Məhkəmə qərarları › İş №2-1(112)-9003/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9003/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9003/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 Əliabbas oğlu, İddiaçı3, İddiaçı4 Əliabbas qızının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X3) “çıxarışın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Əliabbas oğlu, İddiaçı3, İddiaçı4 Əliabbas qızının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli bağ evinin ilkin hüquqi qeydiyyatına alınmasına dair X2 adına Sərəncam verilmişdir. İddiaçılar hazırda həmin evdə faktiki yaşamırlar. Belə ki, onların həmin evdən qeydiyyatdan çıxarılması müvafiq məhkəmə qətnaməsi əsasında həyata keçirilmişdir. İddiaçılar hesab edir ki, yerli icra hakimiyyəti orqanı tərəfindən Sərəncam qəbul edilərkən onların hüquqları nəzərə alınmamış və nəticə etibarı ilə üçüncü şəxsin bağ evi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır ki, hazırki mərhələdə bu qeydin mövcudluğu onların hüquqlarının pozulmasına səbəb olur. İddiaçılar çıxarışın ləğv edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsələr də, sonuncu onların müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçılar hesab edir ki, cavabdehin imtinası əsassızdır və onların hüquqlarının pozulmasına səbəb olur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Cavabdeh etirazı onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçılara məktub ünvanlanmışdır. Bundan başqa məlumat üçün bildirilir ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 4589 T saylı bağ evi hüquqmüəyyənedici sənədlər əsasında X2 adına ********* qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir, hazırda onun mülkiyyətindədir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İşin faktiki hallarından görünür ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədləri Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi 4589 “T” saylı bağ evinə dair aparılmış qeydiyyat və X2 adına verilmiş çıxarışın ləğv edilməsidir. Nəzərə alınmalıdır ki, “çıxarışın ləğv edilməsi” ifadəsi özündə daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmış şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsini ehtiva edir. Bu zaman iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində aparılmış həmin qeydiyyatın ləğv edilməsini tələb etməkdə subyektiv hüquqa malik olsun. Başqa sözlə, inzibati orqan tərəfindən hüququn pozulma ehtimalının mövcud olması üçün şəxs ən azından həmin hüquqa malik olmalıdır. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur. Qanunverici tərəfindən bu qaydanın nəzərdə tutulması hər hansı şəxsin heç bir əsas olmadan iddia qaldırmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Hazırki mübahisədən isə göründüyü kimi iddiaçılar X2 adına aparılmış qeydiyyatın və qeydiyyatın rəsmiləşdirilməsinin nəticəsi olan çıxarışın ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik olmamışdırlar. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş çıxarışın verilməsinə əsas olan sənədlərdən görünür ki, üçüncü şəxsin bağ evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasının əsasında Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2018-ci il tarixli, 07 №-li Sərəncamı dayanır. Adı çəkilən Sərəncam ilə vətəndaş X4 tərəfindən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində istifadəsində olan 2.234,20 kv.m torpaq sahəsində inşası başa çatdırılmış bir mərtəbəli fərdi yaşayış evi və həyətyani sahəsindəki tikililər təqdim edilən layihə əsasında ilki hüququnun qeydiyyata alınması qərara alınmışdır. Cavabdeh həmin Sərəncamı hüquqmüəyyənedici sənəd qismində qəbul edərək mübahisəli bağ evi üzərində üçüncü şəxsin mülkiyyət hüquqlarını qeydə alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirmişdir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, üçüncü şəxsin adına verilmiş və çıxarışın verilməsinə əsas olan Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2018-ci il tarixli, 07 №-li Sərəncam hal-hazırda qüvvədədir. İddiaçıların iştirak etdiyi inzibati məhkəmə icraatı qaydasında baxılmış başqa işlərdən (məhkəmə sorğusu nəticəsində təqdim olunmuş məhkəmə qərarlarından) görünür ki, onlar həmin Sərəncamı mübahisələndirsələr də, onlara münasibətdə məhkəmələrin mövqeyi o istəqamətdə olmuşdur ki, onların Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində 4589 T saylı fərdi yaşayış evinə dair hüquqi bağlılıqları olmamışdır. Bu səbəbdən də onlara münasibətdə hər üç instansiya məhkəməsi onların subyektiv hüquqa malik olmadığı qənaətinə gəlmişdir. Bu mövqeyi eyni ilə hazırki mübahisə üzrə də tətbiq olunur. Başqa sözlə desək, necə ki onlara münasibətdə Sərəncamın ləğv edilməsi və ya Sərəncamın təqdim edilməsi ilə bağlı iddialar subyektiv hüquq baxımından mümkün hesab edilməmişdirsə, eyni zamanda da onların üçüncü şəxsin bağ evi üzərində aparılmış qeydin ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia mümkün sayılmamalıdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, təkcə iddiaçıların iştirak etdiyi inzibati məhkəmə icraatı qaydasında baxılmış başqa işlər deyil, həmçinin onlara münasibətdə üçüncü şəxs tərəfindən qeydiyyatdan çıxarılma ilə bağlı mülki işin mövcudluğu da onların mübahisəli daşınmaz əmlak üzərində subyektiv hüquqlarının olmadığının göstəricisidir. Belə ki, mülki iş üzrə qəbul edilmiş məhkəmə qərarından görünür ki, məhkəmələr iddiaçılara (mülki iş üzrə cavabdeh qismində çıxış edirdilər) münasibətdə onların fərdi yaşayış evi üzərində hər hansı hüquqa sahib olmadığı qənaətinə gəlmiş və nəticədə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarını qərara almışdırlar. Beləliklə, həm inzibati, həmçinin mülki mübahisələr üzrə iddiaçıların fərdi yaşayış evinə münasibətdə hüquqlarının olmadığı müəyyən edilmişdir. Ümumiyyətlə, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın verilməsinə əsas olmuş sənəd ləğv olunmadan qeydin və çıxarışın verilməsi ilə bağlı iddia mümkünlük şərtlərinə cavab verməyən iddia hesab edilir. Qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-1254/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Həmin qərarda qeyd edilmişdir ki, mübahisəli zirzəmi sahəsinin üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmasının əsasında duran ilkin sənəd Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli, 19 aprel 1999-cu il tarixli sərəncamı olmuşdur. Belə olan halda, qeydiyyatın aparılmasına və texniki pasportların verilməsinə əsas təşkil etmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19 aprel 1999- cu il tarixli sərəncamı mübahisələndirilmədən birbaşa qeydiyyatın və texniki pasportların ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda qeydiyyatın və texniki pasportların ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Həmçinin, Ali Məhkəmənin 2-1(102)-758/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Məhkəmə həmin qərarda da qeyd etmişdir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün ilkin olaraq mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş inzibati aktı - Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 99 saylı sərəncamını mübahisələndirməli olduğu halda, həmin sərəncam əsasında verilmiş çıxarışı, torpaq sahəsinin plan və ölçüsünü mübahisələndirir ki, bu da hazırkı məzmunda iddiaya baxılmasını mümkünsüz edir. Hazırkı iş üzrə isə iddiaçı mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədi də məhkəmə qaydasında mübahisələndirmiş, həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıların subyektiv hüquqa malik olmaması ilə bağlı mövqe nümayiş etdirilmişdir ki, hazırkı halda çıxarışın ləğvinə dair istər subyektiv hüququn mövcud olmaması, istərsə də ilkin olaraq hüquqmüəyyənedici sənədin mübahisələndirilməli olması, lakin həmin mübahisə üzrə qərarın mövcudluğu baxımından hazırkı iddia hər bir halda bir-neçə əsasla mümkünlük şərtini ödəmir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar