Məhkəmə qərarları › İş №2-1(112)-902/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-902/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-902/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X6 və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “yeni ünvanın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi-1, Çapayev küçəsində yerləşən 8A saylı evin 3 saylı mənzilin iddiaçıya aid bir otağına ünvan 3 ünvan verilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə tapşırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 4 ünvanında qeydiyyatdadır və 1996-cı ildən həmin ünvanda yaşayır. Həmin fərdi yaşayış evinin 10.40 kv.m olan bir otağını Sarapkina Fedosiya adlı şəxsdən 39 saylı notariat kontorunda 1996-cı ildə bağlanmış alqı-satqı müqaviləsi ilə almışdır. Həmin müqavilə əsasında ona Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evinin digər iki otağı X6 mülkiyyətindədir və onun adına da ayrıca qeydiyyat vəsiqəsi vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 27 noyabr 1997-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil X5 adına özəlləşdirilmiş, 07 oktyabr 1997-ci il tarixli vəsiyyətnamə ilə sahələri 10.40 və 14.04 kv m. olan 2 otaq X6, bir otaq isə vərəsəlik qaydasında həyat yoldaşı X2 mülkiyyətinə verilmişdir. Mətbəx, dəhliz hamam və tualet F.Sarapkinanın istifadəsində qalmışdır. F.Sarapkinanın mülkiyyətində qalmış bir otaq E.Məmmədova vəsiyyət edilmiş iki otaqdan təcrid edilmişdir və ayrıca giriş-çıxış qapısı var. İddia ərizəsinə əlavə edilmiş qeydiyyat vəsiqəsindən və əvvəllər keçirilmiş predusial məhkəmə qərarlarının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi-1, Çapayev küçəsində yerləşən 8A saylı evin 3 saylı mənzili X6 və İddiaçı Talib qızının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Göründüyü kimi onun yaşadığı fərdi yaşayış evinin digər mülkiyyətçisi X7 olsa da onların arasında faktiki olaraq bölgü aparılmış və hər birisinin ayrıca giriş-çıxışı vardır. Lakin buna baxmayaraq bir ünvan altında qeydiyyatdan keçmişdir. İddiaçı onun yaşadığı hissəyə ayrıca ünvan verilməsini istəyir. Bunun üçün o xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət edərək sözügedən fərdi yaşayış evinin ona aid hissəsinə ünvan 5 ünvanın verilməsini xahiş etmişdir. Lakin onun müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli, **********9 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, qeyd olunan mənzil sahələrinin mövcud yerləşmə vəziyyətini əks etdirən bölgü eskizi təqdim edildiyi təqdirdə yeni ünvan verilməsi məsələsinə baxılacaqdır. Bununla bağlı bildirmişdir ki, qeyd edilən mənzilin bölgü eskizini hazırlaya bilmir, çünki digər mülkiyyətçi X7 razılıq verməlidir, lakin o iddiaçıya qarşı müxtəlif vaxtlarda iddialar qaldıraraq əsassız iddialar verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7256/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7256/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Talib qızı müvafiq tələblə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzil sahələrinin mövcud yerləşmə vəziyyətini əks etdirən bölgü eskizi təqdim edildiyi təqdirdə yeni ünvan verilməsi məsələsinə baxılacağı barədə iddiaçıya 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********69 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi-1, Çapayev küçəsində yerləşən 8A saylı evin 3 saylı mənzili paylı mülk kimi İddiaçı Talib qızının (1 yaşayış otağı) və X6 (2 yaşayış otağı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.9-cu bəndinə əsasən Çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.12-ci bəndinə əsasən bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar istisna olmaqla) onun mülkiyyətçisinin və ya sifarişçisinin müraciəti əsasında, həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə uyğun olaraq vahid ünvan verilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi-1, Çapayev küçəsində yerləşən 8A saylı evin 3 saylı mənzilinə yeni ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və üçüncü şəxsin vəkili iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 072928 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Çapayev küçəsindəki 8A nömrəli yaşayış evinin 3 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 230 saylı reyestr kitabında 33824 səhifədə 30 N 5753 nömrəsi ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Çapayev küçəsi, 8A nömrəli yaşayış evinin 3 nömrəli mənzili X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 230 saylı reyestr kitabında 33824 səhifədə 30 N 17359 nömrəsi ilə xx.xx.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu rayon xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdeh X1rşı mətbəx, hamam, telefon və digər sanitar xidmətlərdən istifadə qaydasının müəyyən edilməsi haqqında iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1996-cı il tarixli qərardadı ilə protest təmin edilmiş, iş üzrə Bakı şəhər məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.1996-cı il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.1996-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1996-cı il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil X5 adına özəlləşdirilmiş 07 oktyabr 1994-cü il tarixli vəsiyyətnamə ilə sahələri 10.40 kv.m və 14.04 kv.m olan bir otaq isə vərəsəlik qaydasında həyat yoldaşı X2 mülkiyyətinə verilmişdir. Mətbəx, dəhliz, hamam, tualet F.Sarapkinanın istifadəsində qalmışdır. V.Sarapkin 24 noyabr 1994-cü ildə vəfat etdikdən sonra iddiaçı giriş-çıxış qapısı ayrı olmaqla ona vəsiyyət edilən iki otaqdan istifadə etməyə başlamışdır. İddiaçıya vəsiyyət edilən iki otaq cavabdehin mülkiyyətində olan hissədən təcrid olunmuşdur və ayrıca giriş-çıxış qapısı var. Sarapkin Fedesiyanın mülkiyyətində olan bir otağın cavabdeh İddiaçı satılmasına dair tərəflər arasında 19 dekabr 1996-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqavilə 39 saylı notariat kontorunda təsdiq edilmişdir və həmin müddətdən mübahisələndirilən hissələrdən cavabdeh istifadə edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2-570 nömrəli qətnaməsi ilə iddiaçı X6 cavabdeh İddiaçı qarşı yardımçı sahələrdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Zabrat-1 qəsəbəsi, Çapayev küçəsində yerləşən 8 «a» saylı evin 3 saylı mənzilinin yardımçı sahələrindən və həyətyanı sahəsindən istifadə qaydası müəyyən edilərək, yardımçı sahələr və həyətyanı torpaq sahəsi X7 ilə İddiaçı ümumi birgə istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 1MK- 5539/2006 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 02 iyun 2006-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 02 iyun 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X6 cavabdeh İddiaçı Talib qızına qarşı yardımçı sahələrdən istifadə qaydasının müəyyən edilməsinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 6K-485 nömrəli qərarı ilə iddiaçı X6 Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 08 sentyabr 2006-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nm iş üzrə 08 sentyabr 2006-cı il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli 6K-485 nömrəli qərarında qeyd edilmişdir ki, “evin yardımçı sahələri İddiaçı istifadəsinə qanuni əsaslarla keçmiş və artıq 10 ildən artıq bir müddətdir ki, həmin sahələrdən cavabdeh İddiaçı istifadə edir. Bu vəziyyət hər iki tərəfin mülkiyyət hüququnu təsdiq edən sənədlərdə, texniki pasport və sxem göstəricilərində öz əksini tapır”. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-687/2022 nömrəli qətnaməsi ilə X6 İddiaçı qarşı Bakı şəhəri, Zabrat qəsəbəsi-1, Çapayev küçəsində yerləşən 8A saylı evin 3 saylı mənzilində yardımçı sahələrdən - sahəsi 8,10 kv metr olan mətbəxdən, sahəsi 5,44 kv.metr olan dəhlizdən, sahəsi 6,88 kv.metr olan hamamdan və sahəsi 1,07 kv metr olan hamamdan istifadə etməyinə yaranan maneəni aradan qaldırılması, istifadəsində olan 14,04 kv metr yaşayış sahəsi ilə 5,44 kv metr olan dəhlizin arasında hasarın və ona məxsus 7,20 kv metr eyvanın qarşısında tikilmiş hasarın cavabdehin hesabına sökülməsi barədə qarşılıqlı iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6860/2022 nömrəli qətnaməsi ilə iddiaçı X6 Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş BŞİH MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 73 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli, 338 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Zabrat qəsəbəsi, Çapayev küçəsində yerləşən 8A saylı evin 3 saylı mənzilində qeydiyyatdadır və yaşayır. Bu ünvanda iki mənzil var. Hər iki mənzilin texniki pasporta əsasən girişləri ayrı-ayrıdır. Ona görə də İddiaçı yaşadığı bir otaqlı mənzilə 3A saylı ünvanın verilməsinə etiraz etmirik. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********60 nömrəli məktubda bildirilmişdir ki, qeyd olunan mənzil sahələrinin mövcud yerləşmə vəziyyətini əks etdirən bölgü eskizi təqdim edildiyi təqdirdə yeni ünvan verilməsi məsələsinə aidiyyət üzrə baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Çapayev küçəsindəki 8A nömrəli yaşayış evinin 3 nömrəli mənzilinə dair iddiaçı və üçüncü şəxsin adına mülkiyyət hüququ qeydiyyata alınmış, hər birinə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən qeydiyyat vəsiqələri verilmişdir. Hazırkı iddia üzrə İddiaçı istifadəsində, eləcə də mülkiyyətində olan sahəyə dair üçüncü şəxslə eyni olmayan yeni ünvan verilməsini mübahisələndirir. Cavabdehin imtinasının, eləcə də etirazının əsasları ondan ibarətdir ki, sözügedən mənzil iddiaçı və üçüncü şəxsin paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır, mənzilin yerləşmə vəziyyətini əsk etdirən bölgü sxem təqdim edilməmişdir, bir neçə girişi olan daşınmaz əmlak obyektinə əsas girişə uyğun olaraq vahid ünvan verilir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun: -1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. -3.2-ci bəndinə görə Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. -3.3-cü bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Çapayev küçəsindəki 8A nömrəli yaşayış evinin 3 nömrəli mənzilin (həyət tipli) 10.4 kv.m olan bir otağı Sarapkina Fedosiya ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış, sonuncunun adına 1 otağa dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda həmin Bakı şəhəri Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Çapayev küçəsindəki 8A nömrəli yaşayış evinin 3 nömrəli mənzilinin 10.40 və 14.04 kv m. olan 2 otağı vəsiyyətnamə əsasında X6 mülkiyyətinə keçmiş və sonuncunun adına dövlət reyestrində qeydiyyata aparılmışdır. Cavabdeh iddiaçı ilə üçüncü şəxsin paylı mülkiyyətçi olduqlarını qeyd etsə də təqdim edilmiş hər iki tərəfə aid Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqələrində Bakı şəhəri Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Çapayev küçəsindəki 8A nömrəli yaşayış evinin 3 nömrəli mənzilə xüsusi mülkiyyət hüququnun eyni-230 saylı reyestr kitabında 33824 səhifədə lakin fərqli nömrə altında qeydiyyata alındığı müəyyən olunur. Belə ki, İddiaçı xüsusi mülkiyyət hüququ 5753 nömrəsi ilə, X6 xüsusi mülkiyyət hüququ isə 17359 nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin təqdim edilmiş qeydiyyat vəsiqələrinin heç birində digər mülkiyyətçinin adı və ya payı göstərilməmişdir. Belə olan halda nə qədər ki, vahid dam aktında olsa da əmlakın özü mülkiyyətçilərin adına müxtəlif qeydiyyat nömrələri ilə qeydiyyata alınmışdır, bu halda hesab olunur ki, sözügedən ev paylı mülkiyyət kimi qeydiyyata alınmamışdır, qeydiyyatı aparan qurum şəxsi mülkiyyət hüququ ilə qeydiyyata aldığı zaman həmin əmlaklara onların fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi də verməli və fərqli ünvanlar üzrə qeydiyyat aparmalı idi. Cavabdehin mənzilin yerləşmə vəziyyətini əks etdirən bölgü sxem təqdim edilməməsi, eləcə də bir neçə girişi olan daşınmaz əmlak obyektinə əsas girişə uyğun olaraq vahid ünvan verilməsinə dair dəlil də hazırkı iddianın təmin edilməsinə mane olmur. Belə ki, iş üzrə təqdim edilmiş məhkəmə qətnamələrindən görünür ki, tərəflər arasında mənzilin yardımçı sahələri və həyətyanı sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatında məhkəmə mübahisələri olmuş, qanuni qüvvəsini almış qətnamələrlə müəyyən edilmişdir ki, xüsusi mülkiyyətində olan 1 otaqdan əlavə evin yardımçı sahələri İddiaçı istifadəsinə qanuni əsaslarla keçmiş və hazırda da həmin sahələrdən iddiaçı istifadə edir. Nəticə etibarı ilə üçüncü şəxs E.Məmmədovun yardımçı sahələrdən istifadə ilə bağlı məhkəmədə qaldırdığı mülki iddiaları təmin edilməmişdir. Belə olan halda sözügedən fərdi yaşayış evinin bölgü sxeminin tərtib edilməsi ilə bağlı tələb hazırkı məhkəmə icraatında olan yeni ünvan verilməsi ilə bağlı mübahisənin həllində öz aktuallığını və əhəmiyyətini itirmişdir. Bundan başqa qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -3.9-cu bəndinə görə çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. -3.12-ci bəndinə görə bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar istisna olmaqla) onun mülkiyyətçisinin və ya sifarişçisinin müraciəti əsasında, həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə uyğun olaraq vahid ünvan verilir. Məhkəmə qeyd edir ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrindən, tərəflərin izahatlarından, yaşayış sahəsinin fotoşəkillərindən də görünür ki, iddiaçı və üçüncü şəxsin ünvanları eyni olsa da hər ikisinin mülkiyyətində olan yaşayış evinə və onların həyətyanı sahələrinə ayrı-ayrılıqda iki giriş-çıxış yolu var. İddiaçıya aid olan yaşayış evinin giriş və çıxış yolu qonşuluqda yerləşən sahə və evlərlə, o cümlədən üçüncü şəxs E.Məmmədova məxsus yaşayış sahəsinə giriş yolu ilə əlaqəli deyildir, onlardan təcrid olunmuşdur və həmin yoldan istifadə olunması üçüncü şəxsin evinə giriş və çıxışa, onun öz mülkiyyətində olan yaşayış sahəsindən istifadəsinə mane yaratmır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli ünvanda yerləşən tərəflərə məxsus həyət tipli mənzilə (yaşayış evinə) “bir neçə girişi olan vahid daşınmaz əmlak” olaraq yanaşılmamalı və iddiaçıya aid yaşayış sahəsini digərindən fərqləndirən fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət yeni ünvan nömrəsi verilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi-1, Çapayev küçəsində yerləşən 8A saylı evin 3 saylı mənzilinə yeni ünvan verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi-1, Çapayev küçəsində yerləşən 8A saylı evin 3 saylı mənzilinə yeni ünvan verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar