, saat 12 radələrində 103 xidməti vasitəsi ilə yaşadığı ünvana təcili tibbi yardım çağırmışdır. Növbətçi həkim ona bir neçə dərman vasitələrini qarışdıraraq ağrıkəsici iynə vurmuşdur. Ertəsi gün iddiaçı AR X4 getmişdir. Nazirliyin göstərişi ilə DİN 2 saylı Poliklinikasınnda müayinədən keçmişdir. Müayinədən sonra bildirilmişdir ki, qan analizlərində hansısa maddə aşkar edilmişdir. Sonradan DİN-in Daxili Tədqiqatlar İdarəsinə dəvət edilmiş və təkrar tibbi müayinələrdən keçmək üçün Respublika Xəstəxanasına aparılmışdır. O, lazımi tibbi müayinələrdən keçərək analizlər vermişdir. Bir neçə gün sonra analizlərin nəticələri çıxmışdır, lakin bu barədə ona heç bir məlumat verilməmişdir. O, heç vaxt siqaret çəkməyən, spirtli içki qəbul etməyən və bu kimi həyat tərzindən uzaq bir insan, həmçinin polis nəfəri olduğundan tam əmin olmuşdur ki, analizlərində mənfi heç bir əlamət çıxmayacaqdır. O, 28 yanvar 2020-ci il tarixdə DİN-in Daxili Tədqiqatlar İdarəsinə dəvət edilmiş və İdarədə ondan izahat alınmışdır. İddiaçı yuxarıda qeyd edilənləri izahat şəklində yazaraq təqdim etmişdir. 2020-ci ilin təxminən fevral ayının əvvələrində DİN-in Daxili Tədqiqatlar İdarəsinə yenidən dəvət olunmuş və ona bildirilmişdir ki, barəsində aparılan araşdırmaların nəticəsi olaraq, onun narkotik istifadəçisi olduğu müəyyən edilmişdir, tibbi rəy üzrə analizlərdə aşkar edilən “kodein”, “analgin” və “napraksin” maddələrinin narkotik tərkibli maddələr kateqoriyasına aid edildiyi, bu səbəbdən də onun narkotik istifadəçisi olmasına şübhələr yaranmışdır. O, yenidən xidmətə qayıtmış, lakin bir müddət sonra ona işdən azad olunduğu bldirilmişdir. Müraciəti əsasında əmək kitabçasını alsa da, əmr bu günədək ona verilməmişdir. O, hüquqlarını bərpa etmək məqsədi ilə 6 mart 2020-ci il tarixdə AR Daxili İşlər Nazirliyinə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Onun əmək kitabçasında işə qəbul tarixi 20 fevral 2019-cu il, işdən çıxma tarixi 8 fevral 2020-ci il kimi göstərilmiş, lakin işdən çıxmanın səbəbi qeyd edilməmişdir. Onun işdən azad olunması «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsində göstərilən hallardan hər hansı hallardan birinə uyğun gəlmir. Qanunsuz və əsassız olaraq işdən çıxarılmağı səbəbindən ona edilən haqsızlıq nəticəsində əsəbi gərginlik keçirmiş, psixoloji olaraq özünə qapanmış, qohum-əqraba və iş yoldaşları onun barəsində mənfi fikirdədirlər və bu səbəbdən səhhətində problemlər yaranmışdır. İddiaçı hesab edir ki, AR Daxili İşlər Nazirliyinin onun xidmətdən xaric edilməsi barədə verdiyi 6 fevral 2020-cil tarixli əmri və onun əsasında Bakı şəhəri Nizami RPİ-nin 8 fevral 2019-cu tarixli 14 ş/h saylı əmri ləğv edilməli, o, işə bərpa edilməli, məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 35, 61-ci maddələrinə, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəalarına, Əmək Məcəlləsinin 71, 84-cü maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1, 9.1-ci maddələrinə, İPM-in 2.2.1, 32.1-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1, 3.1-ci maddələrinə əsaslanaraq, cavabdeh AR Daxili İşlər Nazirliyinin 6 fevral 2020ci il tarixli əmrinin və onun əsasında Bakı şəhəri Nizami RPİ-nin 8 fevral 2020-ci il tarixli 14 ş/h saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, həmin tarixdən işə qəbul edilənədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia ərizəsində AR Daxili İşlər Nazirliyinin 6 fevral 2020-ci il tarixli əmri əsasında Bakı şəhəri Nizami RPİ-nin 8 fevral 2020-ci il tarixli 14 ş/h nömrəli əmri ilə əsassız olaraq DİO-da xidmətdən xaric edildiyindən həmin əmrin ləğv edilərək işə bərpa edilməsi və məcburi işə buraxmaya görə ona əmək haqqı ödənilməsini göstərmişdir. Sabiq polis əməkdaşı İddiaçı iddiası təmin edilməyərək rədd olunmalıdır. Belə ki, AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin rəisinin raportu əsasında 2020-ci ilin yanvar ayında aparılmış xidməti təhqiqatla müəyyən olunmuşdur ki, Bakı şəhəri Nizami RPİ PPXB-nin polis nəfəri İddiaçı 5 noyabr 2019-cu il tarixdə AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı Poliklinikada “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərək sidik nümunəsində “opiy qrupu”na aid narkotik maddə (morfin) aşkar olunmuş və bu barədə 5 nömrəli akt tərtib edilmişdir. Həmin tarixdə polis kiçik serjantı İddiaçı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində “tiryək qrupu” alkoloidlərinə aid olan “kodein”, “naproksen” və “analgin” aşkar olunmuş və bu barədə 18 noyabr 2019-cu il tarixli 2749/K nömrəli ekspert aktı tərtib edilmişdir. Qeyd olunan hərəkətlərə yol verdiyinə görə polis kiçik serjantı İddiaçı AR Daxili İşlər Nazirliyinin 6 fevral 2020-ci il tarixli Ə138-001-20 nömrəli əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Sabiq polis əməkdaşı İddiaçı 2019-cu ildən 2020-ci ilədək DİO-da xidmət etmiş, xidmət dövründə 1 dəfə mükafatlandırılmış, 1 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. İPM-in 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə oair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində saldırıla bilməsi göstərilmişdir. Göstərilənlərdən məlum olur ki, İddiaçı iddia müddətini ötürməklə 70 gündən çox müddətdən sonra qaldırdığı iddiasında göstərdiklərinin heç bir hüquqi əsası yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq, eləcə də İPM-in 38.1, 48.2-ci maddələrini və AR Mülki Prosessual Məcəlləsinin 154-cü naddələrini rəhbər tutaraq, iddia müddəti ötürüldüyündən iddianın baxılmamış saxlanılması, baxılacağı təqdirdə iddianın rədd edilməsi haqda qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «6 fevral 2020-ci il tarixli əmrin və onun hüquqi nəticələrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərozəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İlk növbədə qeyd olunmalıdır ki, iddia üç hissədən – “əmrin və onun hüquqi nəticələrinin ləğv edilməsi”, “iddiaçının işə bərpa olunması” və “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələblərindən ibarət olsa da, ümumilikdə “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Yəni iddianın ikinci və üçüncü hissələri, birincidən törəmə və asılıdır. Mübahisələndirilən 6 fevral 2020-ci il tarixli inzibati akt hazırkı cavabdeh AR Daxili İşlər Nazirliyi tərəfindən qəbul edildiyindən, iddiaçının mənafeyinə toxunduğundan inzibati mübahisə mövcuddur. Bundan başqa, iddia ərizəsi 28 aprel 2020-ci il tarixdə məhkəməyə daxil olsa da, inzibati aktın 28 mart 2020-ci il tarixdən əvvəlki dövrdə ona təqdim edilməsini təsdiqləyən hər hansı sübut, dəlil təqdim edilmədiyindən, iddia “iddia müddəti” buraxılmaqla qaldırılmış sayıla bilməz. Məhkəmə qeyd olunanlarla yanaşı, iş üzrə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən hər hansı digər halın mövcud olmamasını da nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia mümkün iddiadır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «Polis haqqında» AR Qanununun 1-ci maddəsinə görə polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinin İ hissəsinin 7-ci bəndinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Həmin maddənin İİ hissəsinə görə polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Azərbaycan Respublikasının 19 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin preambulasında göstərilmişdir ki, bu Əsasnamə polisdə və müvafiq icra hakimiyyəti orqanı sisteminə daxil olan digər orqan və hissələrdə xidmət keçmənin qaydalarını və şərtlərini, bu orqanların vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Əsasnamənin 108-ci maddəsinə görə daxili işlər orqanlarında xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin 114-cü maddəsinəgörə xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 8 aprel 2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edlmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin müddəalarında DİO əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: - (maddə 1) Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; - (maddə 2) Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; - (maddə 11) Sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Göründüyü, mövcud qanunvericiliyin daxili işlər orqanlarında xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “xidmətdən xaric edilmə” tədbirinn tətbiqini isə, başqa hallarla yanaşı onun daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətə yol verməsi ilə şərtləndirir. Bundan başqa, qanunvericilik müəyyən olunmuş davranış qaydalarına riayət edilməsini polis əməkdaşının ümumi vəzifəsi kimi də nəzərdə tutur. Hansı ki, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, sağlam həyat tərzi keçirmək, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməmək də daxildir. Hazırkı işin hallarına görə isə, mübahisələndirilən inzibati akt, yəni iddiaçının daxili işlər orqanlarından xaric edilməsi barədə 6 fevral 2020-ci il tarixli əmri cavabdeh inzibati orqan AR Daxili İşlər Nazirliyi onun hərəkətlərini “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən” qismində qiymətləndirməklə qərar qəbul etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının xidmətdə olduğu dövrdə keçirilmiş müayinələrdə qanında və sidiyində tiryək qrupuna aid olan maddələrin (kadein, naproksen və analgin) aşkar olunması işdə olan (inzibati icraatda toplanmış) rəylərdə öz əksini tapmışdır. İddiaçı isə, nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında inzibati orqanın bu halı təkzib edən heç bir sübut gətirməmiş, həmin tərkibli maddələri yaxın ərəfədə səhhəti ilə bağlı həkim vasitəsi və məsləhəti ilə qəbul etməsi ilə əsaslandırmışdır. Lakin onun bu mövqeyi heç bir tutarlı sübutlara söykənmədiyindən, özünümüdafiə cəhdi təəssüratı yaratmış olur. Bu halın təkzibi həmin ərəfədə həkimin müvafiq dərman preparatlarının qəbulu tövsiyəsini əks etdərən sənəd, təcili yardım xidmətindən iddiaçının müraciəti ilə bağlı məlumatlı şəxsin izahatı, təkrar müayinə və s. vasitəsilə mümkün ola bilərdi. Müvafiq hərəkətlərin baş verməsindən və onun qiymətləndirilməsindən xeyli müddət keçməsi məhkəmə icraatında yenidən həmin sübutların toplanmasını mümkünsüz etmişdir. Cavabdeh inzibati orqan AR Daxili İşlər Nazirliyinin apardığı inzibati icraat üzrə qəbul etdiyi 6 fevral 2020-ci il tarixli qərar “İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi baxımından, mütənasib sayılmalıdır. Belə olan halda məhkəmənin qənaətinə görə qulluq dövründə iddiaçının belə hərəkətlərini cavabdeh inzibati orqan haqlı olaraq daxili işlər orqanlarının əməkdaşının adına ləkə gətirən hal qismində qiymətəndirirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh AR Daxili İşlər Nazirliyinin 6 fevral 2020-ci il tarixli Ə138-001-20 nömrəli əmri qanuna zidd sayıla bilməz. Odur ki, əmrin ləğv edilməsi tələbi əsassızdır. “Əmrin hüquqi nəticələrinin ləğv edilməsi”, “iddiaçının işə bərpa olunması” və “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbləri də birinci tələbdən asılı olduğundan, əsaslı sayılmamalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyinə (üçüncü şəxs Bakı şəhəri Nizami RPİ) qarşı «əmrin və onun hüquqi nəticələrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (üçüncü şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsi) qarşı «əmrin və onun hüquqi nəticələrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar