Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9002/2021 17.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı, X1 və digərləri üçüncü şəxs kimi cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, X7, X4, X5, X3 onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1, X7, X4, X5, X8 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilində heç bir hüquqi əsas olmadan qeydiyyatdadırlar. Bu səbəbdən, həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 04 avqust 2021-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə X1, X7, X4, X5 və X8 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxslərin məlum olan qeydiyyat ünvanına məhkəmə bildirişi göndərilmişdir, lakin üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, 19 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir; Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, 21.09.1985-ci il təvəllüdlü X1, 13.12.1980-ci il təvəllüdlü X7, 04.10.1957-ci il təvəllüdlü X4, 10.07.2006-cı il təvəllüdlü X5, 12.07.2009-cu il təvəllüdlü X8, 01.02.1964-cü il təvəllüdlü X9, 02.11.1998-ci il təvəllüdlü X10 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, m. 19 ünvanı üzrə qeydiyyatdadırlar; Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22.06.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, ünvan 4 ünvanda qeydiyyatda olan şəxsin (şəxslərin) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız Məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir; Üçüncü şəxs X2 məhkəməyə ünvanladığı 04.08.2021 ərizəsinə əlavə edilmiş, ÖM seriyalı 111708 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, 19 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 31 avqust 2021-ci il tarixli məktubundan görünür ki, X7 11.11.2002-ci il tarixdən, X4 26.12.2009-cu il tarixdən, X1 16.09.2014-cü il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Sözügedən ünvanda qeydiyyatda olan X7, X5 və X8 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlılardır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30 avqust 2021-ci il tarixli məktubuna əsasən, X1, X7, X4, X13 və X3 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, 19 saylı mənzilə dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsi, ev 18, 19 saylı mənzil (yaşayış sahəsi 12 kv.m) 01.06.2002-ci il tarixində X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsi, ev 18, 19 saylı mənzil (ümumi sahəsi 84,7 kv.m) 08.06.2017-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir; Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20 avqust 2021-ci il tarixli mktubundan görünür ki, İddiaçı adına olan mənzilə (çıxarış RX № 1073311) yeni qaydalara uyğun olaraq ünvan 6 ünvanı təyin edilmişdir, X2 adına olan mənzilə (qeydiyyat vəsiqəsi ÖM № 111708) yeni qaydalara uyğun olaraq ünvan 7 ünvanı təyin edilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 8 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının və həmin ünvanda inşa edilmiş 16 mərtəbəli, 1 girişli binada yerləşən mənzillərin ünvanları təkrarlanır. Həmin ünvanda yerləşən binaların tərkibindəki mənzillərə “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalan”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli 590 nömrəli Fərmanına uyğun olaraq yeni ünvanlar təyin olunmuşdur. Mənzil mülkiyyətçiləri tərəfindən mülkiyyətlərində olan mənzillərə dair texniki pasportların və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əsilləri təqdim olunmaqla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şəhəri, X18 küçəsi 20, tel: (012) 404- 07-21) müraciət olunacağı təqdirdə ünvanla bağlı müvafiq düzəlişin aparılması təmin olunacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddianın predmetini iddia ərizəsində göstərilən üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsi, ev 18, 19 saylı mənzildən qeydiyyatdan çıxarılması təşkil edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sözügedən ünvan eyni zamanda üçüncü X2 mülkiyyətində olan mənzilə də verilmişdir. Lakin daha sonra ünvan 8 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının və həmin ünvanda inşa edilmiş 16 mərtəbəli, 1 girişli binada yerləşən mənzillərin ünvanları təkrarlandığından, həmin ünvanda yerləşən binaların tərkibindəki mənzillərə yeni ünvanlar təyin olunmuşdur. Belə olan halda, iddia ərizəsində qeyd edilən hallar aradan qalxdığından (mənzillərin ünvanları dəyişdiyindən) və məhz iddiada göstərilən tələblə bağlı məhkəmə müdafiəsi hüququnun realizəsi üçün zərurət olmadığından hazırkı tələbə mahiyyəti üzrə baxıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı, X1 və digərləri üçüncü şəxs kimi cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-9002/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9002/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver