Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-902/2021 06.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «cavabdehin qərarının ləğv edilməsi, cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabında məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi və həmin məhdudiyyətin götürülməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «iddiaçının şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalmalar qrafasında göstərilən və cavabdeh tərəfindən məbləğin düzgün hesablanmamasının müəyyən edilməsi və iddiaçının bank hesabına qoyulmuş blokun ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalmalar qrafasında 1.625.117 manat məbləğ öz əksini tapmışdır. Həmin məbləğin hansı səbəbə görə yaranması barədə açıqlanma verilməsi və bu anlaşılmazlığın aradan qaldırılması barədə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, indiyədək məsələ həll edilməmiş, bundan əlavə cəmiyyətin bank hesabına həmin məbləğə blok qoyulmuşdur. Lakin cavabdeh qanunları pozaraq iddiaçının hesabına ötən müddət ərzində blok qoymaqla, nəticədə ona külli məbləğdə maddi zərər yetirmişdir. Lakin iddiaçı üzərinə düşən öhdəliyi vaxtlı-vaxtında icra etmişdir. Cavabdehin hərəkətlərinin qeyri-qanuni olduğu belə əsaslandırılır – İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Göstərilənlərə AR Vergi Məcəlləsinin 3.8, 3.11, 53.3, 220.1-ci maddələrinə, İPM-in 34.1, 14.2, 38.1, 55, 73.2-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanunun 72.1, 72.5-ci maddələrinə əsaslanaraq, cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalmalar qrafasında göstərilən və 1.625.117 manat məbləğin düzgün hesablanmasının müəyyən edilməsi və iddiaçının bank hesabına qoyulmuş blokun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olundudan sonra iddiaçı tərəf məhkəməyə iddiaının dəyişdirilməsi barədə ərizə təqdim etmişdir. Ərizədə bildirilir ki, işin məhkəmə icraatı zamanı müəyyən dəyişikliklər olmuşdur. Belə ki, ilkin iddiada mübahisələndirilən qərar artıq ləğv edilmiş və əlavə vergi borcunun hesablanmasına dair yeni qərar qəbul edilmişdir. Cavabdehin 28 sentyabr 2020-ci il tarixli **********140383 saylı qərarı ilə iddiaçıya 1.658.099,37 manat əlavə vergi məbləği və 1.019.223,39 manat maliyyə sanksiyası hesablanmışdır. Bu qərar qanunsuz və əsassız olduğundan, ləğv edilməlidir. Belə ki, qərardan da görünür ki, hesablamalar 2016 – 2017 və 2018-ci illər üçün aparılmışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən hesablama yalnız son 3 il üçün aparıla bilər. 2016 və 2017-ci il üçün aparılan hesablamalar qanunsuzdur. Bu hissələr qərarda ləğv edilməlidir. Bundan başqa, hesablamanın aparıldığı 3 il ərzində MMC-nin ümumi dövrüyəsi 11.117.528,75 manat olmuşdur. AR Nazirlər Kabinetinin müvafiq qərarına əsaslanaraq maksimum 20% rentabellik götürülsə, iddiaçının gəliri cəmi 2.223.505,74 manat olmuşdur. Mənfəət vergisi isə, bu məbləğdən hesablana bilərdi. Belə olduğu təqdirdə, iddiaçıya əlavə vergi kimi təqribən 400.000 manat vergi hesablana bilərdi. Halbuki, MMC-nin artıq vergi ödəmələri bu məbləğdən dəfələrlə çoxdur. Bu hallar nəzərə alınmadan qəbul edilmiş qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İddiaçı rəsmi fəaliyyətə başladığı gündən qanunvericilyin tələblərinə uyğun olaraq fəaliyyət göstərmişdir. Vergilər Nazirliyinin (indiki Dövlət Vergi Xidmətinin) dəfələrlə keçirdiyi yoxlamanın nəticəsində aktlar tərtib edilmişdir. Bu aktlara əsasən məlum olur ki, iddiaçı öz fəaliyyətində qanun pozuntularına, vergi ödəməkdən yayınma hallarına yol verməmişdir. 2016-cı ildə iddiaçının ƏDV depozit hesabına qanunsuz bloklar qoyulmuşdur. İddiaçının artıq vergi ödəmələri dövlət hesabına keçirilmişdir. Bütün hallar nəzərə alınmalıdır. Bununla da hesablanmış məbləğlərin qanunsuz və əsassız olduğu təsdiq edilir. Qərarın qəbulu və qərara əsasən borcun hesablanması əsaslandırılmamışdır. Cavabdeh öz qərarını əsaslandırmağa borcludur. Cavabdeh qərarın qəbulu üçün əsaslar gətirə bilmədiyi üçün qərar ləğv edilməlidir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İlkin iddiada iddiaçının bank hesabında olan məhdudiyyətin götürülməsi tələbi qoyulmuşdur. Əslində iddaçının bank hesabında deyil, ƏDV depozit hesabında qanunsuz blok qoyulmuşdur. Qanunvericilikdə aparılmış son dəyişiklik ilə cavabdehə bu hüquq verilsə də, iddia qaldırılan zaman və MMC-nin ƏDV depozit hesabına blok qoyulan zaman cavabdehin ƏDV depozit hesabını bloklaşdırmaq kimi hüququ yox idi. Cavabdeh bu addımı qanunsuz atmışdır. Hətta indi də blokun qalmağı qanunsuzdur. Belə ki, blokun qoyulması üçün heç bir hüquqi səbəb yoxdur. İddianın bu hissədə dəyişdirilməsinə ehtiyac vardır. Göstərilənlərə və İPM-in 32-ci maddəsinə əsaslanaraq və İPM-in 40 – 43-cü maddələrini rəhbər tutaraq, iddianın «cavabdehin 28 sentyabr 2020-ci il tarixli **********140383 nömrəli qərarının ləğv edilməsi, cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabında məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi və həmin məhdudiyyətin götürülməsi» kimi qəbul olunması məhkəmədən xahiş edilir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 30 avqust 2021-ci il tarixli məktubunda iddiaya qarşı aşağıdakılar bildirilir: - Hesab edilir ki, "X4" MMC-nin iddia tələbi qismən – ƏDV depozit hesabına məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi və həmin məhdudiyyətin götürülməsi hissəsində mümkün sayılmamalı, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, İPM-nin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göründüyü kimi, iddiaçı həm mübahisləndirmə haqqında, həm də mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlməyən öhdəliyin icrası haqqında iddia tələbi ilə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015- ci il tarixli “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarım əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibatı məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir ki. məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin həmin qərarda qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın digər hissəsi ilə bağlı qeyd olunur ki, Vergi orqanının 23 oktyabr 2019-cu il tarixli **********192006 nömrəli qərarına əsasən iddiaçının vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 1 yanvar 2016-cı il tarixdən 31 iyul 2019-cu il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 20 avqust 2020-ci il tarixli **********192476 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən, yoxlama vergi orqanında olan uçot baza məlumatlarına əsasən aparılmışdır. Vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdakı kimi olmuşdur: mənfəət vergisi üzrə – iddiaçının yoxlanılan dövr üzrə satış dövriyyəsi təqdim etdiyi elektron vergi hesab fakturalarına əsasən müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş elektron vergi hesab fakturalarına əsasən satış dövriyyəsi (ƏQV-siz) 11.117.528,75 manat göstərilmişdir. Belə ki, vergi ödəyicisinin gəlirləri 2016-cı il üzrə 10.405,55 manat, 2017-ci il üzrə 10.390.151,49 manat, 2018-ci il üzrə 716.970,71 manat olmuşdur. Vergi ödəyicisi yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada xərclərinin (gəlirlərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilmişdir. Bunları nəzərə alaraq mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq olunmuş «Vergi ödəyicisnin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalan»na əsasən hesablanmışdır. Bununla da İddiaçı MMC-nin 2016 – 2018-ci illər üzrə mənfəət vergisinin 2016-cı il üzrə 346,85 manat (10.405,55/120x20x20%=346,85 manat), 2017-ci il üzrə 346.338,38 manat (10.390.151,49/120x20x20%=346.338,38 manat), 2018-ci il üzrə 23.899,06 manat (716.970,71/120x20x20%=23.899,06 manat), bununla da mənfəət vergisinin ümumilikdə 370.584,29 (11.117.528,75/120x20x20%=370.584,29) manat olduğu müəyyən edilmişdir. Nəticədə yoxlanılan dövr ərzində iddiaçı tərəfindən 6.784,42 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq, 363.799,87 mənfəət vergisinin azaldıldığı müəyyən olunmuş və azaldılmış məbləğə 181.726,51 manat maliyyə sanksiyası hesablanmışdır. Əlavə dəyər vergisi üzrə – iddiaçının yoxlanılan dövr üzrə əlavə dəyər vergi üzrə kənarlaşmaları müəyyən etmək üçün onun təqdim etydiyi elektron vergi hesab fakturalar ilə idxal etdiyi və aldığı mallar müqayisə edilmiş, malların çeşid fərqi müəyyən edilmiş və nəticədə qurumun 2018-ci ilin sonuna 9.241.231.16 manat məbləğində mal qalığının olduğu aşkar edilmişdir. Mal qalığının tərkibi barədə vergi ödəyicisindən sənədlər tələb olunmasına baxmayaraq, vergi ödəyicisi 31 iyul 2019-cu il tarixə iddiaçının hər hansı mal qalığının mövcud olmaması barədə izahat təqdim etmişdir. Bunları nəzərə alaraq vergi orqanı Vergi Məcəlləsinin 159.1ci maddəsinə əsasən 9.241.231,16 manat məbləğində mala ƏDV hesablamış və bu Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2019-cu ilin iyul ayına aid edilmişdir. Nəticədə yoxlanılan dövr üzrə əlavə dəyər vergisinin 1.594.793,55 manat olduğu müəyyən edilmişdir. Nəticədə yoxlanılan dövr ərzində iddiaçı tərəfindən 299.564,5 manat əlavə dəyər vergisinin hesablandığını nəzərə alaraq vergi ödəyicisi tərəfindən 1.295.229,05 manat əlavə dəyər vergisinin azaldılması müəyyən edilmiş, azaldılmış məbləğə 852.037,24 manat maliyyə sanksiyası hesablanmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə – vergi ödəyicisi yoxlanılan dövr üzrə fiziki şəxslərdən icarəyə götürdüyü obyektlərə görə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Lakin iddiaçı 2017-ci ilin İİİ və İV rübləri üzrə və 2018-ci ilin İİ və İV rübləri üzrə ÖMV bəyannamələrin vergi orqanına təqdim etməmişdir. Bundan başqa ÖMV üzrə 336 manat vergi azaldılmış, 1.265,55 manat vergi məbləği artıq hesablanmışdır. Azaldılmış vergi məbləğinə 168 manat maliyyə sanksiyası hesablanmışdır. Ümumiyyətlə, yoxlanılan dövr üzrə kənarlaşmalar əsas etibarilə, ƏDV və mənfəət vergisi üzrə müəyyən olunmuşdur. Mənfəət vergisi üzrə 6.784,42 manat hesablama nəzərə alınaraq 363.799,87 manat mənfəət vergisinin azaldıldığı, əlavə dəyər vergisi üzrə 299.564,5 manat hesablanmanı nəzərə alaraq, vergi ödəyicisi tərəfindən 1.295.229,05 (1.594.793,55 – 299.564,5) manat verginin azaldılması, ödəmə mənbəyində tutulan vergi üzrə 929,55 manat artıq hesablama müəyyən edilmişdir. Beləliklə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla şəxsi vərəqəyə işlənmiş məbləğ aşağıdakı kimi olmuşdur: mənfəət vergisi üzrə hesablama 363.799,87 manat, maliyyə sanksiyası 181.726,51 manat, əlavə dəyər vergisi üzrə hesablama 1.295.229,05 manat, maliyyə sanksiyası 837.088,88 manat, ödəmə mənbəyində tutulan vergi üzrə azalma 929,55 manat, maliyyə sanksiyası 168 manat, ödəmə mənbəyində tutulan vergi bəyannaməsi, MDSS və işsizlik sığortası üzrə rüblük hesabatları təqdim edilmədiyinə görə 240 manat maliyyə sanksiyası. Ümumilikdə şəxsi vərəqəyə 1.658 099,37 manat əsas məbləğ, 1.019 223,39 manat maiiyyə sanksiyası işlənmişdir. AR Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əşasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu mədəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi Ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Göstərilənlərə və İPM-in 12.1, 58.7-ci maddələrinə əsaslanaraq, iddianın “28 sentyabr 2020-ci il tarixli **********3140383 saylı qərarın ləğv edilməsi” hissəsində təmin edilməməsi, “ƏDV depozit hesabına məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi və həmin məhdudiyyətin götürülməsi” hissəsində mümkün sayılmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı tərəfin iştirakı olmdaan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları sırasına daxildir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə gprə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən İddiaçı MMCnin 1 yanvar 2016-cı il tarixdən 31 iyul 2019-cu il tarixədək olan dövr üzrə fəaliyyətinə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə iddiaçı ixtisaslaşdırılmış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanıhazırkı iddiaçı tərəfindən sənədlər tam təqdim edilmədiyindən, yoxlama vergi orqanlarında olan uçot baza məlumatları əsasında aparılmışdır. Yoxlama ilə iddiaçıya müvafiq dövrlər üzrə 363.799,87 manat mənfəət vergisi, 1.295.229,05 manat əlavə dəyər vergisi və 929,55 manat ödəmə mənbəyində tutulan vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Həmçinin ödəmə mənbəyində tutulan vergi bəyannaməsi, MDSS və işsizlik sığortası üzrə rüblük hesablatların təqdim edilməməsinə 240 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə azaldılmış vergi məbləğlərinə görə 1.019.223,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda həmin səyyar vergi yoxlamasının nəticələri üzrə cavabdehin 28 sentyabr 2020-ci il tarixli **********140383 nömrəli qərarının ləğv edilməsini və cavabdeh tərəfindən onun ƏDV depozit hesabında məhdudiyyət qoyulmasının qanunsuz sayılaraq və həmin məhdudiyyətin götürülməsini tələb edir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçı hazırda cavabdehin 28 sentyabr 2020-ci il tarixli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, qərar cavabdeh tərəfindən qəbul edildiyindən, eləcə də ikinci tələb üzrə iddiaçı mövcud olubolmamasından asılı olmamayaq cavabdehin hərəkətlərini mübahisələndirdiyindən, tələblərin bir iddiada birləşdirilməsini, istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisə predmeti olan 12 mart 2020-ci il tarixli inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqanın olduğu yer (Bakı şəhərinin Sabunçu rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. «İnzibati icraat haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. AR Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 56.1-ci maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəllənin 85.4-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəətinin AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı təsdiqlənmiş qaydada “şərti rentabellik norması” əsasında müəyyən edilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə də səyyar vergi oxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının səyyar vergi yoxlaması zamanı gəlir və xərcləriin müəyyən edilməsi mümkün olmadığından, cavabdeh inzibati orqan (vergi orqanı) Vergi Məcəlləsinin 67, 83.9cu maddələrini rəhbər tutaraq, AR Nazirlər Kabinetinin 55 saylı 1 mart 2001-ci il tarixli qərarı ilə təsdiqlənmiş qaydada onun yoxlama ilə əhatə olunan dövrlər üzrə mənfəətini müəyyənləşdirmiş və həmin mənfəətə Vergi Məcəlləsi ilə nəzərdə tutulan dərəcə ilə vergi məbləğləri hesablamış, habelə həmin vergi məbləğlərinə mütənasib, eləcə də müvafiq bəyannamə və hesabatların təqdim edilməməsinə görə maliyyə sanksiyaları tətbiq etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddiasının əsası kimi mübahisələndirilən inzibati aktın – 28 sentyabr 2020-ci il tarixli qərarın qəbulunda Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş vergilərin 3 il müddətində hesablanması tələbinin pozulması dəlilini gətirmişdir. Bu dəlilə münasibətdə məhkəmə vurğulayır ki, səyyar vergi yoxlamasının nəticələrinə dair və hazırda mübahisələndirilən 28 sentyabr 2020-ci il tarixli qərar qəbul olunan zaman qüvvədə olmuş qanunvericilik normaları həmin 3 illik müddəti səyyar vergi yoxlamasının nəticəsi üzrə qərarın qəbulu ilə deyil, onun keçirilməsi barədə qərarın qəbul edildiyi tarixlə şərtləndirir. Həmçinin verhi qanunvericiliyi müvafiq hesabatların da təqdim olunmadığı hallarda, vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sansiyasının tətbiqini nəzərdə tutur. Hazırkı işin hallarına görə iddiaçının ödəmə mənbəyində tutulan vergi bəyannaməsi, MDSS və işsizlik sığortası üzrə rüblük hesablatların vergi orqanına vaxtında təqdim edilməsi müəyyən olunmur. Məhkəmə tərəflərin dəlillərinə, iş üzrə təqdiq olunmuş sübutlara qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli **********140383 nömrəli qərarın qəbulunda qanunvericiliyin, o cümlədən Vergi Məcəlləsinin tələblərinin pozulması hallarının mövcud olmaması qənaətinə gəlir və hesab edir ki, həmin qərar qanuna zidd sayılmamalıdır. Odur ki, iddia “28 sentyabr 2020-ci il tarixli **********140383 nömrəli qərarın ləğv edilməsi” hissəsində əsassızdır. İddiaçının digər – “cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətinin qanunsuz sayılması və götürülməsi” tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı onun ƏDV depozit hesabına cavabdeh tərəfindən məhdudiyyət qoyulması ilə bağlı hər hansı sübutu məhkəmə icraatına təqdim edilmədiyindən, eləcə də cavabdehin özü də bu məhdudiyyətin qoyulmasını dolaayısı ilə təkzib etdiyindən, iddia bu hissədə də əsaslı qiymətləndirilə bilməz. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «cavabdehin qərarının ləğv edilməsi, cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabında məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi və həmin məhdudiyyətin götürülməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «cavabdehin qərarının ləğv edilməsi, cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabında məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi və həmin məhdudiyyətin götürülməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-902/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-902/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver