Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9011/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mənzil kimi qeydiyyata alınmış əmlak iddiaçının mülkiyyətindədir və hazırda qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Cavabdehə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə barədə müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdehin əsl cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hal-hazırda yuxarı dövlət orqanlarının xüsusi hallar zamanı yaranmış zərurət ilə əlaqədar olan şifahi tapşırığına əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır. Belə olduğu halda isə sözügedən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi qeyri-mümkündür. Hesab edirik ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 31,6 kv.m təşkil edir. İcarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili "xxxx" QSC-nin icarəsinə vermişdir. Xüsusi lisenziya əlavəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2 dekabr 2020-ci il tarixind verilmiş xüsusi lisenziya əsasında "xxxx" QSC-yə ünvan 2 ünvanında dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsində icazə verilmişdir. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, təqdim olunan layihədə baş planda göstərilən ölçülərlə texniki pasportda göstərilən ölçülər arasında uyğunsuzluqlar mövcuddur. Bundan başqa, sözügedən binanın istismar müddətinin başa çatdığı, fiziki cəhətdən aşındığı və mövcud şəhərsalma normalarına cavab verilmədiyindən Azərbaycan Respublikası FHN-nin xx.xx.2022-ci il tarixli akt ilə rayonun qəzalı binalar siyahısında salındığı nəzərə alaraq mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); [9] 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etməkdədir Belə ki, imtina dəlillərinə nəzər yetirdikdə görünür ki, cavabdeh ilkin olaraq müraciətinin təminindən imtina edərkən layihədə baş planda göstərilən ölçülərlə texniki pasportda göstərilən ölçülər arasında uyğunsuzluğun mövcud olduğuna istinad etmişdir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi istər yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə, istərsə də qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilmənin proseduru, keçirilmə əsasları, imtina əsasları konkret olaraq qanunvericiliklə müəyyən edilmişdir. Qanunvericilikdə həmin prosedurun qanunvericilikdə mövcud olmaması və ya bu prosesin şifahi tapşırığa əsasən dayandırılması deyilməsi, Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi” adlanan, özündə Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina kimi ad verilən 20-22-ci maddənin həmin Məcəllədə sanki mövcud olmaması təzahürü yaradır. Halbuki göstərilən formada keçirilmənin əsasları, şərtləri, qaydası, imtina əsasları konkret olaraq sadalanmış, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan həmin məsələnin digər bir inzibati orqandan, eləcə də, Komitədən asılılığı müəyyən edilməmişdir. Buna baxmayaraq, cavabdeh iddia tələbinə münasibətdə təqdim etdiyi yazılı etirazda özünü səlahiyyətli hesab etməmiş və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini onun səlahiyyətləri xaricində olduğunu bildirmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbindən də göründüyü kimi iddiaçı mülkiyyətlərində olan mənzilin, çıxarışda və texniki pasportda olan vəziyyətdə mənzildən qeyri-yaşayış sahəsinə keçirilməsini arzulayırlar ki, bu zaman hər hansı qurumdan razılığın alınması, ümumiyyətlə hər hansı şifahi tapşırığa əsasən bu prosedurun dayandırılması qanunvericilikdə nəzərdə tutulmamış, məhz adıçəkilən səlahiyyət yerli icra hakimiyyəti orqanının müstəsna səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan kimi bu səlahiyyətlərə malik olduğundan o, inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçıların arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Cavabdeh inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçının müraciəti üzrə tam və hərtərəfli inzibati icraat aparmamış, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. Qeyd olunur ki, cavabdeh imtina məktubunda qeyd olunan imtina əsasları isə (layihədə baş planda göstərilən ölçülərlə texniki pasportda göstərilən ölçülər arasında uyğunsuzluğun olması, binanın istismar müddətinin bitməsi) mötəbər və tutarlı arqumentlər ilə təsdiq olunmamışdır. Cavabdehin özü bu hallara istinad etsə də, aparmış olduğu araşdırmada (inzibati icraat materiallarında) konkret olaraq istinad olunan dəlilləri təsdiq edən arqumetnləri sübut edə bilməmişdir. Ümumiyyətlə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh imtina məktubunda göstərilən imtina dəlillərini qeyd etsə də, məhkəməyə verilən etiraz ərizəsində həmin hallara istinad edilməmiş, etirazında özündə birbaşa olaraq iddia tələbinə qarşı qeyd olunan faktiki və hüquqi normalarına əsaslanılaraq verilən etirazın dəlilləri sadalanmışdır ki, həmin etirazdan da göründüyü kimi etiraz məhz yuxarı dövlət orqanlarının xüsusi hallar zamanı yaranmış zərurət ilə əlaqədar şifahi tapşırığına əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə və ya əksinə keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılması ilə bağlı olmuşdur. Göründüyü kimi cavabdeh imtina məktubunda qeyd etdiyi imtina əsaslarını sübut edə bilməmiş, özü etirazda həmin imtina əsaslarına istinad etmədən, şifahi tapşırıqla məsələni imtinanın yeganə dəlili kimi göstərmişdir ki, məhkəmə hesab edir ki, istər imtinanın istər etirazın əsassız hesab edilməsi iddianın təmini əsası yaradır. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırkı mülkiyyət hüququna dair qeydin aparılmasına əsas olmuş əmlakın texniki pasportunda göstərilən formada yaşayış qeyriyaşayışa keçirilməsinı iddiaçı məhkəmə iclasında da dediyi kimi xahiş edir ki, mülkiyyət hüququna dair qeyd ləğv edilməmiş, texniki pasportdakı vəziyyət üzrə də hər hansı əmlakda dəyişiklik edilməmiş, texniki göstəricilər eyniliklə qalmışdır. Odur ki, həmin göstəricilərə uyğun yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini istisna edən layihədə baş planda göstərilən ölçülərlə texniki pasportda göstərilən ölçülər arasında uyğunsuzluğun olmasına dair (etirazda münasibət bildirilməmiş) imtina hər bir halda qanunsuz hesab edilməlidir. Bu zaman, elə həmin qeydin mötəbərliyi cavabdehin digər imtina əsası qismində göstərdiyi istismar müddətinin bitməsi dəlilinin də mötəbərliyini istisna edir. Belə ki, istismar müddəti bitibsə həmin əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi kimi olması məhdudlaşdırma və məhrumetmə baxımından fərqləndirmə aparılmasını zəruri etmir. Lakin, yaşayış sahəsi kimi istifadəyə yararlılıq, qeyd də ləğv edilmədiyi halda onun qeyri-yaşayış sahəsinə istismar müddətinin bitməsi səbəbindən keçirilməsindən imtina dəlili əsaslı hesab edilə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan həmin mənzil faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilməkdədir ki, hətta bununla bağlı müvafiq xüsusi lisenziya verilmişdir. Qeyd olunmalıdır ki, başqa bir dövlət orqanı tərəfindən də verilmiş həmin sahənin qeyri-yaşayış sahəsi qismində istifadəsini mümkün edən lisenziya mövcud olmuşdur ki, göstərilən sahənin uzun müddətdir ki, maneəsiz qeyriyaşayış sahəsi kimi istifadəsi də məhkəmə hesab edir ki, nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh konkret olaraq müraciətin təminini istisna edən halları sübuta yetirə bilmədiyindən, hazırki iddia təmin olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 31,60 kv.m olan yaşayış sahəsinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul edilməsi vəzifəsi Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9011/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9011/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver