Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9007/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X2, X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1 və X3 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə öhdəliyin cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli № 897 saylı sərəncamı ilə Biləcəri qəsəbəsində Hərbi şəhərcikdə yerləşən MN-nin MİH-nə məxsus 600 kv.metr torpaq sahəsi təqdim edilmiş cizgi əsasında fərdi yaşayış evi tikmək üçün həmin ərazidə uzun müddət bağbostan sahəsi kimi istifadə etmiş İddiaçı adına keçirilməsi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli № 02 saylı Sərəncamı ilə sözügedən ünvanda, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması müəyyən edilmişdir. Sərəncama yaşayış sahəsinin cizgisi əlavə edilmişdir. Göründüyü kimi, sözügedən tikilinin mülkiyyətçisi və sahibi bugünədək İddiaçıdır. Üçüncü şəxslər X2 və X4 iddiaçıya məxsus fərdi yaşayış sahəsində qeydiyyatdadırlar. Lakin onlar həmin ünvanda heç vaxt yamamış, mənzildən istifadə etməmişlər. Odur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə X1 və X3 qeydiyyatdan çıxarılması üçün Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh Binəqədi rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında'’ Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə istinad edərək iddiaçıya imtina vermişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, fərdi yaşayış sahəsinə dair bütün lazım olan sənədlər cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9007/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X2, X4 İddiaçı cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək X1 və X3 ünvan 5 yerləşən evdən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin və üçüncü şəxslərin ünvanlarına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 897 nömrəli sərəncamına əsasən Biləcəri qəsəbəsində Hərbi şəhərcikdə yerləşən MN-nin MİH-nə məxsus 600 kv.metr torpaq sahəsi təqdim edilmiş cizgi əsasında, fərdi yaşayış evi tikmək üçün, həmin ərazidən uzun müddət bağ-bostan sahəsi kimi istifadə etmiş İddiaçı adına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 02 nömrəli sərəncamına əsasən Binəqədi RİH Başçısının 897 saylı, 09.11.01 tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Biləcəri qəsəbəsi ərazisində İddiaçı ayrılmış 600,0 kv.m. torpaq sahəsində inşası başa çatdırılmış, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən, sahəsi 61,2 kv.m. olan 4 yaşayış otağından, 37,0 kv.m. olan xoldan, 15,0 kv.m. olan mətbəxdən, 6,0 kv.m. olan hamam və ayaqyolundan, həyətdə sahəsi 24,0 kv.m. olan qarajdan ibarət 2 mərtəbəli 7A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü X2, xx.xx.1957-ci il təvəllüdlü X4 ünvan 5 qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 18/2-15019/2023 nömrəli məktubunda bildirilmişdir ki, X8 xx.xx.2005-ci il tarixdə, X4 xx.xx.2010-cu il tarixdə ünvan 2 ünvanına Binəqədi RPİ tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Vət. İ.Əhmədovun və G. Kazımovanın yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********03 nömrəli məktubunda bildirilmişdir ki, X1 və X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 7A saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 7A X6 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-46/2-Ə-125xx/xx/2023 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X2, X3 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Sizin məhkəməyə müraciət etmək hüququnuz var. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı işin hallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli № 897 saylı sərəncamı ilə 600 kv.metr torpaq sahəsinin İddiaçı adına keçirilməsi qərara alınmış olsa da həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi iddaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçının iddia etdiyi fərdi yaşayış evinin ünvanı ünvan 5 yerləşən fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində başqa bir mülkiyyətçinin –X7 adına qeydiyyata alınmışdır. Eyni zamanda sözügedən ünvan ünvan reyestrində də ünvan olaraq qeydiyyatdan keçmişdir və ünvan təkrarlanmır. Hazırkı halda iddiaçı keçmiş əri X2 və digər üçüncü şəxs X3 qeydiyyatdan çıxarılmasını tələb etsə də həmin ünvanın ona məxsus olması ilə bağlı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilməlidir ki, əmlakın mülkiyyətçisi və ya qanuni istifadəçisi əmlakdan maneəsiz istifadəni həyata keçirə bilmək üçün ona məxsus olan evdən yaşayış sahəsinə köçməyə hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Əmlaka dair əşya hüququ isə qanunla müəyyən olunmuş hüquqmüəyyənedici sənədlərdə təsbit olunur. Nəzərə alınmalıdır ki, ünvan üzrə hüquqmüəyyənedici sənədlərə malik olma dedikdə “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerinə qeydiyyata alınmaq üçün tələb olunan sənədlərə (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd), həmin yaşayış yerinə dair hüquqi bağlılığı ifadə edən sənədlərə sahib olmanı ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçı adları çəkilən üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılmasını tələb etsə də fərdi yaşayış evinin ünvanının ona məxsusluğu ilə bağlı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının mübahisəli ünvanla bağlı tələb hüququ olmamaqla həmin ünvanda qeydiyyatda olan digər şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməyə də subyektiv hüququnun olduğu müəyyən olunmur. Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri (subyektiv hüquq) pozulmasını əsaslandıra bilmədiyindən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9007/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9007/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver