Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9017/2021 01.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X5, X8, X11 və X9) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2013-cü il tarixdə alqı satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin X3 məxsus 4/6 hissəsini, yəni sahəsi 24,4 kv.metr olan bir otağı almışdır və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən yaşayış sahəsi hazırda onun mülkiyyətindədir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən həmin fərdi yaşayış evində yaşayış sahəsində iddiaçı ilə yanaşı xx.xx.1961-ci il təvəllüdlü X5, xx.xx.1962-ci il təvəllüdlü X10, xx.xx.1985-ci il təvəllüdlü X11 və xx.xx.1989-cu il təvəllüdlü X9 (bundan sonra - üçüncü şəxslər) qeydiyyatdadırlar.
3. İddiaçı Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək mülkiyyətindəki fərdi yaşayış evindən yaşayış sahəsindən orada qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, Cavabdeh 091-34395M-3221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini bildirmişdir.
4. Bundan sonra İddiaçı 30 iyul 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü X2, xx.xx.1962-ci il təvəllüdlü X6, xx.xx.1985-ci il təvəllüdlü X7 və xx.xx.1989-cu il təvəllüdlü X4 mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu X.Dadaşov küçəsində yerləşən 202 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, üçüncü şəxslərin ona məxsus yaşayış sahəsindəki qeydiyyatları formaldır. Ona görə ki, yaşayış sahəsini aldığı gündən bəri onlar həmin ünvanda yaşamırlar və müqavilə bağlanarkən ərizə imzalamaqla əmlaka dair bütün hüquqlarından imtina etmişlər. Beləliklə, ona məxsus yaşayış sahəsi ilə heç bir faktiki və ya hüquqi bağlılıqları yoxdur. Lakin onların hələ də iddiaçıya məxsus əmlakda qanunsuz və əsassız olaraq pasport qeydiyyatında qalmaları mülkiyyətçi kimi hüquqlarının pozulmasına, əlavə kommunal ödənişlərə cəlb edilməsinə səbəb olur.
5. Məhkəmənin 06 avqust 2021-ci il tarixli, 2-1(112)-9017/2021 saylı qərardadı ilə X5, X8, X11 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəməyə göndərdiyi məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
9. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
10. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X5 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona məxsus 4/6 hissəsini, yəni 24,4 kv.m sahəsi olan bir otağı İddiaçıya satmışdır.
11. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən 24,4 kv.m sahəsi olan bir otağa İddiaçının mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.
12. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmənin müvafiq sorğusuna daxil olmuş **********00 nömrəli, xx.xx.2021ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X5, X8, X11 və X4 istifadə hüquqlarının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.
13. Habelə iş materiallarında olan Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda 09 dekabr 2013-cü il tarixdə 4Ə-1209 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi ünvanda yerləşən 202 nömrəli fərdi yaşayış evinin 24,4 kv.metr sahəsi olan 1 otağında qeydiyyatda olan X8, X11 və X1 mənzilin satılmasına etiraz etmədiklərini yazılı ərizələri ilə bildirmişlər.
14. İşdə olan 56 saylı Mənzil kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 228 nömrəli arayışından görünür ki, üçüncü şəxslər mübahisəli mənzildə yaşamırlar.
15. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi ünvanda yerləşən 202 nömrəli fərdi yaşayış evinin 24,4 kv.metr sahəsi olan 1 otağının İddiaçının mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzilə heç bir hüquqlarının olmaması və hazırda orada yaşamamaları məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq olunur.
16. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
17. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
18. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
20. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
22. İşdən müəyyən olunur ki, üçüncü şəxs X5 mübahisəli yaşayış sahəsinin mülkiyətçisi olmuş, 2013-cü ildə həmin yaşayış sahəsini iddiaçıya satmış, yaşayış sahəsinin alqı-satqısı zamanı həmin ünvanda qeydiyyatda olan digər üçüncü şəxslər X8, X11 və X9 yaşayış sahəsinin satılmasına razı olmuşlar, bununla yaşayış sahəsinə dair hüquqlar iddiaçıya keçmiş, habelə üçüncü şəxs X5 xx.xx.2013-cü il tarixdə bağladığı alqısatqı müqaviləsinin 13-cü bəndinə əsasən 2 ay müddətinə satdığı daşınmaz əmlakdan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür, həmin şəxslər hazırda mübahisəli mənzildə yaşamırlar. Buna görə də onların mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcud olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1961-ci il təvəllüdlü X2, xx.xx.1962-ci il təvəllüdlü X6, xx.xx.1985-ci il təvəllüdlü X7 və xx.xx.1989-cu il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsində yerləşən 202 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova