Məhkəmə qərarları › İş №2-1(112)-9015/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9015/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9015/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı “Ülviyyə-89” firmasının cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «qeyriyaşayış sahəsinə dair ipotekaya xitam verilməsi və həmin əmlakın yüklülükdən azad edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Ülviyyə-89” firması cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi və həmin əmlakın yüklülükdən azad edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 16-1 nömrəli qeyri-yaşayış sahəsi “Ülviyyə-89” firmasına məxsusdur. Həmin qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin kredit borcuna görə Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)- 1875/2011 saylı iş üzrə müvafiq qətnaməsi ilə borc üzrə tutma “Ülviyyə-89” firmasına məxsus həmin qeyri-yaşayış sahəsinə yönədilmiş və əmlakın acıq hərracda satılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra müvafiq icra vərəqəsi icra ücün Sumqayıt şəhəri üzrə icra şöbəsinə göndərilmişdir. Həmin qeyri-yaşayış sahəsinin hərracda satışının həyata keçirilməsi ilə baglı sözügedən icra vərəqəsi icra şöbəsi tərəfindən 17/63-76 saylı 28 aprel 2014-cü il tarixli sifariş məktubu ilə Hərrac Mərkəzi "xxxx" MMC-yə göndərilmşdir. İpoteka predmetinin satılmasına dair 1-ci hərrac 20 iyun 2014-cü il tarixdə keçirilmiş, hərrac baş tutmadığına görə 31 iyul 2014-cü il tarixdə təkrar hərrac keçirilmişdir. Lakin təkrar hərrac da baş tutmamışdir. Təkrar hərracın baş tutmaması elan olunduqdan sonra Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 6 avqust 2014cü il tarixli 01/2516 sayli məktubla ipoteka saxlayana təklif göndərilmişdir. Təklifdə ipoteka predmetinin 30 gün müddət ərzində yazılı surətdə hərrac vasitəsilə əldə etmək ücün keçiriləcək hərracın tarixi müəyyənləşdirməklə rəsmi məlumat verilməsi, təklifə görə göndərilən cavaba əməl olunmadığı halda ipoteka əldə etmək istəyindən imtina və işin icra müddəti başa catdığı ücün sənədlərin sifarişçiyə qaytarılacağı bildirilmişdir. Eyni zamanda, ipoteka saxlayana hərracın yekunlaşdırılması müddətində ipoteka predmeti əldə olunmayacağı təqdirdə ipotekaya xitam veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Həmin müddət ərzində ipoteka saxlayan Cavabdeh1 ASC tərəfindən ipoteka predmeti əldə edilməmiş və olunan icra vərəqəsi ipoteka predmetinin satışı üzrə icra müddəti bitdiyinə görə 11 sentyabr 2014-ci il tarixdə Sumqayıt şəhəri üzrə icra şöbəsinə geri qaytarılmış və icra məmurunun müvafiq qərarına əsasən icra sənədinin qaytarılması haqqında qərar gəbul edilmişdir. Göründüyü kimi, ipotekanin predmeti Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 16-1 nömrəli qeyri-yaşayış sahəsi ipoteka saxlayan tərəfindən qanunvericiliklə müəyyən olunmuş müddətdə əldə edilməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayan təkrar hərracın baş tutulması elan etdikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4 – 43.8 və 48-ci maddələrin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən 2-ci hərrac kecirilikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraati qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İpoteka müqaviləsində xitam verilməsi və yüklülükdən azad olması ilə bağlı cavabdeh tərəfə rəsmi pretenziya göndərilmiş, lakin bu günədək cavab verilməmişdir. Hesab olunur ki, hər iki tərəf hüquqi şəxs olduğuna görə işə mahiyyəti üzrə inzibati məhkəmədə baxılmalıdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 149, 150-ci maddələrini rəhbər tutaraq, “Ülviyyə-89” firması ilə Cavabdeh1 ASC-nin Sumqayıt Filialı arasında bağlanmış 23 avqust 2007-ci il tarixli 88 saylı ipoteka müqaviləsinə 17 oktyabr 2018-ci il tarixli N-2x- 08 saylı əlavə razılıq əsasında ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 16-1 nömrəli qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi və onun yüklülükdən azad olnması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəmədən “Ülviyyə-89” firmasının hazırkı iddiasının rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 25.2-ci maddəsinə görə ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı “Ülviyyə-89” firması iddiasında cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «qeyri-yaşayış sahəsinə dair ipotekaya xitam verilməsi və həmin əmlakın yüklülükdən azad edilməsi» tələbini irəli sürür. Hazırkı iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu inzibati orqan olsa da, onun leğvedicisi kimi çıxış etdiyi "xxxx" ASC ilə bağlanmış müqavilə üzrə ipotekaya xitam verilməsi ilə qərarı, imtinası və hərəkətləri inzibati akta, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsindəki “faktiki xarakterli hərəkətlər”ə bərabər tutula bilməz. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu bu mübahisədə inzibati orqan kimi yox, ləğv prosesində olan hüquqi şəxsin ləğvedicisi kimi çıxış edir və mübahisə publik deyil, mülki xarakterlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “«İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4 – 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: - «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir; - «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır; - İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Belə olan halda məhkəmənin qənaətinə görə qaldırılan iddia tələbi üzrə inzibati mübahisənin mövcud olmadığı müəyyən edilir və iddiaya inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar