Məhkəmə qərarları › İş №2-1(112)-9013/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9013/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9013/2025 08.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə (üçüncü şəxslər: X7 və qeyriləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X7, X5, X10, X8 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər (zəruri cəlbetmə). İddiaçının əsaslandırması: İddiaçının yaşayış sahəsinə dair istifadə hüququ məhkəmə qətnaməsi ilə tanınmışdır. Üçüncü şəxslər həmin mənzildə qeydiyyatdadır. Mənzil satılarkən üçüncü şəxslər razılıq ərizələri verərək mənzilin satılmasına razı olmuşlar. Bununla əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu müraciətin təminindən imtina etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov Rayon Məhkəməsinin 2-1461/2003 nömrəli qətnaməsindən görünür ki, İddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi 76 a saylı evə istifadə hüququ tanınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, üçüncü şəxslər həmin ünvan üzrə qeydiyyatdadır. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının qeydiyyatdan çıxarma barədə müraciətin təminindən imtina etmiş, məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X7 xx.xx.2005-ci il tarixdə, X10 xx.xx.2005-ci il tarixdə, X8 xx.xx.2004-cü il tarixdə və X9 xx.xx.2016-cı il tarixdə ünvan 3 ünvanına pasport qeydiyyatına alınmışlar. Şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən tərəfimizdən məhv edilmişdir. Əlavə olaraq, X5 xx.xx.2016-cı il tarixdə “ASAN 2’’ xidmət mərkəzində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olubolmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir. Təkzib olunmaz haldır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi – özbaşına tikilidir. Həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Lakin, bu halda nəzərə alınmalıdır ki, həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilməsə belə, əmlak üzərində iddiaçının istifadə hüququ qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır ki, bu da faktiki olaraq iddiaçının subyektiv hüququna malik olan şəxs qismində çıxış etdiyini göstərir. Qeyd olunmalıdır ki, iddiaçı ilə üçüncü şəxs, X7 arasında yazılı alqı-satqı müqaviləsinin bağlanması barədə məlumat olmasa da, məhkəmə qətnaməsindən aydın olur ki, iddiaçının həmin əmlaka istifadə hüququ tanınarkən, məhkəmə tərəflər arasında faktiki alqı-satqı münasibətlərinin mövcudluğunu nəzərə almışdır. Bu münasibətlər çərçivəsində, Zəhra İbrahim qızı satıcı olaraq, fərdi yaşayış evini 6000 ABŞ dolları məbləğində İddiaçı satmışdır. AR MM-nin 646.1-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, alqı-satqı münasibətləri çərçivəsində Zəhra Əliyeva əvvəllər yaşadığı həmin evdəki hüquqlarından haqq müqabilində imtina edərək, bu hüquqların iddiaçıya keçməsinə razılıq vermişdir. Həmçinin, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, üçüncü şəxslərdən biri olan X8 fərdi yaşayış evinin alqı-satqısına dair heç bir etirazının olmadığını notarial qaydada təsdiq olunmuş ərizə ilə ifadə etmişdir. Buna əsasən, məhkəmə hesab edir ki, Zəhra Əliyeva və Müşfiq Məmmədov, fərdi yaşayış evinin iddiaçıya satılması ilə bağlı öz münasibətlərini bildirərək, öz iradə ifadələrini nümayiş etdirmişdirlər. Nəticə etibarilə, onların əmlak üzərində hüquq və maraqları mövcud deyil. Bu səbəbdən, üçüncü şəxs X8 ilə qohumluq əlaqəsi olan digər üçüncü şəxslərin yaşayış sahəsinə dair qeydiyyatı hüquqi əhəmiyyətini itirmişdir. Nəticə etibarilə, mülki hüquq normalarının tələbləri əsasında, üçüncü şəxslər, həmin əmlak üzərində istifadə hüququ olmayan şəxslər kimi qiymətləndirilir. Beləliklə yuxarıda adıçəkilən mülki hüquq normalarının tələbləri ilə müəyyən edilir ki, üçüncü şəxslər yaşayış sahəsinə istifadə hüququ olmayan şəxslərdir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, hazırki mübahisə üzrə mənzil kommunal istismar sahəsinin arayışı da üçüncü şəxslərin mənzildə qeydiyyatda olduğunu, lakin həmin ünvanda yaşamadıqlarını təsdiq etmişdir. Həmçinin, aidiyyəti sorğuya cavab məktubu ilə də müəyyən edilmişdir ki, üçüncü şəxslərin hər hansı əmlak hüququ da qeydiyyata alınmamışdır. Göründüyü kimi istər, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxslərin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxslərin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən üçüncü şəxslər X2, X1, X6, X3 və X4 qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar