Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9000/2025 06.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən “347a” saylı bağ sahəsi üzrəində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı şərti göstərilmiş bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Ümumi hasar daxilində yerləşməsi səbəbindən digər bağ sahələrinin qanuni istifadəçiləri arasında keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəmüvafiqdir. Həmçinin müvafiq daşınmaz əmlaka dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1mk-1597/2007 saylı məktubu idarəyə daxil olsa da, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Bundan başqa, elektron kadastr məlumatına əsasən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq, bağ sahəsinin sənəd üzrə sahəsi 0.12 ha qeyd edilsə də, faktiki 0.1181 ha təşkil edir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 və İstismarı Birliyi” ilə bağlanmış 20242 saylı, 22 mart 1999-cu il tarixli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı tərəfindən icarəyə götürülmüş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,12 ha bağ sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “X4 və İstismar Birliyi” ilə bağlanmış 20242 saylı, 2 mart 1999-cu il tarixli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı tərəfindən icarəyə götürülən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.1181 ha sahəsi olan 347A saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı “X4 və İstismarı Birliyi” ilə bağlanmış 20242 saylı, 22 mart 1999-cu il tarixli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,12 ha bağ sahəsini və sahəsi 35,2 kv.m olan 2 otaqdan ibarət binanı icarəyə götürmüşdür. Qeyd edilən torpaq sahəsi və üzərində yerləşən 35,2 kv.m olan 2 otaqdan ibarət bina iddiaçının icarəsində olmuşdur. Həmçinin ayrı-ayrı müddətlər ərzində iddiaçının icarəyə götürdüyü Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən bağın qonşuluğunda yerləşən, yəni bağın əhatəsində olan torpaq sahələrinin mülkiyyətçiləri ilə iddiaçı və həyat yoldaşı arasında alqı-satqı müqaviləsi bağlanmış və qeyd edilən torpaq sahələri mülkiyyətlərinə keçmişdir. xx.xx.2016-cı il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 348 saylı bağ evi və ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətinə keçmişdir. Həmçinin xx.xx.2017-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 347 saylı bağ sahəsi ilə bağlı iddiaçının həyat yoldaşı, X1 adına Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Dövlət Reyestri Xidməti tərəfindən ******* reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin xx.xx.2017-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 348 A saylı bağ ilə bağlı İddiaçı adına Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Dövlət Reyestri Xidməti tərəfindən ******* reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 348 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********85-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda bölgü sxeminin təqdim edilməsinin zəruri olması əsaslı deyil. Çünki digər bağ sahələri İddiaçı və həyat yoldaşı X1 mülkiyyətindədir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubundan göstərilənlərə istinad edilərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı şərti göstərilmiş bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin idarənin arxiv məlumatlarına əsasən müvafiq daşınmaz əmlaka dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1mk-1597/2007 saylı məktubu idarəyə daxil olsa da, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Bundan başqa, elektron kadastr məlumatına əsasən bağ sahəsinin 226 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq, bağ sahəsinin sənəd üzrə sahəsi 0.12 ha qeyd edilsə də, faktiki 0.1181 ha təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmamasını xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - “Bağın icarəyə verilməsi haqqında” 20242 nömrəli xx.xx.1999-cu il tarixli müqavilədən görünür ki, Bilgəh qəsəbəsində 0,12 ha sahəsi olan 347a saylı bağ sahəsi X3 istifadəsinə verilmişdir. -E.X2 İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, o, Bilgəh qəsəbəsində yerləşən 347 saylı bağın adına rəsmiləşdirilməsini xahiş etmişdir. - X3 X4 və İstismarı Birliyinə ünvanlanmış xx.xx.1999-cu il tarixli ərizəsindən görünür ki, Bilgəh qəsəbəsində yerləşən 347a saylı bağ sahəsinin İddiaçı adına verilməsinə etiraz etmədiyini bildirmişdir. - “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, bağ tikinti kooperativlərinin tərkibində ayrılması barədə” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 254 nömrəli sərəncamından görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən:
1. Vətəndaşların adlarına aşağıdakı bağ sahələri sənədləşdirilmişdir: 1.36 Bilgəhdəki 347 nömrəli bağ - İddiaçı q. - Bağın icarəyə verilməsi haqqında 20242 nömrəli, xx.xx.1999-cu il tarixli müqavilədən görünür ki, X4 və X8 qəsəbəsində 0.12 hektarlıq bağ sahəsini, sahəsi 35.2 kv.metr olan 2 otaqdan ibarət binanı, yaradımçı binaları hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” – İddiaçı vermiş və “İcarədar” həmin bağ sahəsini təhvil almışdır. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, sahəsi 0,12 ha olan 347a saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ayrılması barədə sərəncamı və icarə müqaviləsini təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 347a saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya bağ sahəsinin ayrılması barədə sərəncamdan çıxarışı, cavabdeh isə icarə müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X4 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Qeyd edilən Əsasnamənin 3.2-ci hissəsinə əsasən qanuni bağ sahələrinin bir hissəsini, ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda bütünlükdə kənar şəxslərin adlarına keçirmək istəyən vətədaşların sənədlərinə Bakı şəhər İcra hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq Sərəncam qəbul edilir. Bunun üçün Bağlar təsərrüfatı birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: - qanuni bağ sahəsi olan vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin təsdiq olunmuş qaydada rəsmi razılıqları; - qanuni istifadəsində olan bağ sahəsinin sənədinin əsli; - bağ sahəsinin bir hissəsini, ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda bütünlükdə adına sənədləşdirmək istiəyən vətəndaşın ərizəsi; - Yaşayış yerindən 2№-li forma arayışı; - İş yerindən arayış, - Bağlar təsərrüfatı birliyində bağ növbəsində dayanması barədə arayış. Göründüyü kimi, 1997-ci ildən qüvvəyə minmiş qanunvericiliyə əsasən bağ sahəsinin kənar şəxslərin adlarına keçirmək istəyən şəxsin ərizəsi və bağın sahibinin razılığı əsasında həmin şəxsin adına rəsmiləşdirilməsi mümkün olmuş və bu rəsmiləşmənin sərəncam vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşdən görünür ki, 347a saylı bağ sahəsi onun həmin vaxt qanuni sahibi Elxan Mehdiyevin razılığı, iddiaçının ərizəsi və digər sənədlər əsasında Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının adına rəsmiləşdirilmişdir və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İş materiallarından görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötbərə olmasını qəbul etmiş, bölgü sxeminin təqdim edilməməsinə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1mk- 1597/2007 saylı məktubuna və bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə istinad etmişdir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.12 ha qeyd edilsə də, faktiki olaraq 0.1181 ha təşkil edir (mühafizə çıxıldıqdan sonra qalan sahə 0.0955 ha təşkil edir). Sahə üzərində ikimərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Sözügedən bağ sahəsi digər bağ sahələri ilə ümumi hasar daxilindədir. Ümumi hasar daxilində yerləşməsi səbəbindən digər bağ sahələrinin qanuni istifadəçiləri arasında keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəmüvafiqdir. Bundan əlavə torpaq sahəsinin şimal hissəsindən yüksək gərginlikli (6-10 kVt-lıq) elektrik xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Sahə arxiv cizgisinin bir hissəsinə uyğundur. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır. Belə ki, birincisi, cavabdehin özü tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, ümumi hasar daxilində yerləşən 348 və 348a saylı bağlar iddiaçının özünün, 347 saylı bağ sahəsi isə ərinin mülkiyyətindədir. Belə olan halda aydındır ki, iddiaçının özü və ya əri ilə bölgü sxemin tərtib edilməsinin tələb edilməsi absurd olmaqla əsassızdır. Torpaq sahəsinin şimal hissəsindən yüksək gərginlikli (6-10 kVt-lıq) elektrik xəttinin keçməsinə gəldikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən:
6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.
7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1mk-1597/2007 saylı məktubuna münasibətdə isə qeyd edir ki, işdə olan həmin məktubdan görünür ki, həmin məktub Bakı Apellyasiya Məhkəməsinin icraatında olan X6 İddiaçı qarşı yolkeçiddən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi tələbi ilə bağlı olmuş, həmin məktuba əsas 347a saylı bağ sahəsi 2007-ci ildə də iddiaçının istifadəsində olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:
İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.1181 ha sahəsi olan 347a saylı saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova