Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9011/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 7 ünvanında yerləşən 30 saylı mənzilinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 1990-cı ildən ailə üzvlərilə birlikdə yaşayır və qeydiyyatdadır. Xətai rayon İcra Hakimiyyətinin 59 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin mənzilin kirayəçisi hesab edilmişdir. Mənzilin özəlləşdirilməsi üçün lazım olan sənədləri yığıb cavabdehə çıxarış verilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh heç bir qanunvericiliyə uyğun olmayan imtina vermiş, səbəb kimi isə sərəncamın xx.xx.2022-ci ildə verilməsi göstərilmişdir. Cavabdeh nəzərə almamışdır ki, onun mənzilə hüququ 2009-cu ildən əvvəl yaranmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı adına qeyd olunan ünvanda yerləşən mənzilə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan mənzilə dair verilən Xətai rayonu İcra Hakimiyyəti başçısının 59 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********23 saylı, xx.xx.2022ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 59 nömrəli sərəncamdan çıxarışdan görünür ki, Bakı şəhəri, S.Ə.Şirvani küç., 7 saylı evin, yaşayış sahəsi 38.6 kv.m olan 3 otaqlı, 30 saylı mənzilin kirayəçisi vət.A.Q.Ayrapetov olmuşdur, (əsas: rayon XDS-nin İK-nin qərarı əsasında verilmiş, xx.xx.1977-ci il tarixli 172929 saylı order). Vət. İddiaçı ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, keçmiş qayınatası A.Q.Ayrapetovun qeydiyyatdan çıxması ilə əlaqədar yaşadığı mənzilin kirayə müqaviləsinin onunla bağlanmasını xahiş edir. Əsas kimi ərizəyə o, rayon XDS İK-nin qərarı əsasında verilmiş xx.xx.1977-ci il tarixli, 172929 nömrəli orderi, ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətini, ailə üzvlərinin razılıq ərizələrini, Azərbaycan Respublikası Nikahın X1, yaşayış yeri üzrə MKİS-dən Forma-2 və maliyyə hesab vərəqəsinə dair arayışını əlavə etmişdir. Qeyd edilənlərə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı bəndinə əsaslanaraq Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küç., 7 saylı evin, yaşayış sahəsi 38,6 kvm. olan 3 otaqlı, 30 saylı mənzilin kirayə müqaviləsinin vət. İddiaçı ilə bağlanması və şəxsi maliyyə hesabında dəyişiklik edilməsi, ailə tərkibi 5 nəfər (özü, 3 oğlu, nəvəsi) olmaqla vət. İddiaçı mənzilin əsas kirayəçisi hesab edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li arayışdan görünür ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı (xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır), xx.xx.1979-cu il təvəllüdlü Nümayəndə, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.1974-cü il təvəllüdlü X12, xx.xx.1978-ci il təvəllüdlü X13 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - ünvan 1 ünvanında qeydiyyatda olan Nümayəndə, X7, X8 notarial qaydada təsdiq edilmiş müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli ərizələrindən görünür ki, onlar qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 7 ünvanında yerləşən 30 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə, texniki sənədlərin və çıxarışın verilməsinə etiraz etmirlər. - Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1120 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Şaumyan rayon İK-nin xx.xx.1979-cu il tarixli 59/5B nömrəli qərarına əsasən verilmiş xx.xx.1979-cu il tarixli, 172929 saylı orderə görə ünvan 3 ünvanındakı 38,6 kvm. olan 3 otaqlı yaşayış sahəsi X5, ailə üzvləri X3, X9, X10 nəzərə alınmaqla verilmişdir. Bakı şəhər Xətai rayonu İcra Hakimiyyəti Xətai rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 93 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 39 nömrəli arayışına görə Şirvani küçəsindəki 7 №-li 9 mərtəbəli evin 6-cı mərtəbəsində, 38,6 kvm. sahəsi olan 3 otaqlı 30 №-li mənzil üzrə 4030 nömrəli şəxsi maliyyə haqq-hesabı İddiaçı adına xx.xx.1999-cu ildə açılmış, İddiaçı həqiqətən həmin mənzildə yaşayır, bina İcra Hakimiyyətinə məxsusdur, mənzildə İddiaçı, X13, Nümayəndə xx.xx.1990-cı ildən, X11 xx.xx.2009-cu ildən, X12 xx.xx.2010-cu ildən daimi qeydiyyatdadırlar. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-370/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı ilə X4 arasında xx.xx.1990-cı il tarixdə Bakı şəhəri Xətai (keçmiş Şaumyan) rayonu VVAQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 740 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. - Həmin qətnamədən həmçinin görünür ki, Bakı şəhəri, Xətai rayon 93 saylı MKİS tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş arayışa əsasən X4 ünvan 1 ünvanında qeydiyyatda olmuş və xx.xx.1990-cı ildə qeydiyyatdan çıxmışdır. - Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş nikahın X1n surətindən görünür ki, İddiaçı X4 ilə olan nikahı ləğv edilmişdir. - Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 101-30671 saylı məktuba əlavə edilmiş fərdi uçot kartoçkalarından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Nümayəndə xx.xx.1996-cı il tarixdən, xx.xx.1978-ci il təvəllüdlü X13 xx.xx.2005-ci il tarixdən, xx.xx.1974-cü il təvəllüdlü X12 xx.xx.2010-ci il tarixdən Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 7, mənzil 30 ünvanı üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmişlər. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********23 №-li məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X18 küçəsi, 7 saylı evin, 30 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirirlər ki, Bakı şəhəri, Xətai rayonu, X18 küçəsi, 7 saylı evin, 30 saylı mənzilinə dair adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, ərizəyə əlavə etdiyi qeyd olunan mənzilə dair Xətai rayonu İcra Hakimiyyəti başçısının 59 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şaumyan (indiki Xətai) rayon İK-nin xx.xx.1979-cu il tarixli 59/5B nömrəli qərarına əsasən verilmiş xx.xx.1979-cu il tarixli, 172929 saylı orderə görə ünvan 3 ünvanındakı 38,6 kvm. olan 3 otaqlı yaşayış sahəsi X5, ailə üzvləri X3, X9, X10 nəzərə alınmaqla verilmişdir. İddiaçı həmin mənzildə xx.xx.1990-ci il tarixədək qeydiyyatda olan X4 ilə xx.xx.1990-cı il tarixdə nikaha daxil olaraq qeyd olunan mənzilə köçərək orada yaşamış, həmin mənzildə xx.xx.1990-ci ildən daimi qeydiyyata alınmışdır. xx.xx.1979-cu il tarixli, 172929 nömrəli orderdə qeyd edilmiş şəxslər mübahisəli mənzildən xx.xx.1990-ci il tarixdən qeydiyyatdan çıxmaqla köçüb getmişlər. Mənzil Xətai rayon İcra Hakimiyyətinin balansında olduğundan həmin mənzildə qeydiyyatda olmaqla yaşayan İddiaçı müraciətinə uyğun olaraq qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 59 nömrəli sərəncama əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 7 saylı evin yaşayış sahəsi 38,6 kvm. olan 3 otaqlı, 30 saylı mənzilin kirayə müqaviləsi sonuncu ilə bağlanmış, ailə tərkibi 5 nəfər (özü, 3 oğlu, nəvəsi) olmaqla mənzilin əsas kirayəçisi hesab edilmişdir. İddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti mənzilə dair adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, mənzilə dair Xətai rayonu İcra Hakimiyyəti başçısının 59 saylı sərəncamının xx.xx.2022-ci il tarixdə verilməsi əsas gətirilərək cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. - 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə işin halları ilə bağlı qeyd edir ki, İddiaçı Agakərim oğlu mübahisəli mənzilin əvvəlki icarədarının ailə üzvü olmuş şəxslə nikaha daxil olması, həmin mənzildə xx.xx.1990-ci ildən yaşayış yeri üzrə daimi qeydiyyata alınmaqla yaşaması, mübahisəli mənzil üzərində sahiblik və istifadə hüquqlarının xx.xx.1999-cu ildən, yəni mənzillə bağlı şəxsi hesab vərəqəsinin onun adın açıldığı vaxtdan yaranması işin mübahisəsiz hallarındandır. Belə olan halda mübahisəli mənzilə münasibətdə 2009-cu il oktyabrın 1dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. - 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Məhkəmə eyni zamanda qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Hazırki məhkəmə icraatında İddiaçı müvafiq icra hakimiyyətinin sərəncamına əsasən ayrılmış yaşayış sahəsinin yuxarıda qeyd olunan kateqoriyalara aid olmasına dair hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı qanuni əsaslarla qeydiyyata alındığı mənzildən uzun müddət istifadə etməklə həmin yaşayış sahəsi ilə bağlı “gözlənilən mülkiyyət hüququ” əldə etmişdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir, müvafiq icra hakimiyyəti orqanının sərəncamının xx.xx.2009-cu il tarixdən sonra verilməsi həmin hüququn məhdudlaşdırılmasına əsas olan hal hesab edilə bilməz, belə olan halda cavabdeh inzibati orqanın imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci, 24-cü maddələrinin tələblərinə uyğun deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 7 ünvanında yerləşən 30 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 7 ünvanında yerləşən 30 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-9011/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9011/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver