Məhkəmə qərarları › İş №2-1(112)-9013/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9013/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9013/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X4, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı “pulun tələb edilməsinin qadağan edilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "Abşeron Tekstil” MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı “bank hesablarının açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “İddiaçı MMC-dən, xx.xx.2023-cü il tarixli İddiaçı MMC ilə üçtərəfli müqaviləyə əsasən, tutulmuş pulun geri qaytarılması, pulun tutulmasını cavabdehə qadağan edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə " Abşeron Tekstil” MMC, X2 və YİWU XİNZHONG TRADE CO LTD arasında mal idxalı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş ABŞ dolları ilə YİWU XİNZHONG TRADE CO LTD köçürülməlidir. Həmin müqaviləyə əsasən xx.xx.2023-ci il tarixində **********7709 (X2) və **********7708 (İP "Burqut Bezeqi") nömrəli yük gömrük bəyannamələri Türkmənistan Respublikasından ölkəmizə idxal olunmuşdur. YGB-lər üzrə borc, qarşı tərəf İP "Burqut Bezeqi" və X2 tapşırığı ilə 11,04.2023-cü il tarixində EXP 02- 2023 sayli xx.xx.2023 tarixli müqaviləyə əsasən **********7709 YGB üzərindən 9368.50 ABŞ dolları və xx.xx.2023 tarixli EXP 01-2023 saylı müqaviləyə əsasən **********7708 YGB üzərindən 16 307.55 ABŞ dolları "xxxx" ASC tərəfindən 3-cü tərəf YİWU XİNZHONG TRADE CO LTD şirkətinə köçürülmüşdür. Lakin ödəniş köçürüldükdən sonra Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi həmin vəsaitin köçürülməsi ilə bağlı imtiyazın ləğv olunmaması üçün köçürülən vəsaitin geri qaytarılmasını tələb etdi. Tələbə əsasən vəsait xx.xx.2023,xx.xx.2023 və xx.xx.2023 tarixlərində YİWU XİNZHONG TRADE CO LTD tərəfindən bizə geri qaytarılmışdır. Vəsaitin geri qaytarıldığı tarixdə "xxxx" ASC ləğv etmə prosesində olduğu üçün vəsait "xxxx" ASC Nəsimi filialında mövcud olan hesabımıza köçürülmüşdür. Lakin DGK Dəniz nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilib ki, “audit yoxlaması zamanı aşkar edilmiş, **********7709 və **********7708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 15230.64 manat idxal gömrük rüsumu həmçinin 2741.51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı olduğu və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna dəbbə pulu hesablanmalı olduğu müəyyən edilmişdir. Qeyd: xx.xx.2024-cü il tarixinə dəbbə pulu 6559.84 azn təşkil edir. DGK Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən müəssisənin "xxxx" və "xxxx"da olan hesablan bağlanmışdır. Vəsait geri qaytarıldığı üçün qeyd olunan YGB- lər üzrə benefisiarlara borclu qalmışıq və YGB-lər aktiv olmadığı üçün vəsaiti Türkmənistan Respublikasına köçürə bilmirik. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə DGK Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə 07/24 saylı məktubla müraciət edilərək idxal gömrük rüsumu, idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin ləğv edilməsi və bank hesablarının açılmasına göstəriş verilməsi xahiş olunmuşdur. DGK Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən xahişimiz rədd edildiyi bildirilmiş, bununla bağlı bizə rəsmi sənəd təqdim olunması tələb edilsə də qarşı tərəf imtinaya dair heç bir sənəd təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı **********7708 və **********7709 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal etdiyi malları göndərən ölkə kimi İP “Burqut Bezeqi” Aşgabat/Türkmənistan və X2 Aşgabat/Türkmənistan adından bəyan etmiş və rəsmiləşdirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 sentyabr 2023cü il tarixli “Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3-33/3-2-000164/2023 nömrəli sərəncamına əsasən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixdən 01,07.2023-cü il tarixədək olan dövr üzrə aparılmış auditin nəticələrinə dair” akt əsasında müəyyən edilmişdir ki, Türkmənistan Respublikasından İddiaçı MMC-nin ünvanına idxal olunan netto çəkisi 5665 kq, gömrük dəyəri 453.15,20 manat olan, XİFMN üzrə 6302 31 000 0 (15% idxal rüsum dərəcəsi) kodu altında xx.xx.2023-cü il tarixli **********7708 sorğu nömrəli gömrük bəyannaməsinin 31-ci qrafasında “pambıq ipliyindən hazırlanmış tək nəfərlik və iki nəfərlik yataq dəsti ağları və yorğan ağları” adı ilə bəyan edilən malın gömrük rəsmiləşdirilməsi CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. X1 Sisteminin “Maliyyə əməliyyatları” blokunun “GB üzrə bank əməliyyatlarına düzəliş” alt bölməsində **********7708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 16.307,50 dollar ABŞ dolları məbləğində pul vəsaitinin Çin Xalq Respublikasının “X6 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmişdir. Göstərilən hallar isə idxal əməliyyatının qeyd edilən Sazişin 5.1-ci maddəsinin “a” bəndinin tələbinin pozulmaqla həyata keçirililmiş və **********7708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 6.797,28 manat idxal gömrük rüsumu, 1.223,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna dəbbə pulu hesablanmalıdır. Həmçinin, sözügedən aktda qeyd edilir ki, eyni zamanda Türkmənistan Respublikasından İddiaçı MMC-nin ünvanına idxal olunan malların **********7709 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyi və CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edildiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan hal təkrarlandığı və **********7709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9.368,50 ABŞ dolları məbləğində pul vəsaitinin X5 “X6 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmişdir **********7709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 8.433,36 manat idxal gömrük rüsumu, 1.518,00 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna dəbbə pulu hesablanmalıdır. Sözügedən akt əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC **********7708 və **********7709 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal etdiyi malları göndərən ölkə Türkmənistanı qeyd etsə də, lakin ödənişi üçüncü dövlət Çin Xalq Respublikasına köçürmüşdür. **********7708 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 6.797,28 manat idxal gömrük rüsumu, 1.223,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi, **********7709 sorğu nömrəli gömrük bəyannaməsi üzrə isə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 8.433,36 manat idxal gömrük rüsumu, 1.518,00 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin ümumilikdə isə 15 230,64 manat idxal gömrük rüsumu və 2 741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcuna 6 559,84 manat dəbbə pulu hesablanmalıdır.nİddiaçı MMC-nin ünvanına Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək yaranmış gömrük borcunun dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Lakin, İddiaçı MMC bugünədək yaranmış olan gömrük borcunun dövlət büdcəsinə ödənilməsini həyata keçirməmişdir. İddiaçı MMC gömrük bəyannaməsinə yanlış məlumatların daxil edilməsi ilə dövlət büdcəsindən ümumilikdə isə 15 230,64 manat idxal gömrük rüsumu və 2 741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi və 6 559,84 manat dəbbə pulu yayındırmışdır. Gömrük borcunun ödənilməsinə görə məsul şəxs tərəfindən Gömrük Məcəlləsinin 243-cü və 246-cı maddələrində nəzərdə tutulmuş müddətlər ərzində ödənilməyən gömrük borcu, məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qanunvericiliyə uyğun olaraq gömrük orqanları tərəfindən məcburi tutulur. İddiaçı MMC-nin bank hesablarına Baş İdarə tərəfindən iddiaçının bank hesablarının dondurulması və ya hesablardan borcun tutulması ilə bağlı xx.xx.2024-cü il tarixdə sərəncam qoyulmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dondurulmalı Sərəncamdan görünür ki, iddiaçının "xxxx" ASC-də olan bank hesabında 24.531,99 manat məbləğində pul vəsaiti dondurulmuşdur. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, İddiaçı (VÖEN:**********) (bundan sonra müəssisə) Türkmənistan Respublikasından idxal olunan malları **********7709 və **********7708 sorğu nömrəli gömrük bəyannamələri üzrə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində (bundan sonra Baş İdarə) bəyan etmişdir. **********7709 və **********7708 sorğu nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasının üçüncü yarımbölməsində 120 kodu göstərilmiş və həmçinin müəssisənin bəyan olunmuş yük üzrə CT-1 mənşə sertifikatı təqdim etməsi səbəbindən idxal gömrük rüsumlarında azadolma tətbiq edilməklə rəsmiləşdirmə başa çatdırılmışdır. Gömrük bəyannamələri üzrə rəsmiləşmə başa çatdırıldıqdan sonra **********7709 və **********7708 sorğu nömrəli gömrük bəyannamələri üzrə 26645,5 ABŞ dolları məbləğində pul vəsaitinin X5 “Yıwu Jiayu imp and Exp CO..Limited” şirkətinə köçürüldüyü aparılan audit yoxlaması zamanı aşkar edilmiş, **********7709 və **********7708 sorğu nömrəli gömrüK bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 15230.64 manat idxal gömrük rüsumu həmçinin 2741.51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı olduğu və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yayındırılmış gömrük borcuna dəbbə pulu hesablanmalı olduğu müəyyən edilmişdir. Qeyd: xx.xx.2024-cü il tarixinə dəbbə pulu 6559.84 azn təşkil edir. Gömrük borcunun ödənilməsinə görə məsul şəxs tərəfindən məcəllənin 243-cü və 246- cı maddələrində nəzərdə tutulmuş müddətlər ərzində ödənilməyən gömrük borcu, məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qanunvericiliyə uyğun olaraq gömrük orqanları tərəfindən məcburi tutulur. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq təqdim edilmiş bildirişdə qeyd olunan ödənişin məsul şəxs tərəfindən qısa müddətdə ödənilməsi tələb olunur. Aparılmış yoxlamaya dair Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə aparılmış auditin nəticələrinə dair akt tərtib edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə aparılmış auditin nəticələrinə dair akta əsaslanaraq gömrük bəyannamələri üzrə 15.230,64 manat idxal gömrük rüsumu, 2.741,51 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi, 6.559,84 manat məbləğində dəbbə pulu, ümumilikdə 24.531,99 manat gömrük ödənişi iddiaçıdan tələb etmişdir. Eyni zamanda bununla bağlı dondurulma sərəncama qəbul olunaraq iddiaçının "xxxx" ASC-də olan bank hesabında olan həmin məbləğdə pul vəsaiti dondurulmuşdur. Qeyd olunmalıdır ki, həmin ödənişin edilməli olmasına dair inzibati aktın mövcud olub-olmaması istiqamətində araşdırma aparmış və müəyyən edilmişdir ki, borcun ödənilməsini tələb edən hər hansı inzibati akt cavabdeh tərəfindən tərtib edilməmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə gömrük ödənişinin ödənilməsi üçün hüquqi əsas yarada biləcək inzibati akt iş materiallarında mövcud deyil. Halbuki, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən borcun ödənilməsi kimi hüquqi nəticə yaradan tələbetmənin əsasında inzibati aktın mövcud olması zəruridir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-396/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il saylı qərarında gömrük orqanının bildirişi əsasında tələb edilən borcun silinməsinə dair iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, ilk əvvəl sözügedən borcun silinməsi üçün onun hesablandığı qaynağı, yəni inzibati akt və onun ümumiyyətlə mövcud olub-olmaması müəyyən edilməlidir. Məlum olduğu kimi “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati aktın anlayışı verilmişdir. (qərarın 13-cü bəndi) İş materiallarından bəlli olur ki, iddiaçıya ümumilikdə 178.286,40 manat gömrük borcunun hesablanmasına dair hər hansı bir inzibati akt yoxdur. “ Analoji mövqe 2-1(102)-267/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında da qeyd edilmişdir. Göründüyü kimi Ali Məhkəmə borcun ödənilməsinin tələb edilməsi ilə borc barədə bildiriş göndərilməzdən əvvəl bağlı borcun ödənilməsi ilə bağlı inzibati qərarın mövcudluğunun zəruriliyini öz qərarında qeyd etmişdir. Doğrudur həmin iş üzrə borcun silinməsi barədə iddia mümkünsüz sayılsa da, hazırkı iş üzrə isə iddia tələbi borcun silinməsi ilə bağlı olmadığından, müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi ilə əlaqədar iddia olduğundan iddianın mümkünlüyü istisna edən halların mövcudluğu müəyyən edilmir. Qeyd olunan səbəbdən də məhkəmə hazırkı iddianı mümkün saymışdır. Belə ki, işin faktiki halları, o cümlədən iş materiallarında olan borcun ödənilməsinə dair bildirişdən müəyyən edilir ki, gömrük orqanı inzibati akt mövcud olmasa belə həmin məbləğin ödənilməsinə yönələn faktiki xarakterli hərəkətlər etməkdə israrlıdır ki, həmin növ qanunsuz və əsassız hərəkətlərə münasibətdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi 337.956,45 manat gömrük ödənişinin ödənilməsinin "xxxx" QSC-dən tələb edilməsinin qeyri-qanuni hesab edilərək qadağan olunması formasında iddia mümkünlük şərtləri ödənilməklə irəli sürüldüyündən iddiaya mahiyyəti üzrə qiymət verilməsi mümkün hesab edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən gömrük ödənişinin tələb edilməsini əks etdirən heç bir inzibati akt qəbul etmədən yalnız Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə aparılmış auditin nəticələrinə dair aktı ilə iddiaçıdan gömrük ödənişini tələb etməkdə haqlı olmamışdır. Göründüyü kimi iddianın təminini istisna edən heç bir hal cavabdeh tərəfindən sübut edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “İddiaçı MMC-dən, xx.xx.2023-cü il tarixli İddiaçı MMC ilə üçtərəfli müqaviləyə əsasən, tutulmuş pulun geri qaytarılması öhdəliyi cavabdeh Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin üzərinə qoyularaq pulun tutulması ona qadağan edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar