Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9011/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə qarşı “sərəncamın ləğvi, işə bərpa və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun barəsində qəbul edilmiş 21.09.2020-ci il tarixli sərəncamın ləğv edilməsini, xəstəlik vərəqələrinə əsasən xəstəliyinə görə müavinət və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, 16.07.2021-ci il tarixli 23/3-573 saylı məktubla iddiaçıya 21 sentyabr 2020-ci il tarixində "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən İşlər müdirinin sərəncamı ilə işdən azad edildiyi bildirilmiş və ərizədə qeyd edilənlərlə bağlı müvafiq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra İddiaçı 30.07.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21.09.2020-ci il tarixli sərəncamının ləğv edilməsi, onun işlədiyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Maliyyə şöbəsində “baş məsləhətçi” vəzifəsinə bərpa edilməsi, məzuniyyət dövründə xəstəliyi ilə bağlı təqdim etdiyi 866967, 867317 və 874786 nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi”nə görə hesablanmalı olan 14.000 manat məbləğində müavinətin hesablanması və ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, şəxsi ərizəsi nəzərə alınaraq 4 avqust 2020-ci il tarixdən növbəti məzuniyyətə buraxılmışdır. Məzuniyyəti 8 sentyabr 2020-ci il tarixdə bitməli və işə çıxmalı idi. Lakin 2 sentyabr 2020-ci il tarixində halı pisləşdiyindən, xəstəxanaya getmək məcburiyyətində qalmış və ilkin olaraq 13 sentyabr 2020-ci il tarixinədək xəstə yatmışdır. Xəstəliyə görə işə çıxa bilmədiyim barədə cavabdeh İdarəyə xəbər verdim. 16.09.2020-ci il tarixdə bağ evində olarkən, gözlənilmədən yüksələn təzyiqdən koma vəziyyətinə düşmüş, çağırılmış təcili yardım onu yaxındakı 26 nömrəli xəstəxanaya aparmışdır. Müalicələri ilə bağlı 3 aya yaxın 26 saylı, arada 31 saylı xəstəxanada yatmış, son olaraq 14.12.2020-ci il tarixdə xəstəxanadan buraxılmışdır və son “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndə işə çıxmalı olduğu gün 15.12.2020-ci il tarix qeyd edilmişdir. Lakin cavabdehin 21 sentyabr 2020-ci il tarixli sərəncamı ilə işdən azad edilmiş, həmin sərəncam ona təqdim edilməmiş, son haqq-hesab verilməmişdir. Bu barədə məlumat cavabdeh tərəfindən ona ünvanlanmış 03.12.2020-ci il tarixli 23-1001 saylı məktubun məzmunundan məlum olmuş, cavabdehə müraciət etsə də, cavabdehin ona ünvanladığı 16 iyul 2021-ci il tarixli, 23/3-573 saylı cavab məktubu ilə müraciəti müsbət həll edilməmiş, imtina üçün heç bir əsas göstərilməmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, iddiaçı 30 iyul 2020-ci il tarixli ərizə ilə müraciət edərək avqustun 4-dən növbəti məzuniyyətə buraxılmasını və məzuniyyətinin son günü, 8 sentyabr 2020-ci il tarixdən dövlət qulluğunun pensiyasına çıxmağı ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Həmin ərizəyə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 55 №-li 10 avqust tarixli sərəncamı ilə 2020-ci il sentyabrın 8-dən İddiaçı tutduğu vəzifəsindən azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İddiaçı, əvvəldən xəstə olması barədə heç bir xəbər verməmiş, yaşayış yeri üzrə poliklinikadan 2020-ci il sentyabrın 17də “Əmək qabiliyyətinin olmaması vərəqə”sini (№870965) təqdim etmiş və 2020-ci il sentyabrın 2-dən 13-dək xəstə olduğuna görə onun məzuniyyət günlərinin uzadılması üçün müraciət etmişdir. Sənədləri vaxtında təqdim etmədiyinə və məlumat verməməsinə baxmayaraq İddiaçı uzun illər işlədiyini nəzərə alaraq İşlər müdirinin 73 №-li 21 sentyabr tarixli sərəncamı ilə onun tutduğu vəzifədən azad edilməsi haqqında sərəncamı ləğv edilərək, onun məzuniyyəti 2020-ci il sentyabrın 20-dək uzadılmış və müavinət hesablanaraq ödənilmişdir. Həmin Əsasnamənin 6-cı maddəsinin 3-cü hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Təqdim olunmuş “Əmək qabiliyyətinin olmaması vərəqə”sində (№ 870965) işə başlama tarixi 14 sentyabr göstərilmiş və bu da şəxsin xəstə olmadığını bildirdiyindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 21 sentyabr 2020-ci il tarixli 74 №-li sərəncamı ilə İddiaçı 21 sentyabr 2020-ci il tarixindən tutduğu vəzifəsindən azad edilmiş və dövlət qulluğuna xitam verilmişdir. İşdən azad olunmasından 2 ay keçdikdən sonra 2020-ci il noyabrın 20-də İddiaçı qeydiyyatda olmadığı Xəzər rayonunun 26 №-li BŞX-nin poliklinikasından 2 ədəd “Əmək qabiliyyəti olmaması vərəqə”lərini (№ 866967 və № 867317) təqdim etmiş və səhhətində problem olmasını bəhanə gətirərək növbəti dəfə xəstəlik vərəqələrinin sənədləşdirilməsini xahiş etmiş, onun dövlət qulluğuna xitam verilməsi və müvafiq sənədləşmələr qanunauyğun həyata keçirildiyindən Xəzər rayonunun 26 №-li BŞX-nin poliklinikası tərəfindən verilmiş 2 ədəd “Əmək qabiliyyəti olmaması vərəqə”ləri İddiaçı qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddianın mümkünlüyü barədə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının hazırkı iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28.12.2015-ci il tarixli qərarı). İşdən görünür ki, İddiaçı hazırda onun barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini xahiş edir ki, onun bu iddianı qaldırmaq səlahiyyəti, yəni subyektiv hüququ mövcuddur. İddia müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdə olan 03.12.2020-ci il tarixli cavabdehin məktubundan aydın olur ki, iddiaçı artıq 20.11.2020-ci il tarixdə işdən azad olunmasından xəbərdar olmuş, həmin tarixdə cavabdehə müvafiq müraciət ünvanlamış, cavabdeh onun ərizəsini təmin etməkdən imtina edərək əmək qabiliyyətinin olmaması vərəqələrini ona geri qaytarmışdır. Bundan sonra iddiaçı müvafiq tələblə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 17.02.2021-ci il tarixli 2(009)-514/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamış, bu qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli 2(103)-4141/2021 saylı qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli 2(009)-514/2021 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmiş və iddiaçıya müvafiq tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli 2(103)-4141/2021 saylı qərardadı 21.05.2021-ci il tarixdə qəbzə imza edilməklə iddiaçıya təqdim olunmuş, iddiaçı 30.07.2021-ci il tarixdə hazırkı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Beləliklə, sadalananlara əsasən iddiaçının cavabdehin qəbul etdiyi aktı mübahisələndirməsi üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməsi aşikardır. İPM-in 24.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, qanunvericiliklə müəyyən olunmuş müddət onun təqsiri olmadan buraxılmışsa, bununla bağlı sübutların və prosessual müddətin bərpa edilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmiş, iddiaçı 11.11.2021-ci il tarixli məhkəmə iclasında prosessual müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təqdim etmişdir. İddiaçı vəsatəti bununla əsaslandırmışdır ki, mübahisələndirilən sərəncam ona təqdim edilməmiş, son haqq hesab və əmək kitabçası ona verilməmişdir. İşdən çıxarılması barədə məlumat ona cavabdehin 03.12.2020-ci il tarixli məktubu ilə məlum olmuşdur. Məlumatı əldə etdikdən sonra dərhal Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati məhkəməyə müraciət etməli olması barədə qəraradadını əldə etdikdən sonra xəstəliyi qəflətən şiddətlənmiş, həkim nəzarətində müalicə almış, 29.07.2021-ci il tarixdə hazırkı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Müddətin ötürülməsi xəstəliyi ilə bağlı olduğundan üzrlüdür və onun iradəsindən asılı olmayaraq baş vermişdir. İddiaçı vəsatətə X3 tərəfindən verilmiş ambulator kitabçadan çıxarışı əlavə etmişdir, hansı ki, həmin çıxarışdan görünür ki, iddiaçı 24.05.2021-28.07.2021-ci il tarixlərində ərazi poliklinikaya müraciət etmiş, müayinə olunmuş və ambulator şəraitdə müalicə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Məhkəmə iddiaçının xəstə olması səbəbindən onun iradəsindən asılı olmayan əsasla iddia müddətini ötürməsini, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməsini nəzərə alaraq hesab edir ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan müddət iddiaçının təqsiri olmadan ötürülmüşdür. Buna görə də müddət bərpa edilməli və iddia mümkün sayılmalıdır. İddianının əsaslılığı barədə: İş materiallarına əlavə edilmiş: - İddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə ünvanlanmış 30.07.2020-ci il tarixli ərizə ilə 04 avqust 2020-ci il tarixdən məzuniyyətə buraxılmasını və məzuniyyətinin son günü, 08 sentyabr 2020-ci il tarixdən dövlət qulluğunun pensiyasına çıxmağı ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 10.08.2020-ci il tarixli 55 nömrəli sərəncamı ilə İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən 08 sentyabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 09.09.2020-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 21.09.2020-ci il tarixli 73 nömrəli sərəncamı ilə 10.08.2020-ci il tarixli 55 nömrəli sərəncam ləğv edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 21.09.2020-ci il tarixli 295 nömrəli əmri ilə ərizə və əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı məzuniyyəti növbəti məzuniyyət dövründə xəstə olduğu üçün 14 sentyabr tarixdən 20 sentyabr tarixinə kimi 07 təqvim günü uzadılmış, işə başlama tarixi 21.09.2021-ci il tarix müəyyən edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 21.09.2020-ci il tarixli 74 nömrəli sərəncamı ilə İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən 21 sentyabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilərək onun dövlət qulluğuna xitam verilmişdir. Məhkəmə qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həmin Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanununun 14.1-ci bəndinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 33.1.1-ci bəndinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilə bilər. İşin sadalanan hallarından görünür ki, iddiaçı 30.07.2020-ci il tarixdə öz təşəbbüsü ilə pensiyaya çıxması ilə əlaqədar dövlət qulluğuna xitam verilməsi üçün ərizə ilə dövlət orqanının rəhbərinə müraciət etmiş, dövlət orqanının rəhbəri isə öz növbəsində qanunvericiliyin tələbinə uyğun olaraq dövlət qulluqçusunun dövlət qulluğuna xitam vermişdir. Buna görə də cavabdehin 21.09.2021-ci il tarixli sərəncamı qanuni olmuşdur və onun ləğv olunması və iddiaçının işə bərpa olunması barədə tələbi təmin edilə bilməz. Belə ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İddiaçı iddia ərizəsində dövlət qulluğuna xitam verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmədiyini bildirsə də, məhkəmə iclasında verdiyi izahatda işdən azad olunmasına etirazının olmadığını, əsas tələbinin əmək qabiliyyətinin olmamasına görə müavinətin verilməsindən ibarət olduğunu bildirdi. Məhkəmə iddiaçının əmək qabiliyyətini müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilməsi tələbinə dair aşağıdakıları qeyd edir. İşdə olan 870965 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, iddiaçı hipertoniya xəstəliyi ilə bağlı ambulator rejimdə müalicə almış, xəstəliyi ilə bağlı 02.09.2020-11.09.2020-ci il tarixlərdə işdən azad edilmiş, işə başlama tarixi 14.09.2020-ci il müəyyən edilmişdir. İddiaçı həmin vərəqəni 16.09.2020-ci il tarixdə cavabdeh orqana təqdim etmiş və müavinət ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən həmin xəstəlik vərəqəsinə əsasən iddiaçıya 1501,7 manat ödəniş edilmişdir. İşdən görünür ki, iddiaçı daha sonra 20.11.2020-ci il tarixdə 866967 və 867317 nömrəli əmək qabiliyyətinin olmaması barədə vərəqələri cavabdehə təqdim edərək müavinət ödənilməsini xahiş etmiş, cavabdeh isə 03.12.2020-ci il tarixli məktubla iddiaçının dövlət qulluğuna 21.09.2020-ci il tarixdə xitam verildiyindən müavinət ödənilməsindən imtina edilmişdir. İddiaçı hazırda həmin 866967 və 867317 nömrəli, habelə daha sonra verilmiş 874786 nömrəli əmək qabiliyyətinin olmaması barədə vərəqələrini təqdim edərək müvafiq müavinət ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə əsasən: - 6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. - 7. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. - 9. Əmək qabiliyyətini müvəqqəti itirmə işçinin işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, müavinət işçi işə bərpa olunduqda verilir. Bu zaman, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin işə bərpa olunma barəsində qərarın çıxarıldığı günədək işə bərpa olunduğu gündən müəssisənin vəsaiti hesabına verilir. Məhkəmə iddiaçının sərəncamın ləğvi və işə bərpa barədə tələbini təmin etmədiyindən Əsasnamənin yuxarıda istinad olunan normalarına əsasən hesab edir ki, belə olan halda iddiaçının xəstəlik vərəqələrinə əsasən müavinət ödənilməsi tələbi də təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9011/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9011/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver